“Biz müxalifətlə birgə əməkdaşlıq etmək üçün addım atmağa hazırıq” “Biz müxalifətlə birgə əməkdaşlıq etmək üçün addım atmağa hazırıq”

İslam Partiyasından müxalifətə isti mesajlar

“Biz müxalifətlə birgə əməkdaşlıq etmək üçün addım atmağa hazırıq”



"Azərbaycanda nə vaxtsa şəriət dövlətinin yaradılacağı ehtimalı yoxdur, Azərbaycan İslam Partiyasının da belə bir məqsədi yoxdur, ola da bilməz".

Bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədli deyib. O, islamçıların Azərbaycanda şəriət dövləti yaratmaq istədikləri ilə bağlı iddialara cavab verərək bildirib ki, digər müxalifət partiyaları kimi AİP-in də əsas məqsədi Azərbaycanda demokratik, hüquqi, insanların firavan həyat sürdüyü bir cəmiyyətin qurulmasıdır ki, bunun da yolu hüquqi, qanunlarla idarə olunan sivil cəmiyyətdən keçir.

Partiya sədrinin müavinin sözlərinə görə, islamçıların bu cür məqsədlərinin olduğu ilə bağlı iddiaları hakimiyyət məqsədli şəkildə yayır:

"Hakimiyyət məqsədli şəkildə Azərbaycan islamçılarını şəriət tərəfdarı kimi, İranpərəst kimi təqdim edir. Azərbaycanda islam düzgün təqdim olunmur və bunun da əsas səbəbkarı hakimiyyətin islamla bağlı yürütdüyü xətdir".

R. Əhmədli islamçıların bu ilki prezident seçkilərində müxalifətlə birləşərək, birgə fəaliyyət göstərməsi ehtimalına da toxunub. O bildirib ki, AİP-in məqsədi ölkədə demokratik dəyişikliklərə nail olmaqdır və bu istiqamətdə partiyaya əməkdaşlıq təklif edən hər bir qüvvə ilə birləşmək mümkündür:

"Biz də birliyin tərəfindəyik. Görkəmli ziyalımız Rüstəm İbrahimbəyovun Milli Şura yaratmaq təşəbbüsü də təqdirəlayiqdir və biz bu istiqamətdə birgə əməkdaşlıq etmək üçün addım atmağa hazırıq".

Sədr müavininin sözlərinə görə, zaman-zaman müxalifəti islamçılarla birgə mübarizəyə çağırışlar olsa da, təəssüf ki, bu məsələ bu günə qədər mümkün olmayıb: "İndiki zamanda hər kəs öz iddialarından bir addım geri çəkilsə, bu birgə fəaliyyət mümkün olar. Ölkədə vətəndaşların problemlərinin həll edilməsinin mümkün yolu birgə mübarizə aparmaqdan keçir".

Anar
AzNews.az