“İbrahimbəyov bu böhtana görə cavab verməlidir“

"Ölkəyə ləkə gətirən bir insan Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmaq yolunu seçib"

Rüstəm İbrahimbəyovun söylədikləri Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq məqsədi daşıyır. Bu, onun indiyədək atdığı çirkin böhtanlardan biridir.

Bunu SalamNews-a Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirib.

O, bunları Azərbaycan reallıqlarına, hakimiyyətinə və ölkə prezidentinə atılmış böhtan kimi dəyərləndirib: "O, bu böhtana görə cavab verməlidir. Azərbaycan-Rusiya münasibətləri ilə əlaqədar biz mövqeyimizi dəfərlərlə bildirmişik. Rusiya Azərbaycanın qonşusudur və qonşuluq münasibətləri çərçivəsində Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq əlaqələri mövcuddur. Bununla belə çoxlu sayda Azərbycan vətəndaşları Rusiyada yaşayır, eləcə də insani münasibətlər çərçivəsində iki ölkə arasıda əlaqələr mövcuddur və biz bunu yüksək qiymətləndiririk."

Ə.Əhmədov təəssüflə bildirib ki, R.İbrahimbəyov kimi azərbaycanlı adını daşıyan, amma Azərbaycana problemlər yaradan, ölkəyə ləkə gətirən bir insan iki ölkə arasında münasibətlərə zərbə vurmaq, problem yaratmaq yolunu seçib. Bu insan niyyətinə çatmaqdan ötrü çirkin vasitə tapıb. Bu da ölkə prezidentinə və hakimiyyətinə ağ-yalan və böhtan atmaqdan ibarətdir.

AzNews.az