07:42
(077) 610-22-33

Səni demirik, Arif Məmmədov!

  • >
7 123 8 Sentyabr 18:28 | Siyasət

Bu günlərdə sosial şəbəkələrin Azərbaycan seqmentində Güney Azərbaycandan yayılan bir hava çox məşhurdur. “Səni deyirlər” o taylı-bu taylı Azərbaycanın sədasına çevrilib. İçində azacıq milli ruhu olan hər kəsin sümüyünə düşən bu aşıq havasına insanlarımız qol qaldırıb oynayır, öz çəkimlərini sosial şəbəkələrdə paylaşır. Sulduzlu Aşıq Mahmudinin illər öncə el şənliklərində ifa etdiyi musiqi parçası beləcə dillərdə əzbər olur. Bu havanın 50-60 milyonluq Azərbaycan türkünün canına yatmasının, ruhunu tərpətməsinin, pozitiv reaksiyasına səbəb olmasının iki başlıca nədəni var.

Birincisi budur ki, eyni xalq, eyni millət, eyni toplumuq. Qanımız, canımız, sümüyümüz eynidir. Yüzillər öncə bağlanan parçalayıcı müqavilələr vahid bir millət olaraq onurğa sümüyümüzü zədələyə bilməyib. Üst şüurumuz, ictimai dünyagörüşümüz hər nə qədər fərqli basqılar altında qalmış olsa belə, təhtəlşüurumuzdan sazı çıxara bilməyiblər. Bir türk toplumu olaraq çox şeyimizi, tər-təmiz türkcəmizi saza, dastana, bir sözlə, folklora borcluyuq. Aşıq Mahmudi kimi dədələrə, Məhbub Xəlili kimi ozanlarımıza nə qədər təşəkkür etsək azdır elə buna görə də. İllərdir Azərbaycana meyxana ilə ideolojilər sırıyırlar, bəzi tanınmış meyxana ustalarına görüm-baxım edib öz ruporlarına çevirirlər. Budur, bir aşıq havası qarşısında havaya sovruldu mayaları...

İkincisi, elə bu havanın Quzeyə belə tez səs salması, gözəl əhval-ruhiyyə yaratması bir daha sübut etdi ki, RUHUMUZ BÜTÖVDÜR. Bəli, bu bütöv ruh bütün dünyaya onu car çəkir ki, Yaxın şərqdə kim hansı plan qurursa-qursun, Azərbaycan Respublikasının xalqı öz güneyli qan qardaşlarının aqibətinə heç bir halda biganə qalmayacaq.

Elə bu mesajları öz kiçik kollektivimizin adından cəmiyyətə çatdırmaq üçün bizim redaksiyamızdakı cavanlar da trendə qoşuldu. İki gündür dilimizi bilən trolların əlində qalmışıq. Hansının profilinin ağzını açırıq qum tökülür...

Onlara deyəcəyim bir söz yox, zatən, silirik, bloklayırıq...

Çoxdan blokladığım bir nəfər də var, sözü gətirirəm onun- Arif Məmmədovun üstünə...

Üç-dörd ildir izləyirəm bu adamı.

İlk gündən haqqında gəldiyim qənaət bu olub ki, vaxtılə Azərbaycanın xarici siyasət idarəsinə xüsusi xidmət üçün yerləşdirilmiş şəxsdir və ipi də bir mərkəzin, bir dövlətin əlində deyil.

Təsəvvür edin, bu adam “Wikipedia”da özünü “Azərbaycan Respublikasının dövlət xadimi” kimi təqdim edir, lakin bu təntənəli təqdimat ancaq və ancaq onun abırsız, həyasız adam olduğunu ortaya qoyur. Axı “dövlət xadimi” o kəslərə deyirlər ki, dövlətin qurulması, qorunması, möhkəmlənməsi və inkişafı prosesində yuxarı ranqda mövqe tutsun və üstün xidmətlər sərgiləsin. O isə bir zamanlar başçılıq etdiyi diplomatik missiyalarda Azərbaycanın büdcəsinə əl uzatmış, dövlət sirrini satmış, sonra da qanun qarşısında cavab verməkdən yayınmaq üçün “siyasi sığınacaq” almış biridir.

