"Dağlıq Qarabağ problemi bizim də problemimizdir. Türkiyə olaraq Azərbaycanın mübarizəsini sonadək dəstəkləyəcəyik". "Dağlıq Qarabağ problemi bizim də problemimizdir. Türkiyə olaraq Azərbaycanın mübarizəsini sonadək dəstəkləyəcəyik".

"Azərbaycan Qarabağ davasında tək deyil" - Ərdoğandan ciddi mesaj

"Dağlıq Qarabağ problemi bizim də problemimizdir. Türkiyə olaraq Azərbaycanın mübarizəsini sonadək dəstəkləyəcəyik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib. Azərbaycan torpaqlarını işğal edən Ermənistana Bakıdan ciddi mesaj göndərən Ərdoğan vurğulayıb ki, qardaşlarımızın 20 faiz torpağını işğal edənlərin bizdən sərhədləri açmağı gözləməsi boşunadır:

"Türkiyənin bununla bağlı mövqeyi qətidir. Öncəliklə addım atması gərəkən işğalçılardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı münasibət qurmaq istəyirik. Dağlıq Qarabağ probleminin həlli Ermənistanla münasibətlərimizin düzəlməsinin əsas şərtidir".

Türkiyə lideri bəyan edib ki, ATƏT-in Minsk Qrupu diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə cəmləməlidir: "Münaqişənin həllinin gecikməsi bir daha Minsk Qrupunun passivliyini göstərir. Minsk Qrupu bu problemin həlli üçün hələ də səmərəli addım atmayıb".

Qardaş ölkə rəhbərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən məmnunluqla qarşılanıb. Fikir bildirənlərin hamısı birmənalı qeyd ediblər ki, cənab Ərdoğan başda olmaqla Türkiyə dövləti və xalqı hər zaman Azərbaycanın haqq səsini dəstəkləyiblər. Ərdoğanın paradda səsləndirdiyi bəyanatlar da rəsmi Ankaranın Azərbaycana dəstəyinin ifadəsidir.

Bu barədə "Şərq"ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın paraddakı çıxışları işğalçı Ermənistanla yanaşı, Azərbaycanın ərazi bütövlüyünü üzdə tanıyıb, arxada gizli işlər çevirən qonşu ölkələrə də ünvanlanmışdı. Paradda səslənən fikirlərin NATO üzvü olan Türkiyə ordusunun Ali Baş Komandanı tərəfindən dilə gətirildiyini vurğulayan politoloq bəyan edib ki, ilk mesaj indiki Ermənistan hökumətinə, baş nazir Nikol Paşinyana verildi:

"Ərdoğan dolayısı ilə söylədi ki, Paşinyan nə qədər çalışsa da, münaqişənin həllinə mane ola, problem yarada bilməyəcək. Ermənistan Dağlıq Qarabağı işğal etməklə çox böyük problemin içinə düşüb. Çünki Azərbaycan bu məsələdə tək deyil. Türkiyə kimi böyük bir dövlət öz iradəsini ortaya qoyaraq, Azərbaycanla eyni mövqedən çıxış edir. Halbuki düşmən Ermənistanla eyni mövqedən çıxış edən heç bir dövlət yoxdur. Rusiya və İran Ermənistana gizli dəstək verirlər, birbaşa işğalçı ölkənin yanında olduqlarını demirlər. Lakin Türkiyə Azərbaycanın haqqını öz haqqı kimi müdafiə edir. Bu baxımdan Ərdoğanın bəyanatları böyük siyasi əhəmiyyətə malikdir".

Professor bildirib ki, 100 il əvvəl Türkiyə necə əhəmiyyətli və güclü idisə, bu gün də eyni qüdrətə sahibdir: "Ərdoğan Azərbaycan Prezidentini özünə ən yaxın dost, qardaş hesab edir. Qardaş Türkiyənin yanımızda olduğunu göstərməsi, bizə mənəvi dəstək göstərməsi kifayətdir. Ərdoğan çıxışında birmənalı şəkildə ifadə etdi ki, "Azərbaycanın dərdi Türkiyənin dərdidir". Məhz bu cür siyasi çərçivələr daxilində Azərbaycan və Türkiyənin maraqlarının ortaq olduğu vurğulandı. Bildiyiniz kimi, bölgədə müəyyən gərginlik var.

Qafqazda ABŞ və Rusiyanın maraqları toqquşur. Belə bir şəraitdə Azərbaycan açar dövlət rolunu oynayır. Ərdoğan da buna diqqət çəkib. Əlbəttə, Azərbaycan ordusu kifayət qədər güclüdür. Dövlət başçısının bəyan etdiyi kimi dünyanın orduları sırasında milli ordumuz 50-ci yerdə dayanır. Hər halda qardaş ölkənin dəstəyi bizə güc verir". (sherg.az)

AzNews.az