“İsa Qəmbər o adam deyil” - QICIQ

"Hakimiyyət İsa Qəmbərin imkanlarını və potensialını çox yaxşı bilir. Bilirlər ki, o, rejimi dəyişdirmək gücündə olan adam deyil"

Bunu AzNews.az-a açıqlamasında Müsavat başqanının keçmiş müavini Qabil Hüseynli deyib. O, Müsavat başqanının bu il seçkilərdə 2003-cü ildəki uğurları belə təkrarlaya biləcəyinə inanmadığını deyib: "İsa Qəmbər bir dəfə namizədliyini sınaqdan çıxarıb. Bu dəfə də seçkilərdə müxalifətin vahid namizədi olmaq fikrindədir. İnanmıram ki, İsa Qəmbər öz ətrafına 2003-cü ildəki koalisiyanı yığa bilsin".

Müsavat başqanının yeni müavini Gülağa Aslanlı isə keçmiş silahdaşının fikirlərini təəssüf hissiylə qarşılayıb: "Mən təəssüf edirəm Qabil Hüseynli 10 il müavini olduğu, gücünə bələd olduğu bir şəxs barədə belə danışır. Xüsusən, bunları məhz partiyadan gedəndən sonra danışmağı onun özü üçün müsbət imic formalaşdırmır. Mən, özümdən güclü olmayan birinin müavini olmazdım. Qabil Hüseynli gücünü qəbul edə bilmədiyi şəxsə 10 il müavinlik edib. Müsavatdan getmək üçün bəhanə axtardı, gedəndən sonra isə heç bir siyasi partiyaya qoşulmadı. O, indi başqa şeylər haqqında düşünür".

İsa Qəmbərin gücünə gəlincə, partiya yetkilisi qatıldığı seçkilərdəki uğursuzluğun İsa Qəmbərin günahı olmadığını bildirib: "Müsavat Partiyası və İsa Qəmbər qatıldıqları seçkilərdə qalib olub. Səslərin oğurlanması İsa Qəmbərin günahı deyil. İsa Qəmbərin yeri, gücü, mövqeyi hamıya məlumdur. Partiya başqanını rayon təşkilatlarının ayaqda olması, xalqdan və beynəlxalq qüvvələrdən aldığı dəstək, Qərbin dəyişiklik olacağına dair inamı İsa Qəmbəri gücləndirən amillərdir".

Ruhiyyə
AzNews.az