09:02
(077) 610-22-33

İranda Azərbaycan dənizini kimlər “dalğalandırır?”

  • >
183 3 Avqust 15:57 | Siyasət

Dünya ABŞ-İran qarşıdurmasını müzakirə etdiyi bir vaxtda cənubdan Azərbaycana doğru yenə “soyuq küləklər” əsməyə başladı.

İran-Azərbaycan münasibətlərində zaman-zaman baş verən gərginlik fonunda bu gün rəsmi Tehranın Bakı ilə isti münasibətlərə önəm verməsinə rəğmən cənub qonşumuzda kimlərinsə göstərişi ilə ölkəmizə qarşı hücumu yenidən aktuallaşdırıblar. Hərçənd, geosiyasi proseslər, xüsusilə Tramp Administrasiyasının təhlükəli İran planları Azərbaycana münasibətində rəsmi Tehranın önünə biri xəstə, digəri sağlam olmaqla iki seçim qoyur:

- Tehranda Azərbaycanın anti-İran cəbhəsində yer almaq qorxusu: Rəsmi Bakı Tehrandakı müəyyən qüvvələrin iddialarına və qorxularına rəğmən indiyə qədər İrana qarşı heç bir cəbhədə yer almayıb, əksinə, daim bərabərhüquqlu tərəfdaşlığa və mehriban qonşuluq siyasətinə söykənən yanaşma sərgiləyib. Bu yanaşma bu gün də belədir. Birincisi, Azərbaycan xarici siyasətini müstəqil və milli maraqlarına uyğun şəkildə həyata keçirir və bu mövqe İranla sırf mehriban qonşuluq münasibətlərini əsas tutur. İkincisi, siyasi maraqlar, eləcə də Bakı-Tehran xəttində siyasi münasibətlər və hər iki ölkənin “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi nəhəng regional layihələrdə birgə işləməsi Azərbaycanın İrana baxışlarının rəngini bəlli edir. Hətta Azərbaycan İranın işğalçı Ermənistana dəstəyinə rəğmən də qonşuluq siyasətindən vaz keçməyib.

- Azərbaycan etibarlı və mehriban qonşudur: İranın geosiyasi proseslərdə üzləşdiyi maneələr və bu gün dünyanın super gücünün hədəfində olması onun ətraf coğrafiyadakı ölkələrlə, xüsusilə qonşu dövlətlərlə daha sıx yaxınlaşmasını vacib edir. Bununla yanaşı, siyasi təcrübə İranın qonşu ölkələrlə məsafəli və şübhəli münasibət saxlamasının öz maraqlarına zərbə vurduğunu sübut edib.

Bu gün Həsən Ruhani hökumətinin Azərbaycanla münasibəti Tehranın ağıllı seçimə üstünlük verdiyini göstərir. Lakin Tehranda dərc olunan “Qanun” qəzetinin “Xəzərdə ekstremal dalğalar” sərlövhəli məqaləsi, irəli sürülən absurd iddialar və Azərbaycan dövlətinin tarixinə dil uzatması “soyuq küləkləri” cənubdan bizə doğru hansı sirli əllərin əsdirdiyi haqda düşündürücü suallar yaradır.

Son iki həftədə Xəzərin hüquqi statusu məsələsinə toxunan “Qanun” “Rusiyanın Kaspinlə (Xəzər) bağlı qarabasması” sərlövhəli ilk məqaləsində Moskvanı hədəfə alaraq, milli suların “düzgün” bölüşdürülmədiyini iddia edir və yazır: “Ruslar tarixən sübuta yetiriblər ki, İran üçün etibarlı qonşu deyillər. Çar Rusiyası 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçayda imzalanan dəhşətli müqavilələrlə, Qafqazın 17 şəhəri ilə birlikdə Xəzər dənizinin qərb sahilini işğal etdikdən sonra, 1881-ci il müqaviləsi ilə, Böyük Xorasanın Vərarud çayı və Xəzər dənizinin şərq sahilini ilhaq edib”.

