- Köhnə - Siyasət
- 18 Sentyabr 2018 15:38
- 8 159
“Qarabağın azad edilməsi üçün yeni imkanlar yaranıb”- Millət vəkili “Yaxın plan”da şərh edir
Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?
Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan fiqurlarla “Yaxın plan” rubrikası altında müsahibələr təşkil edir. Məqsədimiz ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir. Müsahibimiz politoloq, siyasi şərhçi Elman Nəsirovdur.
Elman müəllim, bildiyiniz kimi, Ərdoğanla Putin dünən Soçidə görüşdü. Bu görüşdə müzakirə olunan məsələlərlə bağlı nə deyə bilərsiniz?
- Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü öncədən nəzərdə tutulmuşdu. Heç şübhəsiz, bu iki dövlətin münasibətlərində son dövrlər pisləşmə tendensiyası mövcuddur. Xüsusilə nəzərə alsaq ki, ABŞ həm Rusiyaya, həm də NATO-da müttəfiqi olmasına baxmayaraq Türkiyəyə müəyyən sanksiyalar tətbiq edir. Bu nöqteyi-nəzərdən həm rəsmi Ankara, həm də rəsmi Moskvanın Vaşinqtonun, Trump administrasiyasının atdığı addımlarla bağlı narazılığı kifayət qədər böyükdür. Xüsusilə də Türkiyənin Rusiyadan F-400 raket kompleksi alması da Vaşinqtonda çox mənfi qarşılanıb. Türkiyə və Rusiya yaxınlaşması əleyhinə tədbirlər görülür. Bu nöqteyi-nəzərdən iki dövlətin bir çox məsələlərdə mövqeləri üst-üstə düşür. Bəlli məsələlərdir. Lakin Suriya böhranı ilə bağlı bəzi məsələlərdə müəyyən fikir ayrılıqları qalır. Baxmayaraq ki, Türkiyənin uğurlu “Afrin” əməliyyatının həyata keçirilməsində Rusiyanın da mövqeyi az rol oynamadı. Rusiya öz silahlı mövqelərini məlum bölgədən çıxarmaqla “Afrin” əməliyyatının keçirilməsinə yardımçı oldu. Amma istənilən halda, Suriyanın taleyi ilə bağlı məsələlərdə bütün mövqelərin üst-üstə düşdüyünü söyləmək çox çətindir. Ona görə də bu danışıqların gedişatında Suriya böhranı ətrafında yaranmış vəziyyət diqqət mərkəzində saxlanıldı. Eyni zamanda iki tərəfli münasibətlərlə bağlı məsələlər hər zamanki kimi, diqqət mərkəzində oldu. Ərdoğan Bakı şəhərinin azad olunmasının 100 illiyi ilə bağlı paradda çıxış edərkən dedi ki, Azərbaycanın kədəri bizim kədərimiz, problemi bizim problemimizdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı onu da söylədi ki, Türkiyənin mövqeyi aydındı və bu məsələdə Azərbaycanın yanındadır. Nəzərə alsaq ki, Rusiya münaqişənin həllində həmsədrlərdən biridir və Ermənistana təsir imkanı olan dövlətdir. Məsələyə bu kontekstdən yanaşanda şübhəsiz ki, bu danışıqlar gedişatında Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında Türkiyə və Rusiya prezidentləri arasında danışıqdıqlarını da ehtimal etmək mümkündür.
- Suriya mövzusu ilə bağlı Soçi, Ankara və Tehranda görüşlər keçirilib. Sonuncu baş tutan Tehran görüşündə Türkiyə atəşkəsin imzalanmasının leyhinə olsa da, Rusiya bununla razılaşmamışdı...
