09:01
(077) 610-22-33

Azərbaycan və Tacikistan prezidentləri bəyanat verdilər

  • >
75 10 Avqust 11:35 | Siyasət

Avqustun 10-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, əziz dostlar.

Emoməli Şərifoviç, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasaibətlərində mühüm hadisədir. Biz həm Tacikistanda, həm Azərbaycanda tez-tez görüşürük. Təmaslar mütəmadi xarakter daşıyır. Beynəlxalq tədbirlər çərçivəsində də həmişə söhbət edib vacib məsələləri müzakirə etməyə vaxt tapırıq. Lakin, əlbəttə, rəsmi səfər məsələlərin müzakirəsi və həlli üçün tamam başqa formatdır, tamam başqa səviyyədir.

İlk növbədə qeyd etmək istərdim ki, biz Prezident Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik. Tacikistan sosial-iqtisadi inkişaf məsələlərini uğurla həll edir. Ölkənizin beynəlxalq nüfuzu artır. Siz dayanılqlı, sabit inkişafa, mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüslərlə çıxış edirsiniz. Tacikistanda ictimai-siyasi sabitlik mövcuddur. Bu, davamlı inkişaf üçün əsas amildir. Biz Sizin uğurlarınıza sevinirik və əminik ki, Tacikistan bundan sonra da Sizin müdrik rəhbərliyinizlə inkişaf və tərəqqi yolu ilə gedəcək.

Bu gün biz həm üzbəüz söhbət zamanı, həmçinin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin mühüm məsələlərini, regional problematika məsələlərini müzakirə etdik. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Bu nəticələr ölkələrimiz arasında qarşılıqlı sosial-iqtisadi fəaliyyətdə mütləq özünü göstərəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bu gün bir çox mühüm sənədlər imzalanıb. Həmin sənədlər bizim münasibətlərimiz üçün mühüm hüquqi baza yaradıb və bu sənədlər nəticəyə hədəflənib. Düşünürəm ki, əldə etdiyimiz razılaşmaların uğurlu icrası əmtəə dövriyyəsinin xeyli artmasına və bir çox istiqamətlər üzrə işimizin fəallaşmasına gətirib çıxaracaq. Əlbəttə ki, indicə imzalanan sənədlər arasında Tacikistan və Azərbaycan prezidentlərinin Birgə Bəyanatını xüsusi qeyd etmək istərdim. Bu, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən olduqca fundamental vacib siyasi sənəddir. Bu sənəd ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsini qeyd edir. Bu sənəddə iqtisadi əməkdaşlıq, nəqliyyat, humanitar əməkdaşlıq, təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində mühüm məsələlərin əsas prioritetləri əksini tapıb. Sənəddə ölkələrimizi narahat edən vacib məsələlər də əks olunub. Azərbaycan Tacikistanın BMT-də irəli sürdüyü və gələcək onilliyin - 2018-2028-ci illərin “Su - dayanıqlı inkişaf üçün” tezisi ilə bağlı onilliyin olmasına dair təşəbbüsünü fəal dəstəkləyir. Bu, çox mühüm təşəbbüsdür. Qeyd etdiyim kimi, biz onu dəstəkləyirik. Bu, indicə imzalanan Birgə Bəyanatda əksini tapıb.

