18:00
(077) 610-22-33

“Milli Şura vahid namizəd seçmək məqsədilə yaradılmır”

  • >
272 14 May 2013 16:11 | Siyasət

Arif Hacılı: “Namizədlik məsələsi sonrakı mərhələyə aiddir”



"Milli Şura prezident seçkilərinə vahid namizədi müəyyənləşdirmək məqsədilə yaradılmır. Milli Şura ölkədə siyasi vəziyyətin dəyişdirilməsi, seçkiqabağı siyasi şəraitin yaradılması, Azərbaycan cəmiyyətinin mübarizəyə cəlb edilməsi məqsədilə formalaşır".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı deyib. O, "Milli Şura yaranacağı və vahid namizəd olaraq başqa bir siyasətçini təqdim edəcəyi təqdirdə, Müsavat Partiyası İsa Qəmbərin namizədliyində israr edəcəkmi?" sualına cavab verərkən belə deyib.

A.Hacılı bildirib ki, Milli Şura ölkədə azad və ədalətli seçkilər keçirilməsi üçün ciddi səylər göstərmək niyyətindədir: "Prezidentliyə namizədlik məsələsi mənə elə gəlir ki, sonrakı mərhələyə aid olan bir məsələdir. Qanunvericiliyə görə, seçki kampaniyası yalnız iki ay davam edir. Seçki təbliğatı isə cəmi 3 həftə olur. Bu baxımdan, seçkilərə bir ay qalmış həm ölkədə siyasi vəziyyətin nə cür olduğu daha aydın görünəcək, həm də hansı namizədin cəmiyyətdə daha yüksək dəstəyə sahib olduğu və real göründüyü bilinəcək və həmin dövrdə vahid namizədin müəyyənləşdirilməsi işi də asanlaşacaq".

Müsavat funksioneri buna görə də hesab edir ki, Milli Şuranın yaradılması məsələsi vahid namizədin seçilməsi ilə bağlı deyil: "Milli Şura ölkədə seçki mühitini yaratmalı, yalnız bundan sonra vahid namizəd məsələsini müzakirəyə çıxarmalıdır".

A.Hacılının sözlərinə görə, Milli Şuranın seçki ərəfəsində vahid namizədinin olması tamamilə mümkündür: "Ancaq bu şəxsin kim olacağını indidən ehtimal etmək mümkün deyil və məncə, bu, düzgün də olmaz. Seçki yaxınlaşdıqca kimin şansının daha çox olduğu aydın şəkildə görünəcək".

Partiya rəsmisi onu da bəyan edib ki, Müsavatın namizədi İsa Qəmbər vahid namizəd olmasa belə, partiya seçki prosesində fəal şəkildə iştirak edəcək.

Anar
AzNews.az

Bağla X