Nəzakət Məmmədova: “Belə yanlış bir məqamın Trampın məktubunda yer alması olduqca təəccüblüdür” Nəzakət Məmmədova: “Belə yanlış bir məqamın Trampın məktubunda yer alması olduqca təəccüblüdür”

"Trampda yanlış təsəvvür yaradılıb" - AzNews.az-ın ifşa etdiyi təbrikə təpki böyüyür

Nəzakət Məmmədova: “Belə yanlış bir məqamın Trampın məktubunda yer alması olduqca təəccüblüdür”

ABŞ Prezidenti Donald Tramp Nikol Paşinyanı Amerika xalqı adından Ermənistanın müstəqilliyinin 27 illiyi münasibətilə təbrik edib. Təbrikin mətni Ermənistan mediasında yayımlanıb.

Sözügedən təbrik mətnində diqqətçəkən bəzi vacib məqamlar var. Onlardan biri də Donald Trampın Paşinyana NATO ilə əməkdaşlıq sahəsində göstərdikləri səylərə və xüsusilə də Suriyadan olan qaçqınları açıq ürəklə Ermənistanda qəbul etdiklərinə görə xüsusi təşəkkürünü ifadə edib. Bəllidir ki, bu məzmunlu məktublar ölkələr arasında tez-tez mübadilə olunur və daha çox protokol xarakteri daşıyır. Ancaq buna baxmayaraq, məktubların məzmununa ciddi diqqət etmək kimi zərurətlər ortaya çıxmış olur. Trampın məktubunda suriyalı qaçqınların qəbuluna görə Ermənistana təşəkkür etməsi çox ciddi məqamdır. Çünki Azərbaycan dəfələrlə ali rəsmi səviyyələrdə bildirib ki, Ermənistan süni köçürmələrlə Dağlıq Qarabağdakı əhalinin say tərkibini öz xeyrinə dəyişməyə çalışır. Eyni zamanda, Azərbaycan təkzibedilməz faktlarla sübuta yetirib ki, Ermənistan Suriyadan qaçqın adı ilə işğal altında olan Dağlıq Qarabağ ərazisinə terrorçuları yerləşdirir. Belə ciddi nüanslar ola-ola, ABŞ kimi super dövlətin başçısının Amerika xalqı adından ünvanladığı məktubda niyə ciddi yanlışlığa yol verilir? Bunu ABŞ-ın deyilən sahədə informasiya qıtlığı ilə izah etmək mümkündürmü?

Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan tərəfindən Qarabağda aparılan qanunsuz məskunlaşdırma beynəlxalq hüquqa, konvensiyalara zidd olmaqla bərabər, danışıqlar prosesinə zərbə vuran hərəkətdir: “ABŞ həmsədr ölkə kimi buna etiraz etməlidir. ABŞ kimi nəinki Ermənistanda güclü agentura şəbəkəsi olan, hətta kosmosdan belə kəsfiyyat aparmaq imkanları olan ölkənin bu qanunsuz məskunlaşdırmadan xəbərsiz olması mümkün deyil. Belə yanlış bir məqamın Trampın məktubunda yer alması olduqca təəccüblüdür”.

Nəzakət Məmmədovanın sözlərinə görə, belə bir şəraitdə ABŞ Prezidenti də yəqin ki, Ermənistanın rəsmi mövqeyini əlində əsas tutur: “Çox zaman olduğu kimi, real faktın özünə sərf edən tərəfini görməyə üstünlük verir. Üstəlik də Ermənistanın indiki hakimiyyəti onun xüsusi protektoratlığı altında olduğu üçün, ABŞ bu məsələni görməzdən gəlir”.

Politoloqun sözlərinə görə, müharibə başlayanda Suriyada 100 min erməninin yaşadığı təxmin edilir: “2012-ci ilin əvvəllərindən başlayaraq Ermənistan öz ərazisində Suriyadan olan erməni qaçqınlarını qəbul etməyə başlayıb. Onlar ilk əvvəl ermənilərin Kaşataq adlandırdığı və Laçın, Qubadlı, Zəngilan rayonlarının ərazilərindən təşkil edilmiş rayonda məskunlaşmışlar. Bəzi suriyalı ermənilər burada yaşamaq istəsələr də, sonradan iş tapmaq ümidilə İrəvanda qalmağa üstünlük vermişlər. Qarabağa köçürülənlər isə yaşayış yeri və torpaq sahəsi ilə təmin olunmuşlar. Məhz Laçın rayonunda daha çox erməni qaçqınının məskunlaşmasını ermənilər vətənpərvərlik hissləri ilə izah etməyə çalışırlar. Lakin mülayim iqlimə malik olan Suriyadan nisbətən sərt iqlimi olan əraziyə köçən ermənilər ilk vaxtlar mühitə uyğunlaşmağa çətinlik çəkiblər. Ermənistan hökumətinin danışıqlar prosesində Şuşanın və Laçının statusunu xüsusi diqqətdə saxlaması onları məhz adıçəkilən rayonları məskunlaşdırmağa vadar edib”.

Nəzakət Məmmədovanın sözlərinə görə, Suriyadan Ermənistana 15-20 min qaçqının gəldiyi bildirilir. Ermənilərin Suriyadan Ermənistana axını 2012-ci ildə başlayıb. Həmin vaxt 6,5 min erməni gəlib. 2013-cü ildə – 11 min, 2015-ci ildə – 15 min erməninin köçdüyü məlumdur.

“Ermənistan cəbhə xəttini canlı qüvvə ilə təmin etmək iqtidarında olmadığından, səngərlərdə muzdla kasıb təbəqədən olan cəbhəyanı ərazilərin sakinlərinin yerləşdirilməsi təcrübəsi geniş yayılıb. Lakin yerli ermənilər kifayət qədər təhlükəli olan bu işdən imtina etdikləri üçün, suriyalı qaçqın ermənilərin həmin sahəyə cəlb edilməsi istisna edilmir. Qarabağın statusunun qeyri-müəyyən olması səbəbindən Ermənistan hökuməti köçürmə siyasəti həyata keçirdiyini məxfi saxlamağa üstünlük verir. Azərbaycanın etiraz notası verməsindən sonra erməni rəsmiləri bildirmişlər ki, Suriya erməniləri Qarabağda öz iradələri ilə yerləşmişlər və bu, Ermənistan hökumətinin təşəbbüsü deyil. Ermənistan və Dağlıq Qarabağın xeyriyyə təşkilatları gələnlərə yardım məqsədilə bir sıra proqramlar həyata keçirmişlər”.

Nəzakət Məmmədova deyir ki, Ermənistan hökuməti qanunsuz məskunlaşdırma siyasəti apararaq ölkə daxilində və Qarabağda mövcud olan demoqrafik böhranı aradan qaldırmağa ümid edir: “Məlumatlara görə, Suriya, İraq və Livanda Ermənistan hökuməti tərəfindən xüsusi ofislər yaradılıb. Burada Ermənistana və Dağlıq Qarabağa köçmək istəyən ermənilərə çox qısa müddətdə şəxsiyyət vəsiqəsi, pasport və vətəndaşlıq, eyni zamanda sığınacaq verilməsinə dair sənədlər verilir. Ermənistan hökuməti onları “qaçqın” deyil, “öz tarixi vətənlərinə geri dönən diaspor nümayəndələri” adlandırır. ABŞ onu da nəzərə almalıdır ki, qaçqın adı ilə işğal altında olan ərazilərə köçürülənlərin içərisində kifayət qədər terrorçu da var ki, bununla bağlı rəsmi Bakı dəfələrlə öz narazılığını ifadə edib”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com/