- Bəli, Tehranda keçirilən görüş Suriya böhranı ilə bağlı ümumi razılaşma ilə nəticələnmədi. Xüsusilə atəşkəsin əldə edilməsi ilə bağlı fikir ayrılığının olduğu ortaya çıxdı. Bu məsələlərdə Rusiyanın mövqeyi kifayət qədər sərtdir. Rəsmi Moskva hesab edir ki, Bəşər Əsədə qarşı güc tətbiqinin reallaşdırılması istisna deyil. Bəşər Əsədə qarşı dayanan qüvvələr, əsasən ABŞ-ı nəzərdə tutur. Süni şəkildə kimyəvi silahdan istifadə edib, bunun günahını B.Əsədin üstünə ata bilərlər. Hətta bu kimi ittihamlar da var. Ona görə də yekun sülhün əldə edilməsi istiqamətində həlledici addımların atılması baxımından bu görüşdə müəyyən irəliləyişə səbəb olacaq razılaşmalar əldə edildi. Türkiyə bu regiona sülhün gəlməsində son dərəcə maraqlıdır. Nəzərə alsaq ki, Türkiyə 3 milyondan çox suriyalı qaçqına öz qucağını açıb. Onların təhsil, sağlamlıq, yemək-içməklə bağlı problemlərini öz üzərinə götürüb. Bu kifayət qədər böyük rəqəmdir. Müqayisə üçün qeyd edim ki, 3 milyon suriyalı qaçqın Ermənistan əhalisindən xeyli çoxdur. Ermənistan milyon yarımlıq əhalisinin sosial problemlərini həll edə bilmir, iqtisadi böhran içərisindədir və əhali ölkəni tərk edir. 80 milyonluq Türkiyə isə 3 milyon suriyalını öz himayəsinə götürüb. Bu nöqteyi-nəzərdən Suriyada müharibənin yenidən alovlanması Türkiyənin maraqlarına zərər verir. Ona görə də rəsmi Ankara bu məsələlərdə yekun sülhün və atəşkəsin imzalanmasında maraqlıdır.
- Ümumiyyətlə hazırda Suriyada baş verənlərlə bağlı yekun nəticəyə gəlməkdə böyük güclər nə üçün çətinlik çəkirlər?
- Suriyada vəziyyət kifayət qədər mürəkkəbdir və demək olar ki, o bölgədə hamının hamı ilə müharibəsi gedir. Məsələ ondadır ki, Əsədə məxsus və ona qarşı qüvvələr, eyni zamanda ABŞ-ın dəstəyi ilə yaradılmış qüvvələr və müxtəlif terrorçu qruplaşmalar oranı öz fəalliyətləri üçün münbit yer hesab edir. Müxtəlif məsələlər üzrə hərbi qruplaşmalar Suriyada mövcuddur və poliqon kimi də istifadə edirlər. Mənafe baxımından böhranın həllində maraqlı olan dövlətlər və onların maraqlarının toqquşması nəticə etibarilə mürəkkəb situasiya yaradır. Suriya böhranı ilə bağlı məsələlərdə heç kim heç kimin “kitabını oxumaq” istəmir. Bax, vəziyyətin mürəkkəbliyi bununla bağlıdır. Buna görə də proses öz məntiqi sonluğuna gəlib çatmır, məntiqi nəticə vermir. Bu cəhətdən Rusiya və Türkiyə prezidentlərinin görüşü bu mövzuda mühüm cəhdlərdən biri kimi dəyərləndirilə bilər. Lakin bu görüşün münaqişənin həllinə gətirib çıxaracağına inanmaq sadəlövhlük olardı. Çünki Rusiya bu məsələdə əsas tərəflərdən biri olsa da, öz mənafeyini güdən digər tərəflər də var.
- Bilirsiniz ki, Suriyada yaşayan ermənilərin bir qismi işğal altındakı Azərbaycan torpaqlarında yerləşdirilir. Məsələnin bu tərəfinə reaksiya necə olacaq?
- Bəli, Suriyada yaşayan erməni mənşəli qaçqınları erməni hökuməti işğal altındakı Azərbaycan ərazilərinə yerləşdirir və bununla qeyri-qanuni məskunlaşma siyasəti deyilir. Bu isə beynəlxalq hüquqa zidd addımdır. Suriya böhranı baxımından bu məsələlər diqqətdə saxlanıla bilər. Eyni zamanda Türkiyə prezidenti Bakıda hərbi paradda çıxış edəndə dedi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması yalnız və yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Ermənistan işğala son qoymalıdır, yalnız bundan sonra Türkiyə və Ermənistanın qonşuluq münasibətlərinin bərpasından söhbət gedə bilər. Bu halın baş verməsi üçün Rusiyanın Ermənistana çox ciddi təsir imkanları var. Hesab edirəm ki, Ərdoğan da Putinlə apardığı danışıqlarda bu məqamları diqqət mərkəzində saxlaya bilər.
Bəs, Putinin qısa aralıqda İlham Əliyev, daha sonra Ərdoğanla görüşü nələr vəd edir?