Tacikistana Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyinə görə də minnətdarlığımı bildirmək istərdim. Bəyanatın mətnində yazılıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in qərarlarına uyğun şəkildə həll olunmalıdır. Bütün Azərbaycan xalqı adından belə ədalətli mövqeyə görə minnətdarlıq bildirmək istərdim. Bu, həm dost mövqeyidir, həm də ədalətli mövqedir. Çünki uzun illərdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır və Ermənistan BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər bu kimi aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmir. Vaxtilə onların hamısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər və bu zaman belə bir nöqteyi-nəzərdən çıxış ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Bu gün biz ticarət, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət məsələlərini fəal müzakirə etdik, bu istiqamətdə ölkələrimizin sənayesinin güclü artımına təkan verəcək ciddi razılaşmalar əldə etdik. Biz bir daha nə qədər qarşılıqlı bağlı olduğumuzu və kooperasiya ilə əlaqədar məsələləri nə dərəcədə həll edə biləcəyimizi gördük. Bu, həm alüminium təchizatı sahəsində əməkdaşlıq məsələsinə, həm neft koksunun təchizatı ilə bağlı bu gün imzalanan memoranduma, həm də bir çox digər məsələlərə aiddir. Bu, sadəcə ticari-iqtisadi razılaşmalar deyil, bu, iqtisadi sahədə uzun illər üçün münasibətlərin inamlı inkişafını müəyyən edəcək layihələrdir və yüzlərlə yeni iş yeri yaratmağa imkan verəcək.

Mən Tacikistan Prezidentini Azərbaycanın öz tərəfdaşları ilə birgə reallaşdırdığı və ixrac üçün, o cümlədən Tacikistandan, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən Azərbaycan ərazisindən keçməklə ixrac üçün tamamilə yeni imkanlar açan nəqliyyat layihələri haqqında ətraflı məlumatlandırdım. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, eləcə də böyük Ələt ticarət limanının tikintisi bu dəhlizin yüklərin ixracı üçün istifadəsinə tamamilə yeni imkanlar açır. Təbii ki, biz Tacikistandan yüklərin artacağına ümid bəsləyirik və bu barədə razılaşmalar əldə olunub. Biz Azərbaycan ərazisindən keçməklə beynəlxalq bazara çıxarılacaq tranzit yüklərin əhəmiyyətli dərəcədə dəfələrlə artmasını gözləyirik. Biz humanitar əməkdaşlıq, təhsil, mədəniyyət sahələrində, kənd təsərrüfatı ilə bağlı məsələləri müzakirə etdik. Biz sıx qarşılıqlı fəaliyyət məsələlərinin işlənib hazırlanması üçün xüsusi nümayəndə heyətlərinin göndərilməsini razılaşdırdıq. Başqa sözlə, müzakirə etdiyimiz bütün məsələlər üzrə bizim aramızda tam anlaşma mövcuddur. Əminəm ki, müzakirə etdiyimiz bütün məsələlər reallaşdırılacaq. Çünki bütün bunların hamısı konkret nəticələrə hədəflənib. Əminəm ki, Tacikistan Prezidentinin Azərbaycana səfərinin nəticələri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsində mühüm rol oynayacaq. Bir daha xoş gəlmisiniz hörmətli cənab Prezident.

x x x

Sonra Tacikistan Prezidenti Emoməli Rəhmon bəyanatla çıxış etdi.

Prezident Emoməli Rəhmonun bəyanatı

-Sağ olun hörmətli İlham Heydər oğlu.

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, əziz dostlar.

Dost Azərbaycan torpağında rəsmi səfərdə olmaq və Azərbaycan xalqının səmimi sevincini duymaq mənim üçün xoşdur. Azərbaycan Tacikistanın xarici siyasət strategiyasında mühüm yerlərdən birini tutur və biz Tacikistan-Azərbaycan əməkdaşlığının gələcəkdə də inkişafında və möhkəmlənməsində maraqlıyıq.

