Qardaş Türkiyə Cümhuriyyətində baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Türkiyə siyasətini Azərbaycanda ən yaxından izləyənlərdən biri də “BAY” Araşdırmalar Mərkəzinin sədri Cahandar İsmayıldır. Qardaş Türkiyə Cümhuriyyətində baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Türkiyə siyasətini Azərbaycanda ən yaxından izləyənlərdən biri də “BAY” Araşdırmalar Mərkəzinin sədri Cahandar İsmayıldır.

“Türkiyə qarşısındakı bütün əngəlləri aşır”- Cahandar İsmayıl “Yaxın plan” layihəsində

Qardaş Türkiyə Cümhuriyyətində baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Türkiyə siyasətini Azərbaycanda ən yaxından izləyənlərdən biri də “BAY” Araşdırmalar Mərkəzinin sədri Cahandar İsmayıldır.

AzNews.az portalının “Yaxın plan” layihəsinin qonağı olan C. İsmayıl Rəsmi Ankaraya qarşı ABŞ-ın təzyiqlərinin artması və buna qarşı prezident Ərdoğanın əks həmlələri Türkiyə ilə bağlı xeyli sualları cavablandırır.

- Cənab İsmayıl, Türkiyədə lirənin məzənnədən düşməsinə təsir edən faktorlar hansılardır?

- Lirənin məzənnədən düşməsinin ən əsas səbəbi Türkiyənin ABŞ iqtisadiyyatından müəyyən mənada asılı olmasına bağlıdır. Bu asılılıq azaldıqca, ABŞ-ın Türkiyəyə siyasi təzyiqləri artır. Hazırda bu təzyiqlər bir növ "iqtisadi müharibə" kimi də dəyərləndirilə bilər.

- Sizcə, rahib Branson məsələsi ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsində nə qədər real əsasdır?

- Rahib Bransonun işi məsələnin görünən üzüdür. ABŞ Bransona qədər də Türkiyəyə qarşı bir çox həmlə etmişdi. Bilirsiniz ki, 2 il bundan əvvəl FETÖ terror hərəkatı vasitəsilə Türkiyə dövlətinin əsaslarını sarsıtmaq istədi. Buna nail ola bilməyəndən, siyasi, hərbi və digər strukturlarda Türkiyəyə təsir imkanlarını tam itirdiyini dərk etdikdən sonra Vaşinqton iqtisadi məsələləri gündəmə gətirdi, ticari müharibə elan etdi. Rahibin adının hallanması, sadəcə, bəhanədir. Altda yatan əsl səbəb isə regionda və dünyada gedən proseslərdə Türkiyənin müstəqil şəkildə hərəkət etməsidir.

- Fikrinizcə, ABŞ-ın pərdə arxası danışıqlarda əslində Türkiyədən istədiyi nədir?

- Pərdə arxasında olan danışıqlarda problemlər istər Suriya, istərsə də digər məsələlərdə Amerikanın istəklərinə Türkiyənin məhəl qoymamasıdır. Bilirsiniz ki, tətbiq etdiyi sanksiyalarla ABŞ-ın İranı sarsıtmaq və sosial zəminli inqilab hazırlamaq istəyir. Amma İranla bağlı çox ciddi və açıq suallar var. Türkiyə Amerikanın niyyətinin nə olduğunu bilmədiyinə və bu prosesdə öz rolunu təzyiqlə müəyyənləşdirmək istəmədiyinə görə, ABŞ-ın yanında durmaqdan birmənalı şəkildə imtina edir.

- Bəs sizcə, Türkiyənin bu tələbləri yerinə yetirməmək üçün ABŞ-a müqavimət gücü nə qədərdir?

- Türkiyənin bu günki müqavimət gücündə əsas olan faktor ilk növbədə xalqın iradəsidir. Xalq bu gün dövlətin yanındadır və birlik, bütünlük nümayiş etdirir. Bölgədəki digər dövlətlərdən- istər İran olsun, istər Suriya, istərsə də İraq- fərqli olaraq Türkiyədə xalq dövlətinin yanındadır. Xalqın iradəsi qarşısında isə yaradılan bütün süni əngəllər əvvəl-axır uğursuzluqla nəticələnəcək.

- Belə fikirlər səslənir ki, bütün bunlar Ərdoğan iqtisadiyyatı idarə edə bilmədiyinə görə yox, ABŞ Ərdoğanı idarə edə bilmədiyinə görə yaşanır. Bu fikirlə razısınızmı?

- Hal-hazırda Türkiyədə lirə dollar qarşısında güc itirsə də, ölkənin iqtisadiyyatında hər hansı ciddi dəyişiklik qeydə alınmayıb. Əksinə Türkiyə iqtisadiyyatının dayaqları bir daha üzə çıxıb. Bazar iqtisadiyyatı mexanizmlərinin idarə olunmasında şəxslər xüsusi rol oynamır. Bayaq dediyim kimi, bu, iqtisadi müharibədir və bu müharibədə türk xalqı çox böyük səy göstərərək qalib gəlməkdədir.

