12 avqust dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. 12 avqust dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.

Azərbaycanda gənclər siyasəti mahiyyətcə yeni mərhələyə qədəm qoyur

12 avqust dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.

Bu gün əvvəlki dövrlərlə müqayisədə ən böyük gənclər ordusuna sahib olan dünyamız üçün gənclərin və onlar üçün yeni imkanların yaradılmasının əhəmiyyətini, BMT-nin Baş katibi Antonio Quterreş və BMT Baş katibinin gənclər üzrə elçisi Cayatma Vikramanayake Beynəlxalq Gənclər Günü ilə əlaqədar video-müraciətlərində bu cür təsvir ediblər: “Sülhün, davamlı iqtisadi artımın, ədalətli cəmiyyətlərin, tolerantlığın və digər bir çox məsələlərin təmin edilməsi gənclərin bacarıqlarından səmərəli şəkildə istifadədən asılıdır. Gənclərin bacarıqlarından uzaq gələcəkdə deyil məhz elə indi istifadə etməliyik. Beynəlxalq Gənclər Gününün də mahiyyəti bundan ibarətdir. Gənclərin öz fikirlərini sərbəst ifadə edə bilmələri və arzularını reallaşdırmaları üçün təhlükəsiz şəraitə ehtiyacları var.

Gənc qadınlar və qızlar, gənc qaçqınlar və məcburi köçkünlər, münaqişə zonasında və digər fövqəladə şəraitlərdə yaşayan gənclər xüsusilə həssas vəziyyətdədir və inkişafdan məhrum gənclər arasındadırlar. Bunları nəzərə alaraq, bütün gənclər üçün keyfiyyətli təhsilin və layiqli iş imkanlarının əlçatanlığı təmin edilməlidir. Gənclərin baş verən proseslərə konstruktiv töhfə verə bilmələri üçün onları qərarların qəbul edilməsi proseslərinə qoşulmaları və fikirlərinin azad ifadə edə bilmələri üçün imkanlar yaradılmalıdır.”

Bu gün 2 milyon 519 minlik gənclər ordusuna (14-29 yaşlılar nəzərdə tutulur) malik respublikamız gənclərlə işə verdiyi diqqət və bu sahədə apardığı səmərəli siyasət nəticəsində bir çox inkişaf etmiş ölkədən öndədir. Bunu nəzərə alaraq, dövlətimizin gənclər siyasətinin formalaşmasına və onun uğurlu inkişafına qısa nəzər salmaq yerinə düşərdi. 1991-ci ildə yenidən müstəqilliyinə qovuşmuş Azərbaycanda, hər bir sahədə olduğu kimi gənclər sahəsində də inkişaf ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra hiss olundu. Dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün ilk baxışdan daha zəruri görünən sahələrdə ciddi durğunluğa baxmayaraq, ulu öndər bir çoxlarına o dövrün kontekstində elə də vacib görünməyən sahələrdə də inkişafın vacibliyini dərk edirdi. Uzun illərin idarəçilik təcrübəsinə və uzaqgörənliyinə sahib ulu öndər yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyinin və gələcək inkişafının əsas təminatçıları məhz onun gəncləridir. Beləliklə, 1993-cü ildə ümummilli lider gənclərlə ilk görüşünü keçirdi, onların problemləri ilə yaxından maraqlandı və gənc nəslə müstəqil Azərbaycanda veriləcək böyük diqqətin ilk əlamətlərini nümayiş etdirdi.

Gənclər siyasətinin vahid bir mərkəzdən dəstəklənib istiqamətləndirilməsinin önəmini duyan Prezident Heydər Əliyev 26 iyul 1994-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyini təsis etdi. Ölkəmizin inkişaf prosesində gənclərin öhdəliklərini müəyyən etmək və eyni zamanda, Azərbaycan gəncliyinə qayğı və diqqətin artırılması istiqamətində lazımi tədbirləri müəyyənləşdirmək üçün, dövlət başçısı Azərbaycan gəncləri forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü, 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bu forumda şəxsən iştirak edən ümummilli lider gənclərin bütün problemlərini və təkliflərini diqqətlə dinlədikdən sonra, onların müstəqil Azərbaycan qarşısında vəzifələrini belə ifadə etmişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”.
Ümummilli lider tərəfindən gənclər siyasəti ilə bağlı əsası qoyulmuş digər bir ənənə isə onun 1 fevral 1997-ci il sərəncamı ilə 2 fevralı Azərbaycan Gənclər Günü elan etməsidir. Zəngin təcrübəyə arxalanaraq, dövlət gənclər siyasətinin məqsədlərini və fəaliyyət istiqamətlərini konkret bir hüquqi çərçivəyə salmaq üçün Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Gənclər siyasəti haqqında” Qanun qəbul edildi və Prezident Heydər Əliyevin 6 may 2002-ci il tarixli sərəncamı ilə təsdiq olundu.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş gənc və yenilikçi İlham Əliyev ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini məqsədyönlü və ardıcıl addımları ilə daha da təkmilləşdirdi. Ölkəyə gələn neft gəlirlərinin insan kapitalının inkişafına yönəldildiyi bu dövrdə, gənclər siyasətinin də əsas istiqamətlərindən biri sağlam düşüncəli, yüksək bacarıq və biliklərə sahib vətənpərvər gənc Azərbaycan nəslinin inkişafı idi. Bunun üçün Prezident İlham Əliyevin 30 avqust 2005-ci il sərəncamı ilə 2005-2009-cu illər üçün “Azərbaycan gəncliyi” Dövlət Proqramı təsdiq edildi.