Rusiyanı hədəfə alan bu iddiada əslində Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatçı yanaşma aydın görünür. Söhbət vaxtilə Azərbaycana qarşı təxribatçı fəaliyyəti ilə seçilən “Səhər” telekanalının əməkdaşı və İran XİN-in məsul işçisi Əsğər Fərdinin kinoya çevirdiyi “17 Qafqaz şəhəri”ndən gedir. İranın Ə. Fərdi kimi şovinistləri iddia edirlər ki, XIX əsrdə Rusiya-İran müharibəsi zamanı “17 Qafqaz şəhəri” – Bakı, Gəncə, Şamaxı, İrəvan, Naxçıvan... və s. – işğal edilib. Məlumdur ki, “Qanun” qəzeti kimi nəşrlərdə fəaliyyət göstərən xəstə düşüncəli şovinistlər Azərbaycanı ikiyə bölən və işğalı ilə nəticələnən Gülüstan və Türkmənçay müqavilələrini “İranın bölünməsi” kimi qəbul edir. Ən dəhşətlisi isə odur ki, bu gün Azərbaycanın cənubda qalan torpaqlarına iddiasını bir kənara qoyaraq, İranla suveren ölkə kimi münasibət saxlamaq istəyinin əksinə, cənub qonşumuzda ölkəmizin suverenliyinə qarşı iddialar və çirkin niyyətlər səngimir. Və heç də təəccüblü deyil ki, bu kəsimin öndə gedənlərindən olan Əsğər Fərdi bu gün feysbuk sosial şəbəkəsində “Bermeki Müttəqi”, “Baba Pünhan” və digər adlar altında Azərbaycanda etnik separatizm toxumları səpməyə cəhd edir. Və bu xəstə düşüncəli kəslərin İrandan Azərbaycana qarşı nifrət püskürməsi Bakı-Tehran xəttində mehriban münasibətlərin mövcudluğu fonunda baş verir. Sual yaranır: rəsmi Tehran İranın maraqlarına zərbə vuran bu iddiaların önünə niyə keçmir?

“Qanun” qəzetinin “məlun” məqaləsində Rusiyanın hədəfə alınması da təsadüfi deyil. İranda qeyri-farsları yox etmək kimi xəstə düşüncəni ifraz edən bu nəşrin Rusiyaya düşmənçiliyi ilk növbədə XIX əsrdə rusların “İran torpaqlarını işğal etməsi” iddiasından qaynaqlanır. Qəzet beynəlxalq hüquq üzrə ekspert Abbas Kuçnejada müraciət edir və “İranın Xəzərdə 50 faizlik hüququ” iddiasını ekspertin dilindən şərh edir: “İranın Xəzər dənizinə olan hüququnun itirilməsinin ən vacib səbəbi Aran və ya Azərbaycan daxil olmaqla, geniş ərazilərin itirilməsi olub. 1921-ci il müqaviləsinə əsasən, İranın Xəzər dənizindəki payı 50 faiz təşkil edir, çünki bu dəniz İran və Sovet İttifaqı arasında bölüşdürülüb. Digərlərinin fikrincə, həmin müqaviləni tənzimləyən şərtlər artıq mövcud deyil... İran 1921-ci il müqaviləsinə istinadla, tarix boyu öz hüquqlarını müdafiə etməyib. Digər tərəfdən, əgər İran öz bivec rəhbərləri ilə Aran (Azərbaycan) kimi mühüm hissəsini itirməsəydi, indi, şəksiz, biz mütləq hüququmuzdan istifadə edəcəkdik; son nəticədə, güclü diplomatiyamız və digər ölkələrlə müsbət və geniş əlaqələrimiz mövcud olacaqdı. Biz 20 faizlik payımızı itirə bilmərik. İran hökmdarları tarix boyu bu cür məsələlərə az diqqət yetiriblər, ümid edirik ki, bu gün Rusiyanın son layihəsi ilə yaranmış olan bəhanə ilə İranın Xəzər dənizinə olan hüququ ön plana çıxıb və hökumət İran xalqının tarixi hüququnu sonadək müdafiə edəcək”.

İranda ermənilər də daxil olmaqla şovinist kəsimin tribunası olan “Qanun” 1921-ci il və 1940-cı il müqavilələrinə istinad edərək Azərbaycanın milli sularına göz dikir. Həmin müqavilələr SSRİ ilə İran arasında bağlanıb. SSRİ artıq yoxdur və mövcud olmayan “dövlətlə” bağlanmış müqavilənin şərtlərini əsas götürmək kimi xəstə xülyalara qapılmaq özünü gülünc vəziyyətinə qoymaq deməkdir.

