“Erməniləri də Allah yaradıb, biz onların qırılmasını istəmirik” “Erməniləri də Allah yaradıb, biz onların qırılmasını istəmirik”

“İranda azərbaycanlı olan xristianlar var“ - MÜSAHİBƏ

“Erməniləri də Allah yaradıb, biz onların qırılmasını istəmirik”



İran İslam Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin müsahibəsinin sonuncu bölümünü sizlərə təqdim edirik.

- İranda yaşayan azərbaycanlılara qarşı diskriminasiya siyasətinin yürüdülməsi və onlara öz ana dillərində təhsil almaq, oxumaq imkanının verilməməsi ilə bağlı ciddi narazılıqlar var. Bu narazılıqların aradan qaldırılması və ya heç olmasa azaldılması üçün hazırkı idarəetmə prinsiplərində nələri dəyişmək lazımdır? Azərbaycanlıların İranda durumu necədir?

- Mən belə iddiaları ortaya atanları İrana dəvət edirəm. Biz Azərbaycanla vizanı aradan qaldırmışıq və rahat gedə bilərlər. Belə iddialarla çıxış edənlər Təbrizə, Ərdəbilə, Urmiyaya, digər şəhərlərə baş çəkib azərbaycanlılarla danışsınlar. Əgər onlarda insaf varsa, ədalətli insanlardırlarsa, İrana gedib rahat şəkildə bu məsələləri yerindəcə araşdırsınlar. Başqa dilə, tərcüməçiyə ehtiyac da yoxdur, elə Azərbaycan dilində danışsınlar. Bu sualları orada yaşayan əhaliyə versinlər, elə oradaca cavablarını alacaqlar.

Bəzilərində insaf yoxdur, bağlı qapılar arxasında oturub inadla düşmənçilik və pozuculuq mövqeyi ortaya qoyurlar. Bizim onlarla işimiz yoxdur. Əgər kimdəsə şübhə var, İrana bir dəfə səfər etsin. Bu adamlar İrana getmək istəmirlərsə, onda Azərbaycan dilində olan İran telekanallarına baxsınlar. İranın bütün vilayətlərində özəl regional televiziyalar var, ayrı-ayrı xalqlar öz dillərində televiziyaya baxırlar. Şərqi, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərinin özlərinin televiziyaları var. Burada da o televiziyalara baxmaq, Azərbaycan dilində olan radioları dinləmək mümkündür. Əgər insafları varsa, onda bilərlər ki, haqqında danışdıqları məhdudiyyətlər var, yoxsa yox.

Bir çox əhəmiyyətli məsələ var və dostlar bunlara diqqət etməlidir. İranda irqçilik, tayfabazlıq, milliyyətçiliyə, etnik amillərə əsaslanan ayrı-seçkilik yoxdur, belə məsələlər müzakirə olunmur. Biz hamımız özümüzü bir millət sayırıq. Azərbaycanlı, ərəb, bəluc, bəxtiyari, lor, kürd – hamımız bir millətik. Beş min il bundan əvvəldən başlayaraq ta indiyə qədər bu millətin rəsmi dili fars dili olub. Fars dili bizim milli vəhdətimizin, birliyimizin, varlığımızın simvoludur. İranda yaşayan bütün xalqlar fars dilini qəbul ediblər. Bütün xalqlardan olan şairlər fars dilində şeirlər yazırlar. Azərbaycanlı, bəluc şairləri fars dilində yazıb-yaradıblar. O cümlədən azərbaycanlı Məhəmmədhüseyn Şəhriyarın şeirlərinin əksəriyyəti fars dilindədir. Hətta Təbriz İranın paytaxtı olan zamanlarda belə rəsmi dil fars dili olub.

