Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri bu iki ölkə arasındakı münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri bu iki ölkə arasındakı münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Prezident İlham Əliyevin Paris səfərinin çox böyük əhəmiyyəti var - Deputat

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri bu iki ölkə arasındakı münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bunu Trend-ə millət vəkili Rauf Əliyev deyib.

Millət vəkili qeyd edib ki, iki ölkə arasında əlaqələr 1992-ci ilin fevralında Fransanın Azərbaycanda səfirliyinin, 20 noyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyinin fəaliyyəti ilə başlayıb: "Ötən dövr ərzində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr qurulub, ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edib".

ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Avropanın, eləcə də dünyanın nüfuzlu dövlətlərindən biri kimi Fransa ilə əlaqələrin bu səviyyəyə çatmasının Azərbaycan üçün çox əhəmiyyətli olduğunu vurğulayan millət vəkili bildirib:

"Hazırda dünyada baş verən prosesləri, Fransanın Ermənistana müəyyən təsir vasitələrinə malik olduğunu nəzərə alsaq, Prezidentin bu səfərinin çox böyük əhəmiyyəti var. İki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun, bilavasitə Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Azərbaycanla Fransanın 15 şəhəri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanması ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə şərait yaradır".

R.Əliyev əlavə edib ki, rəsmi səfər çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər ölkələr arasında siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin inkişafı, bu sahələrdə gələcək layihələrin reallaşması baxımından əhəmiyyətli hesab olunur: "Dövlət başçısının Fransaya hazırkı səfəri iki ölkə və xalqlarımız arasında əməkdaşlığın və dostluq münasibətlərinin daha yüksək mərhələyə qalxmasına şərait yaradacaq, bu münasibətlər daha da inkişaf edəcək, çünki bu, hər iki dövlətin və xalqların mənafeyinə uyğundur".

Millət vəkili qeyd edib ki, Prezidentin səfəri zamanı imzalanmış mühüm sənədlər Azərbaycan iqtisadiyyatının güclənməsinə də öz töhfəsini verəcək.

AzNews.az