“Qanun” isə özünü gülünc vəziyyətə qoymaqdan çəkinmir və Xəzərin adını öz xəstə təxəyyülü ilə “Kaspin”, “Hirkan dənizi”, “Mazandaran gölü” adlandırır. Əslində qəzetin Rusiyaya nifrətinin arxasında Xəzərin öz tarixi adı ilə qəbul edilməsi faktoru da dayanır. Çünki Azərbaycan və Rusiyanın səyi ilə İranın Xəzərin adını farslaşdırmaq niyyətləri baş tutmayıb. Vaxtilə Azərbaycan Prezidenti Heydər Əliyev Bakıya gələn İran rəsmilərini məhz Xəzəri “Mazandaran” adlandırdıqları üçün qəbul etməmişdi. Bu gün Prezident İlham Əliyev də eyni qətiyyəti nümayiş etdirərək, Xəzərin tarixi kimliyini qoruyur. Xəzərin beynəlxalq hüquqda da bu adla qəbul edilməsi Azərbaycan dövlətinin böyük uğurudur. Görünür, İranda Xəzəri farslaşdırmaq niyyəti güdənlər Azərbaycanın bu uğurundan qıcıqlanırlar.

Cənubdan əsən “soyuq küləklərin” arxasında İrandakı erməni lobbisinin də başı aydın görünür və bu heç də təsadüfi qarşılanmamalıdır. Cənubi Azərbaycanda ictimai-siyasi xadimlər dəfələrlə “Qanun” qəzetinin ermənilərlə işbirliyi içində olduğunu dilə gətiriblər. Əslində qəzetin “Xəzər iddialarını” XX əsrin əvvəlindəki müqavilə ilə əsaslandırması ilə ermənilərin Sevr müqaviləsinə istinad edərək, “böyük Ermənistan” xülyası qurması arasındakı xəstə təxəyyülün bənzərliyi açıq şəkildə görünür. Qəzetin Azərbaycanı “Aran”, yaxud “Bakı Cümhuriyyəti” adlandırması da erməni və fars şovinistlərinin ortaq mövqeyindən xəbər verir.

“Qanun”un ermənilərə bağlı olmasını qəzetin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini “erməni dövləti” adlandırması və separatçı-terrorçu rejimi dəstəkləyən materiallar yayımlaması da təsdiqləyir. Qəzet ötən il yayımladığı “Ermənistandakı və Dağlıq Qarabağdakı İran məscidlərinin (Söhbət erməni işğalı nəticəsində dağıdılmış Azərbaycan məscidlərindən gedir) yerində araşdırılmış vəziyyəti” sərlövhəli məqaləsində yazırdı: “İranda kilsələr dövlət tərəfindən qorunur və İran ermənilərinin ictimai fəaliyyətini dəstəkləyir. Digər tərəfdən, Ermənistan və Qarabağdakı İran məscidlərinə (??) xüsusi ehtiramla yanaşılır. Erməni tərəfi İrana bu tarixi abidələri bərpa icazəsi vermiş və bəzi hallarda bərpa təşəbbüsü ilə çıxış edib. Xüsusilə Orta Şərqdə etnik gərginlik və məzhəb fundamentalizminin tüğyan etdiyi bir zamanda bu növ əlaqələr dinlərarası dialoqa nümunə göstərilməlidir. Belə bir mühitdə İran və Ermənistan müştərək sivilizasiyanın varisləri kimi mədəniyyət sahəsində ideal razılaşmaya nail olub. “Dağlıq Qarabağ hökuməti” (dırnaq bizə məxsusdur-red) məscidlərə heç bir zərər yetirməyib, əksinə, onların təmirinə böyük məbləğdə maliyyə vəsaiti sərf edib. Digər tərəfdən isə hüquqi nöqteyi-nəzərdən Ağdam və Şuşadakı İran məscidlərinin Azərbaycan Respublikası ilə çox cüzi əlaqəsi var. Bu məscidlər iranlıların Qafqazda, xüsusilə də Şuşadakı yadigarıdır”.

Qəzet daha sonra Ağdamı “fars şəhəri” adlandırır və Dağlıq Qarabağın şimal-qərbində yerləşən “Ağdam” şəhər məscidinin “Dağlıq Qarabağ hökuməti tərəfindən” İranın mədəniyyət irsi kimi təsdiqləndiyini yazırdı.

Görünür, ermənilər fars şovinistlərindən Azərbaycana qarşı silah olaraq istifadə etməyə davam edirlər. Hərçənd, bu silah ilk olaraq İranın dövlət maraqlarına tuşlanıb. Rəsmi Tehran bu haqda düşünməyi və tədbir görməyi təxirə salmamalıdır, əks təqdirdə, xəstə təxəyyüllər dövlətlərarası münasibətlərə də sirayət edə bilər.

Asif Nərimanlı/publika.az/

Bağla X