23:40
(077) 610-22-33

REAL Hərəkatı imzatoplama kampaniyasına başladı

  • >
222 13 May 2013 14:36 | Siyasət

Respublikaçı Alternativ (REAL) Hərəkatı ölkə boyunca geniş miqyaslı imzatoplama kampaniyasına başlayır.

Bu barədə AzNews.az-a Hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib. O bildirib ki, imzatoplama kampaniyasına səbəb sədrləri İlqar Məmmədovun həbsinə etiraz bildirməkdir.

N.Cəfərlinin sözlərinə görə, İ.Məmmədovun həbs olunmasından keçən 100 gün ərzində
onun həbsinin qanunsuz və siyasi olduğunu sübut ediblər:

"Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı tarixində ilk dəfə İlqar Məmmədovun işinə 45 gün ərzində baxılması və cavab verilməsi üçün hakimiyyət orqanlarına 18 iyuna qədər vaxt verilməsinə cavab olaraq, İlqar Məmmədova qarşı yeni absurd ittihamlar və yeni maddənin tətbiq edilməsinə qərar verən hakimiyyət orqanları bu işdə qərəzli olduqlarını, hər vəchlə prezidentliyə namizəd İlqar Məmmədovu zindanda saxlamağı məqsəd kimi qarşılarına qoyduqlarını sübut etdilər".

Hərəkatın icra katibi bildirib ki, start verdikləri imza kampaniyasına qoşulmaq istəyən şəxslər imza vərəqələrini almaq və bu aksiyada iştirak etmək üçün REAL Hərəkatının ofisinə, qurumun İdarə Heyətinin üzvlərinə və icra katibinə müraciət etsinlər: "Bütün vətəndaşları bu aksiyada yaxından iştirak etməyə dəvət edir, prezidentliyə namizəd İlqar Məmmədovun qeyri-qanuni həbsinə etirazlarını bildirməyə çağırırıq. İnanırıq ki, bu kampaniyada REAL Hərəkatı üzvləri, təəssübkeşləri, qeyri-qanuni həbsə etiraz edən vətəndaşlar aktiv iştirak edəcəklər".

Anar
AzNews.az

Bağla X