- Nəzərə alaq ki, Türkiyə sözün həqiqi mənasında dünyada güc mərkəzidir. Azərbaycan prezidenti İlham Əliyev də hərbi paradda söylədi ki, Türkiyə həm iqtisadi, həm də hərbi baxımdan dünyada böyük gücdür. Türkiyənin iştirakı olmadan ciddi məsələlər öz həllini tapa bilmir. Türkiyə bu gün iqtisadi gücünə görə böyük 20-likdə 17-ci ölkədir. Avropa qitəsində isə 7-ci dövlətdir. Hərbi gücünə görə NATO-da ABŞ-dan sonra 2-ci dövlətdir. Bütün dünyada isə hərbi gücünə görə 10-cu mövqedədir. Rusiya və Türkiyə kimi nəhəng dövlətlərin liderlərinin görüşü təbii ki, böyük siyasi hadisədir. Bundan öncə Azərbaycan və Rusiya prezidenti ilə görüşü oldu. Bu görüşlərin Dağlıq Qarabağ münaqişəsində rolu olacağını düşünürəm.
Keçdiyimiz günlərdə Paşinyan-Putin görüşü də baş tutdu. Sizcə, Paşinyan bu görüşdən nə gözləyirdi, nə ilə qarşılaşdı?
- Paşinyanın Moskvaya səfəri tələm-tələsik, gözlənilməz oldu. Çünki Azərbaycan prezidenti iyul ayında futbol üzrə dünya çempionatına ev sahibliyi edərkən həmin yarışların açılışında olmuşdu. O zaman məlum oldu ki, Vladimir Putin ilə sentyabr ayının birində görüş olacaq. Bu bütün dünya mətbuatına yayıldı. Lakin Paşinyanın səfərindən nə Rusiya, nə də Ermənistan mətbuatı bir kəlimə yazmışdı. İlk növbədə Azərbaycan və Rusiya prezidentləri hərbi əməkdaşlıq məsələlərindən bəhs edərkən İ. Əliyev dedi ki, biz Rusiyadan 5 milyard dollar həcmində silah- sürsat almışıq və bundan sonra da bu siyasəti daha da inkişaf etdirəcəyik. Paşinyan bütün bunları eşitdikdən sonra vahimə içərisində Putinin yanına getdi. Onun bu səfəri kifayət qədər uğursuz bir səfər kimi qiymətləndirilməlidir. Ən azı ona görə ki, Paşinyan Putin tərəfindən dövlət səfərinə dəvət ediləcəyini çox arzulayırdı. Lakin əvvəlki dəfələrdə olduğu kimi, işgüzar səfər oldu. Hətta Putin Paşinyanla birgə jurnalistlərin qarşısında dayanmağı da lazım bilmədi. Azərbaycan presidenti ilə Putin 15 strateji əhəmiyyətli müqavilə imzaladı ki, onların çoxu ikitərəfli əlaqələrin inkişafı baxımından böyük avantaj hesab oluna bilər. Ermənistanla isə bir dənə də olsun sənəd imzalanmadı. Bu artıq Paşinyana olan münasibətin ifadəsidir. “Kommersant” qəzeti yazmışdı ki, deyəsən, Paşinyan Putini görmək istəyən bütün-dost tanışını yığıb, Kremlə gətirib. Rusiya mətbuatı Paşinyanı müşayiət edən komandanın Moskvaya xeyli sayda erməni konyakı apardığını, sanki bazarda al-ver edirmişlər kimi, rus məmurlara təklif etdiklərini istehza ilə yazırdı.
- Yeri gəlmişkən, Paşinyan müsahibələrinin birində Koçaryanın əvvəl-axır həbs olunacağına işarə etmişdi. Sizcə, Putinlə şəxsi münasibətləri Koçaryanın həbsinə əngəl olacaqmı?
