İtaliya prezidentinin Azərbaycana səfəri, Azərbaycan prezidentinin Fransaya səfəri və avqust ayında Almaniya kansleri A.Merkelin Bakıya gələcəyi haqda... İtaliya prezidentinin Azərbaycana səfəri, Azərbaycan prezidentinin Fransaya səfəri və avqust ayında Almaniya kansleri A.Merkelin Bakıya gələcəyi haqda...

Bizim avropalaşmaq şansımız

İtaliya prezidentinin Azərbaycana səfəri, Azərbaycan prezidentinin Fransaya səfəri və avqust ayında Almaniya kansleri A.Merkelin Bakıya gələcəyi haqda...

Düşünürük ki, tək bunlar Avropa ilə əlaqələrin Azərbaycanın xarici siyasətində hansı bir çəkiyə malik olduğu haqda təsəvvür əldə etməkçün kifayət qədər yetərlidir.

Başqa cür ola da bilməz, Avropa ölkələri, AB getdikcə dünyanın siyasi ritmində daha çox rol oynamağa başlayır.

Həm də bu, sırf xarici siyasət və ya diplomatiya məsələsi deyildir, Avropa dünya çapında xüsusi dəyərləri ilə seçilən bir sosio-kulturoloji məkan rolunu oynayır.

Avropa ölkəsi olmaq təkcə coğrafi və yaxud siyasi məzmun ehtiva etmir, bunun həm də aksioloji mənası var – Qoca Dünya ilə yaxınlaşmaq müəyyən siyasi, iqtisadi və kültürəl dəyərləri bölüşmək deməkdir.

Əlbəttə, perspektivdə görüləsi işlər çoxdur. Məsələn, bizi heç vaxt qane edə bilməz ki, Şərqi Avropa ölkələri statusu almış dövlətlərdən AB ilə Şərq Tərəfdaşlığı Proqarmı çərçivəsində saziş imzalamayan iki postsovet ölkəsi qalıbdır: Azərbaycan və Belarus.

Amma düşünürük ki, tezliklə vəziyyət dəyişəcək, çünki artıq Azərbaycan prezidenti səviyyəsində bildirilir ki, məsələ yaxın vaxtlarda həllini tapacaqdır. Etiraf edirik ki, qonşu Gürcüstanla Avropa Birliyi arasında vizasız rejim olduğu halda, Azərbaycan vətəndaşları üçün belə imkanın təmin edilməməsilə razılaşmaq çətindir.

Həm də nəzərdə saxlamaq lazımdır ki, hətta Ermənistan da AB ilə saziş imzalamış ölkələr sırasında yer alıbdır. Düzdür, sazişin məzmunu və perspektivi xeyli suallar doğurur, çünki İrəvan Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qalır, bunlar isə onun AB ilə əməkdaşlığı üçün çox ciddi problemlər yaradır.

Fəqət, bir daha deyirik ki, Avropa ilə inteqrasiya məsələlərində heç bir halda İrəvandan geri qalmaq olmaz.

Buna həm də ciddi bir təhlükəsizlik məsələsi kimi baxmaq lazımdır: ikitərəfli və çoxtərəfli əlaqələr Azərbaycanın müstəqilliyi və suverenliyi baxımından önəmlidir, çünki bu tellər ölkəni mühüm ünvanlara bağlayır və onun müstəqillik tutumunu artırır.

Burada söhbət yalnız AB-dən getmir. Məsələn, Azərbaycan hələ də Dünya Ticarət Təşkilatının üzvü deyil, halbuki Gürcüstan və Ermənistan çoxdan bu təşkilatən üzvüdür. Post-sovet məkanı ölkələrindən indiyədək yalnız Belarus, Özbəkistan və Türkmənistan təşkilatdan kənarda qalıbdı.

