REAL Hərəkatı Milli Şurayla bağlı şərtlərini açıqladı

"Milli Şuranın təməl prinsipləri və "oyun qaydaları" mütləq şəffaf olmalı, bütün tərəflər öz imzası ilə bu prinsip və qaydaları təsdiqləməli, bundan sonra bütün sənədlər ictimaiyyətə elan olunmalıdır".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında REAL Hərəkatı İdarə Heyətinin icra katibi Natiq Cəfərli deyib. O, Milli Şuranın təsis edilməsi və REAL Hərəkatının burada təmsil olunması ilə bağlı şərtlərini açıqlayıb.

N.Cəfərlinin sözlərinə görə, siyasilərin əvvəlcədən qəbul edilən şərtlərə imza atması ona görə vacibdir ki, sonradan heç kim öz imzasından, verdiyi sözlərdən imtina edə bilməsin, imtina etsə də bunun səbəblərini izah etmək məcburiyyətində qalsın.

REAL-ın İH icra katibi onu da bildirib ki, Milli Şura ideya olaraq, müxalif düşərgəni birləşdirmək, cəmiyyəti vahid hədəflər uğrunda mübarizəyə səfərbər etmək baxımından çox cəlbedicidir, təqdirəlayiq təşəbbüsdür:

"Rüstəm İbrahimovun bu məsələdə tutduğu mövqe anlaşılandır. Amma bir neçə açıq qalan suallar da var. Milli Şuranın təməl şərtləri, legitimliyi, qərar qəbul etmə mexanizmləri, üzvlərin seçilmə kriteriləri, üzvlərin öhdəlikləri – bütün bu məsələlər, hələlik qeyri-dəqiqdir".

N.Cəfərli Milli Şuranın işlək olması və xalqın rəğbətini qazanması üçün mütləq yuxarıda qeyd olunan məsələlərin öz həllini tapmalı olduğunu vurğulayıb.

Anar
AzNews.az