İslam inqilabından sonra da fars dilinin rəsmi dil və milli birlik simvolu olması konstitusiyada qeyd olundu. Biz bunu konstitusiya ilə təsbit etmişik. İran əhalisinin 98 faizi, o cümlədən azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər konstitusiyaya, dolayısı ilə birliyə səs veriblər. Əgər bir ölkədə on xalqın nümayəndəsi yaşayırsa və on rəsmi dil olarsa, orada birlik, vəhdət yaranarmı? İstismarçı ölkələrin əsas siyasəti ilk növbədə həmin ölkədəki milli dili məhv etmək olub. Onlar həmişə buna çalışıblar. Balkanları məhz bu siyasətlə tikə-tikə etdilər, parçalara böldülər. Ona görə də İranda heç kəs fars dilindən narazı deyil. Bəziləri iddia edirlər ki, panfarsizm azərbaycanlıları məhv etmək istəyir. Fars vilayəti var, amma orada yaşayanların hamısı farsdilli deyil. Orada azərbaycanlılar da, ərəblər də yaşayır. Fars vilayətində də, Şirazda da türklər yaşayır. Hafiz öz şeirlərində də buna eyham vurub...

- Deyirsiniz ki, azərbaycanlılar, bəluclar, ərəblər, kürdlər hamısı bir millətdir. Bəs bu millətin adı nədir?


- Bütün bunların hamısı İran millətidir. İranın qədim adı Perşia olub. Ona görə də bəziləri fikirləşirlər ki, əgər bunun adı Perşia olubsa, deməli, indiki İranda tək fars xalqı olub. Xeyr, belə deyil. Bu o deməkdir ki, fars dili İranın rəsmi dili olub, bütün tayfalar və xalqlar bu dildən istifadə edib. Hazırda Azərbaycanın rəsmi dili Azərbaycan dilidir və burada yaşayan xalqlar da Azərbaycan dilində danışır, bu dildən istifadə edirlər. Bu, Azərbaycanın milli vəhdətini təmin edən amildir. Əgər Azərbaycan hər etnik xalqın, tayfanın dilini rəsmi dil elan etsə, onda milli vəhdəti aradan qaldırmış olar. Ona görə də hər bir ölkənin konstitusiyasında bir rəsmi dil göstərilir və bu, milli birliyin, vəhdətin əsasını təşkil edir. İranda yaşayan bütün xalqlar fars dilini sevirlər, buna böyük maraqları var.

- Azərbaycan dilində televiziya, radionun olmasını, insanların küçədə öz dillərində danışmasını misal göstərirsiniz. Bəs məktəblərdə necə, azərbaycanlılar ana dilində təhsil ala bilirlərmi?


- Dedim axı, bizim rəsmi dilimiz fars dilidir və milli birliyimizin vəhdətidir. Ona görə də bütün məktəblərdə tədris fars dilindədir. Dünyanın heç bir yerində hər vilayət üçün müstəqil dil, ayrı Təhsil Nazirliyi nəzərdə tutulmur. Ona görə də bizim milli dilimiz fars dilidir və bütün ölkədə dərslər bu dildədir. Buna baxmayaraq İranda hər bir xalqın dilinə, mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşılır. İran Azərbaycanında hər kəs öz dilində danışır, televiziyalar da Azərbaycan dilindədir, bu dildə qəzetlər dərc olunur. Bəlucistanda bütün bunlar bəluc dilindədir. Heç kim bəluca demir ki, sən öz dilində danışma. O biri vilayətlərdə də eyni qaydadır.

Səddam Hüseyn bir zamanlar İranın ərəblər yaşayan bəzi ərazilərini Ərəbistan adlandırdı və deyirdi ki, ərəblərin torpaqlarını azad etmək üçün İrana hücum edirəm. Səddam Hüseynə qarşı vuruşanlar da ilk olaraq İran ərəbləri oldu, ərəblər ayağa qalxdılar. İranın bütün xalqları – kürdlər, bəluclar, farslar, azərbaycanlılar ərəblərə kömək etdi və Səddam Hüseynin işğalçı qüvvələrini geri oturtdular. Ona görə ki, onların hamısı İran xalqının nümayəndələridir, bu ölkənin vətəndaşları, sahibləridir. Bütün xalqlardan şəhidlərimiz var, azərbaycanlılar, ərəblər, bəluclar, kürdlər şəhidlər veriblər. Onlar hamısı İran üçün vuruşurdular. Əgər bizdə milli vəhdət, birlik olmasaydı 35 ildir Amerika və onun həmkarları ilə vuruşa bilməzdik, onların qarşısında dayana bilməzdik.