Bu gün bizim siyasi dialoqumuz çərçivəsində həm ikitərəfli, həm də regional və beynəlxalq xarakterli məsələlərin geniş spektoru üzrə konstruktiv və maraq doğuran fikir mübadiləsi aparıldı. İlham Heydər oğlu ilə mən belə bir fikrə gəldik ki, bütün istiqamətlər üzrə sıx əməkdaşlıq üçün mövcud imkanlardan daha da geniş istifadə olunması vacibdir. Bu barədə indicə İlham Heydər oğlu sizə məlumat verdi. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması məsələləri və iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığımızın istiqamətlərinin genişləndirilməsi diqqət mərkəzində oldu. Bu cəhətdən biz ticari-iqtisadi əməkdaşlıq üzrə iki ölkənin dövlətlərarası qarşılıqlı fəaliyyət mexanizmi kimi birgə hökumətlərarası komissiyanın mühüm rolunu qeyd etdik. Biz o fikirdə həmrəy olduq ki, komissiya çərçivəsində əldə olunmuş razılaşmaların dəqiq yerinə yetirilməsi və imzalanan dövlətlərarası sənədlərin reallaşdırılması bizim ticari-iqtisadi münasibətlərimizin gələcək inkişafının amilidir. Biz hesab edirik ki, bugünkü razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar sektor və turizm kimi iqtisadiyyatın baza sektorlarında uzunmüddətli əməkdaşlıq formalarının inkişafına təkan verəcək. Belə fikir bildirildi ki, ikitərəfli əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və əmtəə nomenklaturası strukturunun təkmilləşdirilməsi üçün qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığı fəallaşdırmaq və yaxşılaşdırmaq zəruridir. Bu səfərin gedişində ikitərəfli əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə işləri davam etdirdik. Danışıqların nəticələrinə görə bu gün imzaladığımız sənədlər zamanın tələbidir və əməkdaşlığın əsas sahələrini əhatə edir.

Ənənəvi qarşılıqlı anlaşma mühitində keçən danışıqların gedişində biz BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional birliklər çərçivəsində də qarşılıqlı fəaliyyətimizin perspektivlərini müzakirə etdik. Biz ölkələrimizin ümumi mövqedən çıxış etdiyi Əfqanıstan problemini müzakirə etdik. Biz Əfqanıstanda sülhün və sabitliyin dirçəldilməsi məqsədlərinə sadiqliyimizi təsdiq etdik, həmçinin beynəlxalq terrorizm, ekstremizm, radikal dini ideologiya, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və digər çağırışlar və təhlükəsizliyin təhdidləri ilə mübarizədə gələcəkdə də əməkdaşlığı inkişaf etdirməyə tərəfdar olduğumuzu bildirdik.

Xüsusilə qeyd etmək istərdim ki, bütün bu məsələlər üzrə bizim mövqelərimiz üst-üstə düşür. Bu da həmin istiqamətdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yaxşı təməldir. Biz Cənubi Qafqazda cərəyan edən proseslər üzrə fikir mübadiləsi də apardıq. Biz mövcud ziddiyyətlərin və münaqişələrin hamılıqla tanınan beynəlxalq normalar və meyarlar çərçivəsində sülh yolu ilə həlli prinsipinə qəti sadiqliyimizi ifadə edirik. Bizim əqidəmizə görə, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur.

Mədəni-humanitar əlaqələrin inkişafı məsələlərinə müvafiq diqqət ayrıldı. Təhsil, elm, mədəniyyət, incəsənət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olundu. Bütövlükdə demək istərdim ki, biz baş tutan dialoqdan razı qaldıq. Əminəm ki, bugünkü danışıqların nəticələri ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bunlar son on ildə ilbəil yeni praktik məzmunla zənginləşən uğurlu qarşılıqlı fəaliyyət üçün əlavə şərait və zəmin yaradır. İmkandan istifadə edərək, qeyd etmək istərdim ki, Tacikistan öz tərəfindən xalqlarımızın rifahı naminə bizim dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsi üçün var qüvvəsini sərf edəcək. Əminəm ki, bu gün gördüyümüz iş bizim çoxşaxəli tərəfdaşlığımızın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək.

Bizim konstruktiv dövlətlərarası dialoqumuzun davamı üçün mən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlunu onun üçün münasib vaxtda Tacikistana rəsmi səfərə dəvət etdim.

Hörmətli İlham Heydər oğlu, bir daha Sizə və sizin simasında qardaş Azərbaycan xalqına səmimi qəbula və ənənəvi Azərbaycan qonaqpərvərliyinə görə təşəkkür edirəm. Sağ olun.

AzNews.az

image description image description image description image description image description image description
Bağla X