- Paşinyan Koçaryanın həbsi ilə bağlı qərar qəbul etdi və sonra isə o, azadlığa buraxıldı. Bu cinayət işi hələ bağlanmayıb. Paşinyan onu 2008-ci il 1 mart hadisələrində ittiham edir. Məsələ ondadır ki, artıq Koçaryan da öz mövqeyini bildirir və qeyd edir ki, bu addımına görə Paşinyan peşman olacaq. Yəni onu artıq hədələyir. Putin Paşinyanın həbs etdiyi Koçaryana zəng edib onu ad günü münasibəti ilə təbrik etməsi də diqqətdən yayınmayıb. Bu, Paşinyanın Moskvaya səfəri öncəsi baş verdi. Ermənistan eks-prezidentini həbs edib, onu cinayətkar elan etdi. Putin isə ona zəng edib gələcək fəaliyyətində uğurlar arzuladı. Bu təbrikin ardınca da Koçaryan söylədi ki, qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. Belə çıxdı ki, Rusiya prezidentindən də xeyir-dua alıb. Burda çox maraqlı detal üzə çıxır. Məsələ ondadır ki, Koçaryan hazırda hakimiyyətdə deyil. Lakin prezident olduğu dövrlərdə belə bir hal qeydə alınmayıb ki, Rusiya prezidenti bir dəfə olsun ona zəng edib ad günü təbriki etsin. Eyni zamanda Kremlin saytında bu qeyd edilsin. Putinin Paşinyanın səfəri öncəsi bütün bunları etməsi Koçaryana olan rəğbətindən irəli gəlmirdi. Bu sadəcə olaraq Paşinyana olan mənfi hisslərin ifadəsi idi.
Paşinyan Putinin də dəstəklədiyi birini həbs etdirmək cəsarətini hardan alır? Bu siyasətində o, kimə arxayındır?
- Bu, sadəcə olaraq populist siyasətdi. Onun güvən yeri küçədəki insanlardır. Bu addımı ilə o, çalışır ki, korrupsiyaya qarşı sərt mübarizə apardığı görüntüsünü yaratsın və qarşıdan gələn parlament seçkilərində qalib gəlsin. Bu gün Ermənistanda ikihakimiyyətlilikdir. Ali icra hakimiyyəti Paşinyanın, qanunverici hakimiyyət isə düşmən hesab etdiyi Sarkisyanın əlindədir. O, bu həqiqətlə barışmaq istəmir. Buna görə də bütün bəyanat və çıxışları küçəyə ünvanlanır. Hələ biz gələn il may ayına qədər (president seçkilərinin keçiriləcəyi gözlənilir) çox absurd və istehzaya səbəb olacaq bəyanatlar eşidəcəyik. Əslində isə Koçaryan artıq Paşinyana müharibə elan edib. Erməni ekspertlər qeyd edirlər ki, növbəti parlament seçkilərində real inqilabı görə bilərik.
-Son dövrlər korlanan Rusiya-Ermənistan münasibətlərinin Azərbaycan üçün nəticələri necə olacaq?
- Rusiya-Azərbaycan münasibətləri çox şəffafdır. Təsadüfi deyil ki, bu yaxınlarda Cocuqmərcanlı kəndinə Rusiyanın çox nüfuzlu ictimai siyasi xadimləri, deputatları gəlmişdilər. Bir konfrans da keçirildi və adı kifayət qədər diqqəti cəlb edirdi: “Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir”. Yəni, Ermənistan müttəfiq sayılmır. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyi , Ermənistanla münasibətlərinin korlandığı reallıqda hesab edirəm ki, münaqişənin tənzimlənməsi yolunda yeni imkanlar yaranır. Bu imkanlardan maksimum faydalanmaq lazımdır. Paşinyanın ”Rusiyanın yanındayıq” deyib, Qərbin yanında olmaq istəməsi fonunda, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli üçün çox güclü imkanlar yaranmaqdadır. Azərbaycan silahlı qüvvələri genişmiqyaslı hərbi təlimlərinə başlayıb. Hərbi parad zamanı isə Azərbaycan potensialının sadəcə bir hissəsini göstərdi. Bu özü belə Ermənistanda vahimə ilə qarşılandı.
Bildiyiniz kimi, son 9 ayda R. T. Ərdoğan 6 dəfə Azərbaycan prezidenti ilə görüşüb...
- Bu faktdan da göründüyü kimi, bu gün Türkiyə ilə münasibətlərimiz ən yüksək zirvədədir. Azərbaycan prezidenti İlham Əliyev iki ölkənin münasibətlərini məhz bu cür qiymət verdi və qeyd etdi ki, dünyada ikinci dövlət yoxdur ki, münasibətləri bu səviyyədə bir-birinə yaxın və arxa-dayaq olsunlar. Türkiyə-Azərbaycanın əlaqələrinin bu səviyyədə olması hər iki dövlətin maraqlarına cavab verir və regional təhlükəsizliyə, sabitliyə xidmət göstərir. Biz dünən də bir yerdəydik, bu gün də bir yerdəyik, gələcəkdə də bir yerdə olmalıyıq.
Pərvanə AĞAZADƏ
AzNews.az