- Amma İranda yaşayan azərbaycanlılar deyirlər ki, ölkə konstitusiyasının 15-ci maddəsi İranda yaşayan xalqlara öz dillərində təhsil almaq haqqı verir. Konstitusiyanın 15-ci maddəsi niyə həyata keçirilmir?


- İstənilən vilayətdəki məktəblərdə ana dili dərsinin keçirilməsi üçün heç bir maneə yoxdur. Bu, bütün vilayətlərdə belədir. İstəsələr, ana dili dərsi ala bilərlər. Amma əsas dərslər fars dilində keçirilir. Heç kəsin də buna etirazı yoxdur. Digər ölkə vətəndaşlarının İranda yaşayan azərbaycanlılara bizim özümüzdən çox ürəyi yanmayacaq ki! İnsana anadan mehriban heç kəs ola bilməz axı. Bütün bu sözlər, iddialar da Azərbaycan Respublikasının bütün xalqı tərəfindən deyil, bəzi xüsusi qruplar tərəfindən ortaya atılır. Burada Azərbaycan xalqı ilə çox yaxşı münasibətlərimiz var.

- Bu gün Avropada İrandan getmiş xeyli azərbaycanlı var. Onlar deyirlər ki, Güney Azərbaycanında azadlıq hərəkatı, müstəqillik və İranın tərkibindən çıxmaq istəyi var. Bu hərəkatın liderlərindən biri də hazırda ABŞ-da yaşayan Mahmudəli Çöhrəqanlı hesab olunur. İranda azərbaycanlıların ölkənin tərkibindən çıxmaq meylləri hiss olunurmu?


- Adlarını çəkdiyiniz, sadaladığınız bu adamlar, qruplar sayca çox azdırlar. Onu da deyim ki, belələri yalnız İran Azərbaycanında, bu coğrafiyada mövcud deyillər. İran ərəbləri, bəlucları daxilində də belə kiçik qrupları çoxdan yaradıblar. Ümumiyyətlə, İranın daxilində heç kəs belə mövzulara fikir vermir. Bizdə Kürdüstan vilayəti var. İraqda da, Suriyada da, Türkiyədə də belə vilayətlər var və orada kürdlər yaşayır. Hər üç ölkədə kürdlərlə problemlər mövcuddur. İraq kürdləri artıq muxtariyyət elan ediblər. Türkiyə kürdləri dövlət əleyhinədirlər. Suriya kürdləri müxalif mövqe tutublar. Dövlətlə problemi olmayan yalnız İran kürdləridir. Bizim kürdlər dövlətlə bir yerdədir. Niyə görə? Çünki ümumiyyətlə İranda tayfabazlıq amili yoxdur. Türk kürdlə, bəluc ərəblə evlənir, hamı bir millət çərçivəsində yaşayır. Bu, bizim inkişaf və vəhdət amilimizdir.

- Cənab səfir, Azərbaycanın hüquq mühafizə orqanları tez-tez bəyanatlar verir ki, İrandan Azərbaycana narkotik daşınır. Tez-tez böyük qruplar və külli miqdarda narkotik saxlanır. Belə bir fikir var ki, İran bu şəxsləri qəsdən sərhəddə saxlamır, onların bu tərəfə keçməsinə şərait yaradır. Sizcə, necə olur ki, Azərbaycana narkotik gətirən şəxsləri İran sərhədçiləri, gömrükçüləri saxlaya bilmir?