- Türkiyə, Rusiya və İran dövlət başçılarının görüşü barədə Kremlin sözçüsü Peskov açıqlama yayıb. Sizcə, bu görüş nə qədər effektiv olacaq, nələri dəyişəcək?

- Bu görüşdə təbii ki, iqtisadi cəhətdən zəif olan İranın Türkiyəyə dəstəyindən söhbət belə gedə bilməz. Burda yalnız güc nümayiş etdirə bilərlər və nəticədə bu görüş Türkiyədən daha çox İranın və ya Rusiyanın özünə lazımdır. Yəni hədəfdə olan dövlətlər Türkiyədən daha çox İranla Rusiyadır.

- Siz Türkiyəni çox yaxından izləyən insanlardan biri sayılırsınız. Fikrinizcə, Türkiyə müxalifətinin bu proseslərə yanaşmasının necədir? Onlar lazımlı dövlətçi mövqe sərgiləyə bilirlərmi?

- Türkiyədə əhalinin 90 faizi dövlətin yanındadır. Türkiyə müxalifətinin önəmli bir faizi üzdə “siyasi müxalifət”dir, əslində isə Türkiyəni içdən bölmək istəyən yad güclərin maşasıdır. Bir də onlara kor təbii dəstək verən qruplar var. O qruplar isə Türkiyə xalqının əksər hissəsinin müdafiə etdiyi dəyərlərin, dövlətçi tutumun qarşısında tab gətirə bilməz.

- Türkiyənin əsas siyasi güclərindən olan MHP başkanı Devlet Bahçeli bəyan etdi ki, Ərdoğanı xarici basqılar qarşısında da dəstəkləyəcək. Bu bəyanatı necə şərh edərdiniz?

- Burada söhbət Ərdoğandan və ya Bahçelidən yox, Türkiyə dövlətindən gedir. Bu gün Ərdoğan sadəcə hər hansı siyasi partiyanın rəhbəri, ya da dövlətin başçısı statusunda deyil. O, Türkiyənin yenidən dirçəlməsi uğrunda aparılan savaşda lider statusundadır. Bir lider olaraq siyasi bütünlüyü, xalqın birliyini təmin və təmsil edir, nəticədə Türkiyə dövlət olaraq qarşısındakı bütün əngəlləri aşır.

- Əgər diqqət etdinizsə, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra Devlet Bahçeli ilk dəfə dövlət başçımıza təbrik məktubu göndərdi. Bu da müşahidəçilər arasında belə fikir yaratdı ki, MHP lideri Bakıya gələcək. Həmin partiya ilə yaxşı əlaqələri olan şəxs kimi bu barədə hansı məlumatlara maliksiniz?

- Bəli, doğru deyirsiniz, Bahçeli belə bir təbrik göndərmişdi. Devlet Bahçeli Türkiyə və Azərbaycanın milli maraqlarını hər zaman dəstəkləmiş siyasi xadimdir. Sevindirici haldır ki, hazırda dövlət başçıları səviyyəsində əlaqələr, qarşılıqlı etimad çox yüksək səviyyədədir. Bu gün üçün Bahçelinin Azərbaycana gəlişi aktual deyil, amma gündəmdə olmayan məsələ də deyil. Bahçelinin Azərbaycana gəlişi isə tək Azərbaycana yox, bütün türk dünyasına mesajı olacaq. Qarabağ məsələsinin çözülməsi baxımından həm də bütün dünyaya mesajdır ki, bu, həm də Türkiyənin problemi və məsələsidir.

- Yeri gəlmişkən, Türkiyədə Ermənistanla sərhəd qapılarının açılması fikrini səsləndirən, “Sürix protokol”unun müəllifi Ünal Çeviköz CHP-də sədr müavini oldu. CHP-nin belə bir isim üzərində dayanması, sizcə, nə ilə bağlıdır?

- Ermənistanla Türkiyə arasında sərhəd qapılarının açılması proyektini ortalığa çıxaran Ünal Çeviköz olub. Siyasi spekulyasiyaslarla bu ideayanı reallaşdırmağa çalışmasına baxmayaraq, xalq buna icazə vermədi. Görünür CXP-nin daxilində hələ də Fətullah Gülən və ya “amerikayönümlü” düşünən insanlar var və təəssüf ki, Kılıçdaroğlu bu cür insanların orada kifayət qədər güc qazanmasına və rəhbərlikdə yer almasına şərait yaradır.

- Xatırlatmaq istərdik ki, CHP-nin prezidentliyə namizədi Muharrem İnce kampaniyası ərzində Qarabağ məsələsinə toxunmadı. Bu nə ilə bağlı ola bilər?

- İncə siyasətdə və xalq arasında uğur qazanması üçün seçki kampaniyasında gündəmə uyğun mövzu seçməli idi. Buna görə də İncə bu cür kampaniya apardı. Amma dünyada gedən proseslərlə bağlı onun siyasi baxışı kifayət qədər aydın deyildi, hətta qaranlıq qalan tərəflər daha çox idi.

Pərvanə AĞAZADƏ
AzNews.az