- Köhnə - Siyasət
- 15 Avqust 2018 09:10
- 3 456
Türkiyə Trampın qəzəbinə niyə tuş gəlib?
Payızda keçiriləcək Konqres və qubernator seçkiləri, D.Trampın siyasətçi kimi xislətindən irəli gələn detallar, atlantizm ideyasının böhranı, ABŞ-ın Yaxın Şərqdə getdikcə daha qabarıq görünən və bir az da təşviş doğuran siyasəti, Türkiyənin daha müstəqil siyasətə can atması, Ankara ilə Rusiya arasında sıxlaşan münasibətlər, Ankara-Tehran əlaqələrinin Vaşinqtonun meyarlarına uyğun gəlməməsi–heç şübhəsiz ki, ABŞ-Türkiyə müstəvisindəki gərginlikdə bu amillərin hər birinin payı vardır.
Amma biz daha bir detalı da qeyd etmək istərdik. Ola bilsin, o, bir qədər mübahisəli görünəcək, amma onu qeyd etməmək proseslərin konteksindən çox mühüm çaları çıxarmaq demək olardı. Söhbət ABŞ dövlətinin hər an özünün ən adi vətəndaşını belə siyasətinin prioritetinə çevirməyə hazır olmasından gedir. Bəli, bir daha deyirik ki, bununla razı olmamaq, buna etiraz etmək olar, amma reallıq reallıqdır və əslində belə bir cəhət digər dövlətlər üçün də nümunə ola bilərdi.
E.Branson ABŞ vətəndaşıdır və orta statistik amerikalı üçün təkcə bu, yetərlidir. Onlar başqa şey bilmək və eşitmək istəmirlər və daim diqqət edirlər ki, görən, ABŞ dövlət kimi öz vətəndaşını necə müdafiə edəcək.
Xüsusən də qarşıdan gələn seçkilər fonunda bu detal daha qabarıq forma alır və respublikaçılar üçün əsl seçki piarı olmaq iqtidarındadı.
Noyabrda Konqresin aşağı palatası tamamilə, yuxarı palatınınsa 100 üzvündən 35-i və eləcə də 39 qubernator təzədən seilməlidir. Üstəlik, seçki ilə bağlı daha bir detal var. Sonuncu prezident seçkiləri zamanı E.Bransonun da aid olduğu yevangelistlər icmasının təxminən 80 faizi D.Trampa səs vermişdi və güman respublikaçılar növbəti seçkilərdə bu səsləri itirmək istəmirlər.
Əlbəttə, insanlar Türkiyə-ABŞ ziddiyyətlərinə daha çox NATO prizmasından, atlantizm ideyasının böhranı kimi baxırlar. Doğrusu, böyük hesabla biz də Blok üzvləri arasında bu cür münasibətləri xatırlamırıq. Düşünürük ki, birinci soyuq savaş dövründə NATO daxilində ən kiçik ziddiyyət belə kommunist blokunun təbliğat maşınının sayəsində azı on dəfə şişirdilərək dünyaya çatdırılardı. Ona görə də belə hallara olduqca az təsadüf olunurdu.
Sözsüz, bu, o demək deyil ki, o dövrlərdə Blokun hər hansı problemi yox idi. Məsələn, 1974-80-ci illərdə Yunanıstan Türkiyə ilə yaşadığı ziddiyyətlərə görə NATO-nun hərbi strukturunda fəaliyyət göstərmirdi.
Eləcə də 1966-cı ildə Fransa təşkilatın hərbi strukturunu tərk edərək düz 2009-cu ilədək siyasi strukturda qalmaqla kifayətlənmişdi. Amma di gəl, ümumi tendensiya bu idi ki, Alyans sistemli şəkildə güclənir, dünyanın birinci hərbi blokuna çevrilirdi. Təkcə bircə fakt, üzvlərin sayının 12-dən 29 çatması bunun ən bariz nümunəsi və təsdiqidir.
Sonrakı dövrlərdə ciddi blokdaxili ixtilaflar xatırlamırıq. Yalnız D.Tramp hakimiyyətə gələndən qəribə bəyanatlar və hətta ABŞ-ın Bloku tərk edəcəyi kimi sərsəm çağırışlar səslənməyə başladı.
Düzdür, prezident B.Obamanın vaxtında da Blok üzvlərinin müdafiə xərclərini artırması məsələsi gündəmdə idi, amma bu, indiki kimi dava-dalaş səviyyəsinə çatmamışdı.