- Mən sizə bir statistikadan danışacam. BMT-nin və digər beynəlxalq təşkilatların hazırladıqları statistikadır, hesabatdır. Həmin hesabatlarda qeyd olunur ki, İran narkotik vasitələrin daşınmasının qarşısını alan ən öncül ölkələrdəndir. Ən çox xərci biz çəkmişik, ən çox şəhidi biz vermişik. Ona görə belə etmişik ki, narkotik vasitələr nəinki qonşu ölkələrə, hətta Avropaya da daşınmasın. Avropa ölkələrinin bizə qarşı düşmənçilik siyasəti yürütməsinə baxmayaraq bu məsələdə bizə həmişə təşəkkür edirlər. Narkotik vasitələrin tranzit məqsədilə Azərbaycana gətirilməsinə heç vaxt və heç bir halda icazə verə bilmərik. Ona görə ki, Azərbaycan vətəndaşları müsəlman, şiədir, bacı-qardaşlarımızdır, öz vətəndaşlarımız kimidir. Bu sahədə Azərbaycanın aidiyyəti orqanları ilə aramızda həmişə əməkdaşlıq mövcuddur. Sərhədlərdə daim ciddi nəzarət var. Söhbət ondan gedir ki, bu sahədə çalışanlar və narkotik vasitələr həddən artıq çoxdur. Belə ki, narkotik qrupları həmişə Amerika və Avropa mafiyası ilə himayə olunurlar. Gücümüz olan qədər qarşısını alırıq. Bu, şəriətdə də haramdır.

- Azərbaycan həbsxanalarında İranla əməkdaşlıqda ittiham olunaraq tutulmuş xeyli insan var. Bu şəxslərin bir hissəsi dindarlardır. Hüquq mühafizə orqanları onları İranın bəzi qruplarının təxribat xarakterli fəaliyyətlərini yerinə yetirməkdə günahlandırır. İranın Azərbaycanın dini kəsimi ilə əlaqələri varmı?


- Azərbaycan müsəlman xalqı ilə mənəvi rabitəmiz var. Azərbaycanın bəzi vətəndaşları İranda dini təhsil alır. Azərbaycan səfirliyi də onlarla həmişə rabitədədir. Bəzi dini alimlərimiz dini təbliğ üçün buraya gəlir. "Quran" qarilərimiz "Quran" oxumaq üçün Azərbaycana səfər edirlər. Amma Azərbaycan hökumətinə müxalif olanlarla heç bir münasibətimiz olmayıb, olmayacaq da. Biz həmişə belə münasibətlərin mövcudluğunu təkzib etmişik. Belə iddialar olsa da, heç bir dəlil-sübutları olmayıb. Əmin ola bilərsiniz ki, biz dostluq, qarşılıqlı hörmət, bir-birinin daxili işinə qarışmama şəraitində bir-birimizə tam sədaqətliyik.

- İran dini, Azərbaycan isə dünyəvi dövlətdir. İranın Azərbaycanda dini dövlət yaratmağa çalışmasına dair fikirlər var. İranın belə bir niyyəti varmı? Bununla bağlı hansısa qruplara dəstək verirmi?


- Bizim bu sahədə heç bir fəaliyyətimiz yoxdur. Ümumiyyətlə, heç vaxt ideologiyanı zorla heç yerə ixrac edə bilməzsiniz. Dünya xalqları hər hansı ideologiyanı özünə götürməkdə azaddır. İranda da dünyəvi sistemi sevənlər var. Biz Azərbaycanı İrandakı dünyəvi sistemi sevənləri dəstəkləməkdə ittiham edə bilərikmi? İdeologiya mal deyil ki, onu ixrac edəsən. İranda müsəlman, xristian, zərdüşt, yəhudi, hətta kommunist, dünyəvi sistemi bəyənən insanlar var. Bunlar da çox təbliğat aparan qruplar tərəfindən ixtilaflar yaratmaq üçün ortaya atılan məsələlərdir. Belə deyil.

- Bakının Nardaran kəndində hakimiyyət əleyhinə tez-tez aksiyalar keçirilir, İran bayraqları qaldırılır. İran bu kəndə dəstək verirmi?