Sonradan dəyişən davamlı inkişaf kontekstinin tələblərinə uyğun olaraq 2011-2015-ci və 2017-2021-ci illər üçün yeni “Azərbaycan gəncliyi” dövlət proqramları hazırlanıb təsdiqləndi. Eyni zamanda, Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli 542 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun yaradılması ilə gənclər siyasətinə yeni nəfəs verildi. Gənclər Fondu tərəfindən ayrılan vəsaitlər sayəsində minlərlə Azərbaycan gəncinin innovativ fikirləri artıq daha geniş dəstəklənməyə başlandı və onların fərqli beynəlxalq layihələrdə ardıcıl və fəal iştirakı üçün imkanlar təmin olundu.

Azərbaycanın gənclər siyasətinin davamlı inkişafını təmin edən ən mühüm komponentlərdən biri də onun beynəlxalq əməkdaşlıqlar yolu ilə innovasiyalara açıq olmasıdır. BMT və onun agentlikləri, xüsusən də BMT-nin İnkişaf Proqramı (BMT İP) Azərbaycan Respublikası hökumətinin gənclər siyasətinin inkişaf etdirilməsində və bu siyasətin daha çox gənci əhatə etməsində göstərdiyi səylərini dəstəkləyən əsas təşkilatlar arasındadır. Hələ 1998-2000-ci illər arasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, BMT İP və BMT-nin Könüllüləri Proqramının birgə layihəsi olan Azərbaycanda, xüsusilə gənclər arasında könüllülük dəyərlərinin formalaşmasının təşviqinə yönəlmiş layihə ölkə gənclər siyasətində beynəlxaq təşkilatla birgə həyata keçirilmiş ilk layihələrdəndir.

Son illər, ölkənin gənclər siyasətində böyük rəğbətlə qarşılanan BMT Model Konfransları da (MUN) BMT İP-nın dəstəyi ilə inkişaf etdirilmişdir. Azərbaycan Respublikasının hökuməti və BMT İP arasında imzalanmış “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsi formalaşmışdır, BMT Model Hərəkatı gənclərimizi BMT qurumlarının işi ilə yaxından tanış edir, onların xarici dil, danışıq, təqdimat, əməkdaşlıq, rəsmi yazı və ünsiyyət bacarıqları da daxil olmaqla, bir çox şəxsi və iş bacarıqlarının inkişafına töhfə verir.

Azərbaycan hökuməti və BMT arasında gənclər sahəsində əməkdaşlığın zirvəsi isə BMT-nin Baş katibinin müraciəti ilə 2014-cü il oktyabrın 28-30-da Bakı şəhərində Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun keçirilməsi oldu. Azərbaycan hökuməti, BMT İP, BMT Baş katibinin gənclər üzrə elçisinin, UNESCO və Avropa Şurasının birgə təşkilatçılığı ilə təşkil edilmiş forumda 165 ölkədən 700-dən artıq hökumət nümayəndəsi, ekspert, gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər iştirak etmişdilər. Bu forumun sonunda tövsiyə xarakteri daşımasına baxmayaraq, gənclər siyasəti sahəsində qlobal miqyasda qəbul olunan və konseptual xarakter daşıyan ilk sənəd olan “Gənclər siyasəti üzrə Bakı öhdəlikləri” (Baku Commitment to Youth Policies) adlı sənəd qəbul olundu.

Azərbaycanın gənclər siyasətində nailiyyətləri ilə bağlı ən qürurverici faktlardan biri ondan ibarətdir ki, BMT Baş Assambleyasının gənclər üzrə qətnaməsinin əsasında, iki ildən bir hazırlanan və 2017-ci ilin iyul ayında təqdim edilən BMT Baş katibinin “Gənclərin inkişafı davamlı inkişafa bağlıdır” adlanan xüsusi hesabatında respublikamızın gəncləri ölkənin davamlı inkişafına dair milli inkişaf planlarına və siyasətlərinə daxiletmə səylərinə görə nümunəvilər arasında qeyd edilib. Yuxarıda tarixinə qısa nəzər saldığımız ölkəmizin gənclər siyasətinin dinamik inkişafı nəticəsində bu gün Azərbaycan Respublikasının ən böyük sərvəti məhz ümummilli lider Heydər Əliyevin 2 fevral 1996-cı ildə respublika gənclərinin I Forumundakı nitqində təsvir etdiyi “sağlam ruhlu, yaxşı təhsil almış, müasir düşüncəli, vətənpərvər və mənəvi cəhətdən möhkəm” Azərbaycan gəncliyidir.

Məzahir Əfəndiyev,
BMT-nin İnkişaf Proqramının layihə rəhbəri