"Gəncə hadisələri bizi Qarabağdan və xarici siyasətdən yayındırmağa hesablanmışdı". "Gəncə hadisələri bizi Qarabağdan və xarici siyasətdən yayındırmağa hesablanmışdı".

"Gəncə hadisələri bizi Qarabağdan yayındırmağa hesablanmışdı" - Yunus oğuz

"Gəncə hadisələri bizi Qarabağdan və xarici siyasətdən yayındırmağa hesablanmışdı".

AzNews.az xəbər verir ki, bunu Trend-ə yazıçı-publisist Yunus Oğuz deyib.

Y.Oğuz bildirib ki, Gəncə hadisələri ölkədə xaos yaratmaq, terror həyata keçirmək cəhdi ilə bizi Qarabağdan, eyni zamanda beynəlxalq aləmdəki gücümüzdən yayındırmağa hesablanmışdı:

“Çünki bu gün Qarabağ məsələsində Azərbaycan dövləti kifayət qədər aktivləşib, paralel olaraq beynəlxalq aləmdə nüfuzu artıb. Gəncə hadisələri baş verən müddətə qədər cərəyan edən proseslərə diqqət edək. Belə ki, “Cənub Qaz Dəhlizi” və TANAP-ın açılışı oldu. Bir müddət əvvəl isə Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmalı idi və məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı həmin sənəd də imzalandı. Yəni bütün bunların fonunda daxildə terrora, xaos yaratmağa cəhdlər fikrimizi Qarabağdan yayındırmaq, ölkəmizin inkişafını ləngitmək məqsədi daşıyırdı. Sevindirici haldır ki, buna nail ola bilmədilər. Bildiyiniz kimi, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı keçirilən möhtəşəm paraddan sonra sərhəd bölgəsində 20 min nəfərlik şəxsi heyətin iştirakı ilə hərbi təlimlər başladı. Buna qədər isə Naxçıvan Muxtar Respublikasında qazandığımız Günnüt zəfəri oldu və gördülər ki, Azərbaycan Qarabağ məsələsində kifayət qədər aktivdir. Ona görə də daxildə terrorizm məsələsini qabartmaq, ona cəhd göstərməklə həm Azərbaycanın Qarabağ məsələsində atdığı addımlara, nümayiş etdirdiyi aktivliyə mane olmağa, həm də xarici siyasət sahəsinə bir qədər az diqqət ayrılmasına çalışdılar”.

Onun sözlərinə görə, həm də belə bir fikir formalaşdırmağa çalışırdılar ki, Azərbaycan sabit, stabil ölkə deyil, burada istənilən vaxt terror aktı həyata keçirilə bilər:

“Göründüyü kimi, bunu da bacarmadılar. Haradasa nəsə etmək istəsələr də, dərhal onun qarşısı alındı. Məsələn, Gəncə hadisələrindən sonra sosial şəbəkələrdə Sumqayıtda xaos, anarxiya yaratmağa yönəlik çağırışlar edildi və onlarla şəxs bu işdə şübhəli bilinərək istintaqa cəlb edildi. Bütün bunları nəzərə alaraq onu deyə bilərik ki, Azərbaycan bu məsələdən kifayət qədər uduşlu çıxdı. Ona görə uduşlu çıxdı ki, bir daha xalq dövlətinin yanında olduğunu sübuta yetirdi. Yəni xalq istəyir ki, dövlətimiz sabit, stabil şəraitdə inkişaf etsin. Son Gəncə hadisələri zamanı biz bunun əyani şahidi olduq ki, xalq öz sözünü deyərək dövlətinin, Prezidentinin yanında oldu. Bu, çox vacib bir məsələdir”.

Y.Oğuz əlavə edib ki, baş verən hadisələr fonunda ölkəmizdə xaos, anarxiya yaradılmasını istəyən, onun təbliğatını aparan bir sıra saytlar, elektron informasiya vasitələrinin adları da cəmiyyətə məlum oldu:

“Düzdür, həmin saytlar sabah öz adlarını dəyişib başqa bir ad altında da fəaliyyət göstərə və yenidən Azərbaycana qarşı kampaniya apara bilərlər. Ancaq əsas məsələ ondan ibarətdir ki, baş verən hadisələr fonunda dövlətimiz qarşıdakı təhlükələri gördü, dövlət gözlənilən təhlükə və təhdidlərin qarşısını aldı. Artıq düşmən də başa düşdü ki, Azərbaycanda bu kimi məkrli planların reallaşması mümkün deyil. Eyni zamanda iyulun 3-dən 10-dək hay-həşir salan, insanlar arasında təxribat yaradan saytlar da artıq susublar. Bu susqunluq da o deməkdir ki, artıq məğlub oldular. Susqunluqla məğlubiyyətlərini etiraf etdilər ki, Azərbaycan “banan ölkəsi” deyil. Yaxud 5 nəfərlə durub hakimiyyəti devirmək, ölkədə xaos, anarxiya yaratmaq mümkün deyil. Artıq Azərbaycan oturuşmuş dövlət psixologiyasına malikdir”.

Yazıçı-publisistin fikrincə, Gəncə hadisələrinin Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri ərəfəsinə təsadüf etməsi onu deməyə əsas verir ki, Gəncə hadisələrinin bir hədəfi də ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmaq idi:

“Bu, birmənalı şəkildə belədir. Təsəvvür edin, artıq borulara qaz yığılır. Paralel olaraq Beynəlxalq Valyuta Fondu TAP-ın çəkilişi üçün əlavə 500 milyon dollar ayırdığını elan edir. Yəni Azərbaycan stabil tərəfdaşdır və bura investisiya qoymaq olar. Lakin ölkədə qarışıqlıq yaratmaqla istəyirdilər ki, istər Beynəlxalq Valyuta Fondu, istərsə də digər bu kimi maliyyə qurumları Azərbaycana investisiya yatırmaq barədə düşünməsinlər. Bir başqa məqama diqqət çəkək. Yəni hər kəs bilirdi ki, iyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək və həmin tarixdə də məlum hadisələr törədildi. Yəni bütün bunlar təsadüfi deyildi, uzun müddət üzərində işlənilmilş bir plan idi. Qeyd etdiyim kimi əsas məqsəd də diqqəti daxilə yönəltməklə Azərbaycanı beynəlxalq aləmdən və Qarabağ məsələsində aktiv rol oynamasından təcrid etmək idi".