- İran müsəlman və inqilabi ölkədir. Dünyanın hər yerində İran tərəfdarlarının olması təbiidir. Siz Azərbaycan küçələrində gəzib digər ölkələrin bayrağını görə bilərsiniz. Bu o demək deyil ki, həmin ölkə Azərbaycanın daxili işlərinə qarışır. İranı da kimsə sevib bayrağını qaldıra bilər.

- Həbs olunan dindarların çoxu İranda təhsil alanlardır. Bu, sizə bir qədər qəribə gəlirmi?


- Məndə belə statistika yoxdur. Kimsə İranda təhsil alıb buraya gəlir, ictimai fəaliyyətlə məşğul olursa, biz onu təsdiq edə bilmərik axı. Amerikada təhsil alıb gələn İranda terror törədirsə, biz onu Amerikanın himayəsi altında bu işi etdiyinə görə ittiham edə bilərikmi?

- Cənab səfir, İran İslam Konfransı Təşkilatının əsas ölkələrindən biridir, aparıcı mövqeyə sahib olan dövlətdir. Bu təşkilatın qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və xüsusi qeyd olunur ki, təşkilat üzvləri Ermənistan işğalını aradan qaldırmaq üçün özlərinin iqtisadi və siyasi imkanlarından istifadə etməlidirlər. Amma İranla Ermənistan arasında çox güclü iqtisadi-siyasi əlaqələr var. Bu da Ermənistanın işğalçı siyasətini davam etdirməsinə şərait yaradır. Ermənistanın işğalçı siyasətini aradan qaldırmaq üçün İran dövləti hansısa addımlar ata bilərmi?


- Ermənistan bizim qonşumuzdur. Biz Ermənistanla qonşuluq münasibətləri çərçivəsində əməkdaşlıq edirik. Ermənistan xristian ölkəsidir. Biz Ermənistanla ona görə münasibət qururuq ki, Qarabağ münaqişəsi bir müsəlman-xristian münaqişəsinə çevrilməsin. Bu, Azərbaycanın xeyrinədir ki, xristian aləminin təzyiqi altına düşməsin. Bəzi ölkələr Ermənistanla mədəniyyət və digər sahələrdə çox yüksək münasibətlər qurub. Amma Azərbaycan tərəfindən heç vaxt tənqidə məruz qalmırlar. Amerikaya baxın, hətta Qarabağda nümayəndəliyinin olması üçün icazə verilib. Ermənistana milyardlarla maddi yardım göstərir. Niyə tənqid edilmir? Ermənistanda İsrail lobbisi çox güclüdür. Hətta Qarabağda keçirilən seçkilərdə İsrailin nəzarətçiləri vardı. Dolayısı ilə Qarabağın müstəqilliyini təsdiq etdi. Niyə ən çox tənqid İrana tuş gəlir?

Ermənistanın idxal etdiyi yüklərin cəmi 15 faizi İrandan daşınır. Hətta Ermənistanla heç bir münasibəti olmayan, amma Azərbaycana dost olan ölkə Ermənistanla bizdən daha çox iqtisadi, mədəni münasibətlər qurur. Hesab edirəm ki, Azərbaycanda bəzi qeyri-rəsmi dairələr problemi ayrı ölkənin boynuna atmaqla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir, diqqət yayındırmağa çalışırlar. Belə olan halda əsas problem kənarda qalır.

- Ermənistana dəstək verən digər dövlətlərlə müqayisədə, bəlkə müsəlman ölkəsi olan İrandan daha çox dəstək umulur...


- Elə bu səbəblərə və bağlılığa görə bizim Azərbaycanla olan münasibətlərimiz Ermənistanla müqayisədə çox fərqli və yüksək səviyyədədir. Bizim Azərbaycanla yeddi müştərək sərhəd nöqtəmiz var. Bütün sahələrdə Azərbaycanla əlaqələrimiz Ermənistanla müqayisədə daha çoxdur və fərqlidir. Müxtəlif zamanlarda həmişə Azərbaycanın yanında olmuşuq. Hesab edirəm ki, hamı real vəziyyəti bilməlidir. Amma İranda anti-erməni siyasəti yoxdur. Heç anti-yəhudi siyasəti də yoxdur. İran erməniləri bizim vətəndaşlardır, orada yaşayırlar. İranın Səddam Hüseynlə müharibəsində ermənilər iştirak edirdilər, şəhid belə olublar. Hətta İranda azərbaycanlı olan xristianlar var. Yəqin ki, Səttarxanı tanıyırsınz. Erməni Yefremxan hərəkat zamanı Səttarxanın silahdaşı idi. Hər ikisi Məşrutə uğrunda vuruşublar. Yefremxan bu yolda canını qoyub, şəhid olub.

