İLHAM ƏLİYEV: “AZƏRBAYCAN SABİTLİK ADASIDIR” İLHAM ƏLİYEV: “AZƏRBAYCAN SABİTLİK ADASIDIR”

“Mən sizi tanıyıram, siz Heydər babanın oğlusunuz”

İLHAM ƏLİYEV: “AZƏRBAYCAN SABİTLİK ADASIDIR”




Mayın onunda mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, dövlət və hökumət nümayəndələri, diplomatik korpusunun təmsilçiləri iştirak ediblər. Tədbirdə çıxış edən prezident İlham Əliyev Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük tarixi şəxsiyyət kimi səciyyələndirib. O, deyib ki, Heydər Əliyevin timsalında şəxsiyyətlərin tarixdə rolunun bəzi hallarda əvəzsiz olduğu təsdiqlənir.

Prezident bildirib ki, Heydər Əliyev Moskvada olduğu dövrlərdə də daim Azərbaycana diqqət göstərib. Onun rəhbərlikdən uzaqlaşdırıldığı illərdə respublikada baş verən prosesləri xatırladan ölkə başçısı Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, muxtar respublikanı ermənilərdən qoruması, çətinliklərdən çıxarması barədə də danışıb: "Böyük təəssüf hissi ilə deyirəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı bir qarış torpaq da işğal altına düşməzdi. Ondan sonrakı illər bizim üçün ən ağrılı illər olub. Ölkədə proseslər mənfi istiqamətdə gedirdi. Özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında yaranmış uçurum, digər tərəfdən Ermənistanın Azərbaycana qarşı iddiaları Azərbaycana böyük problemlər yaratmışdı. Onların içində əlbəttə, ən ağrılısı torpaqlarımızın işğal altına düşməsidir. Eyni zamanda, Qanlı Yanvar faciəsi ən böyük yara, ən böyük faciədir. Əfsuslar olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi Qanlı Yanvar faciəsinin qarşısının alınması üçün heç bir iş görməyib və günahsız insanları sovet ordusunun qurbanlarına çevirib. Heydər Əliyevin o vaxta qədər fəal siyasətlə məşğul olmaq niyyəti olmamışdır. Ancaq o, bu faciəyə biganə qala bilməzdi və dərhal öz münasibətini bildirdi. Azərbaycanın daimi nümayəndəliyinə gəlib və orada öz sözünü deyib. Sovet rəhbərliyini pisləyib, tənqid edib, öz sözünü deyib, Azərbaycan xalqının yanında olduğunu bəyan edib".


Prezident deyib ki, Azərbaycanın istər xarici, istər daxili, istərsə də apardığı iqtisadi siyasət düzgündür:
"Azərbaycanda icra edilən infrastruktur layihələri tamamilə yeni bir şəraitin yaradılmasına gətirib çıxarıb. Biz son illər ərzində xüsusilə qeyri-neft sektorunun inkişafı ilə məşğuluq. Bu sahənin inkişafı nəticəsində cari ilin birinci rübündə qeyri-neft sektorumuz 11 faizdən çox artıb. Nə iqtisadi, nə maliyyə böhranı bizə təsir etməyib. Biz öz iqtisadi siyasətimizi ardıcıllıqla, düşünülmüş şəkildə, qəbul edilmiş proqramlar üzrə aparırıq".


"Azərbaycan bir sabitlik adasıdır", - deyən dövlət başçısının sözlərinə görə, Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət var: "Həyat bunu təsdiqləyir. Dünyada müxtəlif yerlərdə proseslər çox təhlükəli məcrada inkişaf edir. Qarşıdurmalar, toqquşmalar yaşanır. Vətəndaş müharibələri bir tərəfdən, digər tərəfdən müxtəlif bölgələrdə maliyyə və iqtisadi böhran hələ ki, bitmir. Onun yeni dalğası başlanır. Biz görürük küçələrə on minlərlə, yüz minlərlə insan axışır ki, öz etirazını bu və ya digər formada ifadə etsin.
Azərbaycanda isə sabitlik hökm sürür. Xalqla hökumət arasında vəhdət var. Azərbaycanda iqtisadi siyasət möhkəm sosial siyasətlə tamamlanır. Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir. Bizim müstəqilliyimizin, müstəqil siyasətimizin təməlində də iqtisadi müstəqillikdir. Əgər iqtisadi müstəqillik olmasaydı, əgər biz xarici kreditlərdən asılı olsaydıq, müstəqil siyasət apara bilməzdik. Müstəqillik ən böyük dəyərdir, ən böyük sərvətdir. Müstəqillik o deməkdir ki, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı nəhayət ki, öz taleyinin sahibidir. Əsrlər boyu xalqımız müstəqillik eşqi ilə yaşayıb. Nəsillər gəlirdi, gedirdi. Bu gün biz müstəqilik. Bizim nəinki atributlarımız, sözün əsl mənasında, müstəqil, qüdrətli dövlətimiz vardır. Biz fəxr edirik ki, müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Ulu Öndərin məşhur kəlamı var, deyir: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam"".

Prezident çıxışını bu sözlərlə bitirib: "Bu gün Gül bayramında uşaqlarla görüşürdüm. Uşaqlar məni əhatə etmişdi, - hər il mən Gül bayramında uşaqlarla görüşürəm, - biri yaxınlaşır nə isə deyir, o biri yaxınlaşır nə isə deyir, biri gəlir deyir ki, mən Sizi tanıyıram, cənab Prezident, Siz Prezidentsiniz, - balaca uşaqlardır, 4-5 yaşında. Bir qız yaxınlaşdı, - 4-5 yaşında, - dedi ki, mən Sizi tanıyıram, Siz Heydər babanın oğlusunuz. Bilirsiniz, bu, bu gün eşitdiyim ən gözəl, ən əziz sözlərdir. Bu, onu göstərir ki, Heydər Əliyev yaşayır. Balaca qızın şüurunda, onun qəlbində, Azərbaycan xalqının qəlbində yaşayır. Nə qədər Azərbaycan var, Heydər Əliyev olacaq. Biz - Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq".

Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

AzNews.az
image description image description image description image description image description