Sonuncu NATO sammiti də bu mənada diqqətdən kənarda qalmadı. D.Tramp orada nələr demədi? Ən yadda qalanı budur ki, ABŞ prezidenti Almaniyanı “Rusiyanın nəzarətində olan ölkə”, Ukraynanı isə korrupsiya içində boğulan dövlət adlandırdı və Krımın Rusiyaya məxsus olduğunu bildirdi və bunu belə “izah” etdi ki, krımlıların hamısı rusca danışır! Yalnız Makedoniyanın Blokla danışıqlara dəvət alması ümumi gülünclük fonunu azacıq ört-basdır etdi...
Bunları nədən xatırladıq? Məsələ bundadır ki, indiyədək ABŞ və Türkiyə deyəndə dərhal NATO yada düşürdü və nə qədər ziddiyyətli durum olsa da, hər halda, bunun bir çərçivəsi vardı: bir neçə il öncə kimsə ABŞ-la Türkiyəninin biri-birinə qarşı sanksiya tətbiq edəcəyini, Türkiyənin ABŞ-ı özünə qarşı iqtisadi müharibə açmaqda ittiham edəcəyini təsəvvür belə etməzdi. Əksinə, Türkiyə deyəndə ABŞ-ın və yaxud NATO-nun bölgədə ən yaxın müttəfiqi və üzvü başa düşülürdü.
Amma budur, münasibətlər ən gərgin səviyyədədir: Vaşinqton Türkiyədə çevriliş etməyə cəhd etmiş adamı ərazisində himayə edir, üstəlik, casusluq etdiyinə görə həbs olunmuş vətəndaşı, pastor Bransonu qeyd–şərtsiz azadlığa buraxmağı tələb edir!
Biz hələ onu demirik ki, nə ABŞ, nə də ki, digər NATO ölkələri Ankaraya hava hücumundan müdafiə silahları satmadılar və Türkiyə bunu Rusiyadan almaq fikrinə düşəndə böyük bir qalmaqal yaratdılar ki, guya Ankara Moskvaya NATO-nun hərbi sisteminə giriş əldə etmək imkanı yaradır! Digər bir tərəfdən də ABŞ-ın daim kürd yaraqlılarını silahlandırması! Düşünmürük ki, dünyanın hansısa bölgəsində nəinki iki yaxın, ümumiyyətlə, iki müttəfiq arasında bu qədər ziddiyyət və yaxud da anlaşılmazlıq olsun.
Düzdür, zaman çox gizlinləri faş elədi. Məsələn, ABŞ-ın öz müttəfiqlərinə, hətta ən yaxın müttəfiqlərinə “etibarı” ayrıca bir söhbətin mövzusu olmağa layiqdir.
Dəfələrlə oxumuşuq ki, ABŞ nəinki Avropadakı müttəfiqlərinin, eləcə də özünün “əllinci ştat”ı adlandırılan İsrailin belə baş nazirinin danışıqlarını dinləyir. Görünür, onlar eyni münasibəti Ankaraya da şamil etmək istəyirlər...
Amma burada başqa məsələ də var və onu digər yazılarda artıq qeyd etmişik. Ağ Ev Türkiyəni zəiflətməkdə və onun regionda oynadığı rolu digər dövlətə - İsrailə həvalə etməkdə maraqlı görünür. Bununla bağlı da çox müxtəlif təxminlər mövcuddur. Amma məşhur məsəlvar: deyirlər ki, atları döngələrdə dəyişməzlər...
Praqmatizm ideoloji cərəyan kimi daha çox ABŞ-da formalaşıb, amerikalı filosofların buna töhfəsi böyük olub.
Bütün hallarda, belə bir düşüncə tərzi amerikalılara çox doğmadır. O səbəbdən hələ də ümidliyik ki, sonda yenə praqmatizm qalib gələcək, Ankara–Vaşinqton münasibətləri yoluna qoyulacaq. Bilirsinizmi, hətta simmetrik xarakter almayanda belə, sanksiyalar yenə də ziyansız olmurlar. Hər bir iqtisadi sanksiya həm də ABŞ-ın iş adamları və iqtisadiyyatı üçün problemdir və istər-istəməz ABŞ biznesinin imkanlarını və coğrafiyasını daraldır. Bunu başa düşmək biznesmen Tramp üçün bu qədər çətindirmi?..
Hüseynbala Səlimov