Bəzən siz İranı Türkiyə ilə müqayisə edirsiniz. Halbuki Türkiyənin ermənilərlə ixtilafının çox dərin tarixi kökləri, səbəbləri var. Hətta Qarabağ münaqişəsindən əvvəl də Türkiyənin ermənilərlə münaqişəsi mövcud idi. Qarabağ münaqişəsi həll olunandan sonra da bu ixtilaflar qalacaq. Qarabağ münaqişəsindən əvvəl həm Ermənistan, həm Azərbaycan iki müstəqil ölkə kimi SSRİ tərkibində birlikdə, mehriban qonşu kimi yaşayıblar. Hesab edirəm ki, Qarabağ münaqişəsini azərbaycanlılar və ermənilər arasındakı ixtilaf, iki xalqın münaqişəsi kimi göstərmək düzgün deyil. Ona görə də İranın Ermənistana gedən qida yüklərinin qabağını kəsəcəyinə, buna imkan verməyəcəyinə dair heç bir gözlənti olmamalıdır. Heç kim bunu gözləməsin. Məsələn, bir dəfə Azərbaycan rəsmilərindən biri bildirdi ki, İran Ermənistanla sərhədi bağlasa, Ermənistan, ermənilərin hamısı acından qırılacaq. Amma bu yolverilməzdir. Erməniləri də Allah yaradıb, biz onların qırılmasını istəmirik. Sən Allahın yaratdığını niyə qırırsan? Biz onları niyə qırmalıyıq?

Erməni xalqı bilməlidir ki, bəli, biz Qarabağ münaqişəsinin dinc yolla həllini istəyirik. Yəni Qarabağ münaqişəsi iki qonşu ölkə arasında olan bir problemdir. O qonşular ki, illərlə bir-birinin yanında olublar. SSRİ dağılan vaxt böyük güclərin əli ilə bu münaqişə yaradılıb. Biz bunu azərbaycanlılar və ermənilər, iki xalq arasında olan münaqişəyə çevirməməliyik. Buna imkan verilməməlidir.

- Amma ermənilər Azərbaycan ərazilərini işğal ediblər, azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu gün faktiki olaraq iki xalq arasında münaqişə var...


- Hər halda dövlətlər oturmalı, bunu müzakirə etməli, problemin həlli yolunu tapmalıdırlar. Xalqlarda günah yoxdur. Hesab edirəm ki, dövlətlərin də məsələni həll etməyə marağı var. Bəlkə böyük güclər öz mənafeləri üçün problemin həllini istəmir. Bu məsələ həll edilməsin deyə, elə məsələlər ortaya atırlar. Guya İran Ermənistanı himayə edir və ona görə də münaqişə həll olunmur. Bununla məsələni axarından çıxarmağa, problem yaratmağa çalışırlar. Böyük güclər xalqın əsas günahkarı görməməsi, diqqətinin yayınması üçün İranı ortaya atırlar. Halbuki İranla Azərbaycan arasında yaxşı münasibətlər var. Biz problemin həlli üçün yardımımızı göstərməyə də hazırıq. Bəli, bu həll olunası problemdir. Amma bunun üçün münaqişənin özünə baxmaq, diqqət etmək lazımdır, nəinki ətrafında olan ikinci dərəcəli məsələlərə baş qoşmaq. İran amilini ortaya atmaq yox, problemin özünə baxmaq lazımdır.//mediaforum//

AzNews.az