22:05
(077) 610-22-33

“İnanmıram ki, Rusiyada hansısa ciddi siyasətçi Eldar Namazovla görüşüb söhbət edər“

  • >
338 3 May 2013 20:20 | Siyasət

"Eldar Namazov və Rüstəm İbrahimbəyov adlarının Rusiya kimi dövlətlə yanaşı hallandırılmasında maraqlı görünürlər".


Bunu APA-ya açıqlamasında bəzi mətbuat orqanlarında Rüstəm İbrahimbəyov və Eldar Namazovun Rusiyadan dəstək alması ilə bağlı yazılanlara münasibət bildirən YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu şəxslər "Rusiyanın adamı" olduqlarını hansısa formada cəmiyyətə sızdırmaq, bu ölkənin hakimiyyəti səviyyəsində müdafiə olunmaları haqqında rəy yaratmaq istəyirlər: "Əlbəttə bu, tamamilə yanlışdır. Dövlət səviyyəsində Azərbaycanda hansısa bir siyasi dairəni, qrupu, şəxsi nə Rusiya, nə ABŞ, nə də ki Avropa dövlətləri müdafiə edir. Müxalifətin də bəzi nümayəndələri aradabir elə təəssürat yaratmaq istəyirlər ki, guya onları ABŞ və ya Avropada dövlət səviyyəsində müdafiə edirlər. Bu da yanlış yanaşmadır. Onlar bununla yalnız özlərinin "qiymətli" olduqlarını göstərmək istəyirlər".

M. Qurbanlı qeyd edib ki, Azərbaycanın Ermənistan istisna olmaqla, bütün dövlətlər və regionlarla normal, konstruktiv, qarşılıqlı hörmətə əsaslanan münasibətləri var: "Bu adamlar sadəcə insanlara belə bir fikir aşılamağa çalışmaqla özlərini böyük göstərmək istəyirlər. Rüstəm İbrahimbəyov Rusiyada yaşayır, Rusiyada müəyyən mədəniyyət, incəsənət xadimləri ilə münasibətləri olan adamdır. Amma Rüstəm İbrahimbəyovu Rusiyanın siyasi dairələrində kimsə müdafiə etmir. Rusiyanın siyasi dairələri hökumət səviyyəsində Azərbaycanla münasibətlərə böyük önəm verir və bunu hər zaman da vurğulayırlar. Rüstəm İbrahimbəyovu Rusiyada hansısa qruplar müdafiə edə bilər, onun özünü də müəyyən qruplarla iqtisadi maraqlar birləşdirə bilər. Heç Rusiya mətbuatında da Rüstəm İbrahimbəyovun söylədiyi fikirləri bir-iki mətbuat orqanının yayması hələ ona dəstək verilməsi demək deyil. Özü də araşdıranda məlum olur ki, İbrahimbəyovun fikirlərinə yer verənlər ermənilərlə sıx bağlılığı olanlardır".

M. Qurbanlı Eldar Namazovun da Rusiyada görüşlər keçirməsi ilə bağlı fikirlərinə şübhə ilə yanaşıb: "İnanmıram ki, Rusiyada hansısa ciddi siyasətçi Eldar Namazovla görüşüb söhbət edər. Rusiya hakimiyyəti səviyyəsində onunla görüşə kiminsə təşəbbüs göstərməsinə isə heç inanmıram. Gedib bir-iki politoqla, jurnalistlə görüşə bilər. Sadəcə, bu şəxslər özləri barədə "Rusiyaya bağlı adam" təəssüratı yaranmasında maraqlıdırlar".

YAP rəsmisinə görə, Rusiyanın siyasi elitasında olan şəxslərin əksəriyyəti bu şəxsləri tanımır: "Rusiya siyasi elitasında olanların əksəriyyəti Eldar Namazovun mövcudluğundan belə xəbərsizdilər. Bəlkə də Rüstəm İbrahimbəyovu bir rejissor kimi, həm də Rusiyanın tanınmış kino xadimi Mixalkovla qalmaqalı olan şəxs kimi tanıya bilərlər. Amma tanımaq hələ dəstəkləmək demək deyil. Rüstəm İbrahimbəyovun əlaqələri yalnız antiazərbaycan mövqeyində olan hansısa qrupla ola bilər. Onun Rusiyanın siyasi dairələrindən dəstək alması kimi fikir yaratmaq istəyi isə ancaq gülüş doğurur".

AzNews.az
Bağla X