Deputat “El” hərəkatını “mənasız yığınaq” adlandırdı

Məlum olduğu kimi YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı son açıqlamasında iddia edib ki, "EL" hərəkatının rəhbəri Eldar Namazov vaxtilə hakimiyyətə yaxınlaşmağa cəhd göstərsə də bütün cəhdləri uğursuz alınıb. Bu iddianı cavablandıran Eldar Namazov isə Mübariz Qurbanlının söylədiklərinin yalan olduğunu, onun öz adətinə sadiq qalaraq, başqalarına böhtan atdığını bildirib.

Mövzunun aktuallığını nəzərə alaraq yenidən Mübariz Qurbanlı ilə əlaqə saxlayaraq məsələyə münasibətini öyrəndik. AzNews.az-a açıqlama verən M. Qurbanlı isə gözdən düşmüş, hay-küylə mətbuatda qalmaq istəyən adamlarla bağlı açıqlamalar verərək, onları gündəmdə saxlamağın tərəfdarı olmadığını söylədi:

"O, özü də nələrisə etiraf edir. Ona görə də mən bu məsələnin üzərinə getməyə ehtiyac duymuram. Xırda söhbətlərin davamlı olaraq gündəmdə qalmasının tərəfdarı deyiləm".

M.Qurbanlı onu da əlavə edib ki, E.Namazovun rəhbərlik etdiyi qurumun hansisa perspektivi olacağına ümid etmək mənasızdır:

"Eldar Namazovun yaratdığı qurumun heç bir perspektivi yoxdur və olmayacaq da. Çünki o qurum kimə, nəyə söykənib, hansı sosial bazaya malikdir, onu təhlil etsəniz görərsiniz ki, orda heç nə, heç bir fikir yoxdur. Bunlar mənasız yığınaq və heç bir ideoloji bazaya söykənməyən, hansısa prinsipial siyasi xətti, proqramı olmayan adamlardır. Belələrinin isə ətraflarına yeni bir qüvvə toplaması mümkün deyil. Bunu zaman da göstərəcək".

Gültəkin
AzNews.az