Belarusun təşkilatla çoxdan danışıqlar apardığı deyilir. Özbəkistan prezidenti Ş.Mirziyoyev də bu xüsusda müvafiq səylərə start veribdir. O ki qaldı Azərbaycana, artıq ikinci on illikdir təşkilatla danışıqların aparıldığı bildirilir, amma problemin nədə olduğu, onun həllinin niyə bu qədər yubandığı ilə bağlı izahat verilmir, bunu əsaslandıran arqumentlər səslənmir. Amma düşünürük, Azərbaycan prezidenti gec-tez bu məsələni də nəzarətə götürəcək və problem həllini tapacaq.

Doğrusu, bir ara düşünürdük ki, bəlkə məsələ Ermənistanın blokadası ilə bağlıdır, axı DTT–yə üzvlüyün əsas prinsiplərindən biri də ticari əlaqələrin liberallaşmasıdır. Amma qardaş Türkiyə çoxdan təşkilatın üzvüdür və DTT-na üzvülük onun üçün hər hansı problem yaratmayıbsa, deməli bizim də ehtiyatlanmağımıza əsas yoxdur.

Burada daha bir detalı qeyd etmək istərdik. Məsələn, Avropa ilə münasibətləri götürsək, qeyd etmək gərəkir ki, hələ ki, Avropa ölkələrinin Azərbaycanla bağlı problemi yoxdur, əksinə, hamı Bakı ilə əməkdaşlığa can atır. Məsələn, elə sonuncu Fransa səfəri zamanı imzalanmış iqtisadi müqavilələrin həcmi iki milyard dollardan da çox oldu.

Bunu Ermənistan yalnız arzulaya bilər. Bu yaxınlarda N.Paşinyan Avropadan çox məyus qayıtdı və bildirdi ki, Avropa Sarkisyan Ermənistanı ilə “məxməri inqilab” etmiş Ermənistan arasında bir fərq qoymur; sanki Avropa bunlara “inqilab” etdiklərinə görə də hədiyyə verməli imiş!..

Bizə gəldikdə, problem yoxdur, bayaq dediyimiz kimi, hamı Bakı ilə əməkdaşlıqda maraqlıdır. Hətta qardaş Türkiyəyə bu cür münasibət yoxdur və onun Avropa ilə bir ölkə, dövlət olaraq problemi var və səbəbi də budur ki, Avropa Türkiyəyə aşkar qısqanclıqla yanaşır.

Azərbaycanın isə belə problemi yoxdur. Niyə biz bu fürsətdən istifadə edərək Avropada möhkəmlənməyək? Axı vaxtilə Türkiyənin də Avropa ilə bağlı böyük şansları olmuşdu, avro-inteqrasiya yenicə start götürən zaman Ankaraya da prosesə tam hüquqlu bir üzv kimi qatılmaq təklif olunmuşdu, amma o vaxtki Türkiyə hökuməti bu şansı qaçırmışdı. Gəlin, biz də şansımızı qaçırmayaq, nə qədər ki, Avropa fikrini dəyişməyib, bu prosesdən yararlanaq.

Biz çox mürəkkəb bir geosiyasi arealda yerləşirik: bir tərəfdən Rusiya, digər tərəfdən də İran. Bu geosiyasi məngənədə sıxılmamaq üçün digər ölkələrlə, beynəlxalq qurumlarla əməkdaşlığımızı genişləndirməliyik...

Xüsusən də bu il regionda çox gərgin durum olacaq. Söhbət ABŞ-İran qarışıdurmasından gedir.

İran rəhbərləri deyirlər ki, ölkələrinin ixrac etdiyi neftə əngəl yaradılarsa, regionun digər ölkələri də neft ixrac edə bilməyəcəklər.

Əlbəttə ki, burada söhbət Hörmüz boğazından ixrac olunan neftdən gedir. Amma kim zəmanət verə bilər ki, bu, regionun digər ölkələrinə də işarə deyil? Bu səbəbdən də mütərəqqi dünya, o cümlədən də Avropa ilə əməkdaşlığın bizim üçün müstəsna əhəmiyyəti var...

Hüseynbala Səlimov
AzNews.az