Məsələ çox bəsitdir, dövlət maraqlarını satmayan biri dövlətindən və dövlətinin qanunlarından qorxmaz. Arif Məmmədov isə qorxur, çünki Azərbaycandan başqa hər yerə, hər kəsə çalışır, maşalıq edir. Azərbaycan Respublikasına və Azərbaycan Respublikasının Prezidentinə bu cür xəyanət etmiş birinin indi folk musiqimizi “primitiv” adlandırması onun müasir və qərb dəyərlərini mənimsəmiş, sənətdən, mədəniyyətdən anlayan biri olmasından irəli gəlmir. Sadəcə, yenə virtual aləmə qaz buraxa-buraxa kuklalıq edir kimlərəsə.

Bu cür “qaz buraxan kukla”lar isə döşlərinə nə qədər ağ qərənfil taxsalar, xeyri yoxdur, nə bahalı restoranlarda şam yeməyi, nə ünlü klubların hovuzunda üzmək, nə də sadə xalqa üstdən aşağı baxmaq şakəri onlara intellektual dərinlik qazandırmır. Üz-üzə oturanda klassik musiqidən, rəssamlıqdan, ədəbiyyatdan, elmdən və fəlsəfədən 5-10 dəqiqə davamlı danışmağa potensialları çatmır. Qoyasan, yekə-yekə danışalar və özlərini tərifləyərlər, əllərindən başqa bir iş gəlmir. Yadınıza salın, xatırlaya bilmirsinizsə, “Google”də kiçik bir araşdırma aparın, könlündən hətta Azərbaycana prezident olmaq keçən Arif Məmmədov üç-dörd illik asilik dövründə neçə adam toplaya bilib başına? Hər hansı musiqi alətində məharəti varmı-yoxmu bilmirəm, ancaq siyasət səhnəsində, məşhur bir filmdə deyildiyi kimi, kontrabasda tək çalır...

Bütün bəşəri musiqilərin içində bir yanğı var. Musiqi yanğıdır və ilk növbədə insan və vətən yanğısıdır. İnsan və vətən yanğısından məhrum olanların “bəşəri” müddəaları da saxtadır, riyakarlıqdan başqa bir şey deyil. İnsan hansı əsir və özgürlüyə can atmayan ruhla, sevgisini ifadə edə bilməyəcəyi yad dildəki şərqi ilə qoşula bilər kainatın ilahi harmoniyasına...

Ustad Şəhriyarın "Heydərbabaya salam" poemasından yaxşı nə sızlada bilər içimizi?

Biz niyə sevirik "Heydərbabaya salamı"?

Çünki türkcədir, içdəndir, tarix bilincimizi qurcalayır...

Elə “Səni deyirlər” də səmimi, içdən, canında Azərbaycan sevdası olanlara xitab edən bir parçadır. O böyük alovun- AZƏRBAYCAN YANĞISInın ilk qığılcımı, Urmiyanın harayıdır; passionarlığı hərəkətə gətirən ozan səslənişi, ozan deyişidir.

Bu deyiş bizi ayağa qaldırır, əl-ələ tutmağa, halay çəkməyə sövq edir, halayımızdan, alayımızdan qorxanları isə yerində dingildədir.

Bəli, biz oynadıqca, onlar yerində dingildəyir və donquldanırlar!

Çox dingildəmə və donquldanma, Arif Məmmədov, səni demirik, heç sənə də demirik, çünki sənə haradan və kimlər tərəfindən söz deyildiyini yaxşı bilirik!..

Taleh ŞAHSUVARLI,

AzNEWS.az portalının Baş redaktoru

Bağla X