“Qarşıya qoyduğumuz məqsədə nail olsaydıq, indi Milli Şura yaranmazdı” “Qarşıya qoyduğumuz məqsədə nail olsaydıq, indi Milli Şura yaranmazdı”

Pənah Hüseyn İctimai Palatanın iflasını etiraf etdi

“Qarşıya qoyduğumuz məqsədə nail olsaydıq, indi Milli Şura yaranmazdı”



İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin AZNEWS.AZ saytına müsahibəsi:


- Pənah bəy, Milli Şuranın yaradılması ilə bağlı prosesi necə qiymətləndirirsiniz? Siz bu proseslərin nə qədər içərisindəsiniz?
- Milli Şuranın yaradılması ideyası yanvar ayında Rüstəm İbrahimbəyovun verdiyi müsahibəsindən sonra meydana gəlib. Şəxsən mənim üzvü olduğum partiya və KŞ-də təmsil olunduğum İctimai Palata bu prosesə mənəvi-siyasi dəstək verib. Bilirsiz ki, İP KŞ-nin iki üzvü – Musavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də Milli Şuranın təşəbbüsçüsü kimi fəaliyyət göstərir. Milli Şuranın yaranmasının ləngiməsi müəyyən problemlər yaradır. Bu, bizi düşündürür, narahat edir. İP KŞ-nin görüşlərində bu məsələ mütəmadi olaraq müzakirə edilir. KŞ üzvləri İsa Qəmbər və Əli Kərimli İP rəhbərliyini prosesin gedişi ilə bağlı məlumatlandırırlar.

- Milli Şuranın 50 və ya bir qədər artıq şəxsin təsisçiliyi ilə yaradılacağı bildirilir. Siz o şəxslər arasında varsınızmı?
- Təşəbbüsçülər özləri müəyyən siyahı hazırlayıblar. Bu sayın 50-100 arası olacağı ehtimal olunur. Ancaq bu sayın çox olması da mümkündür. Çünki siyasi proses inkişaf etdikcə, MŞ-ə yeni üzvlərin gələcək. Təşəbbüsçülər də vurğulayıblar ki, bu, qapalı bir qurum olmayacaq və elan olunduqdan sonra yeni üzvlər qəbul olunacaq. Ancaq indi ortada heç bir sənəd yoxdur.

- Sizin özünüzə Milli Şurada iştirakla bağlı fərdi qaydada dəvət gəlibmi?
- Milli Şuraya kimlərinsə fərdi qaydada dəvət edildiyi ilə bağlı məlumatlar mətbuatda doğru şərh olunmur. Təbii ki, təşəbbüsçülər müəyyən şəxslərlə danışıqlar aparırlar. Yenə deyirəm, bu məsələ İP-in iclaslarında davamlı olaraq müzakirə edilir. Bu baxımdan, fərdi danışıqlara ehtiyac yoxdur. Mənim özümün də bu proseslərdən həm İP KŞ-nin Milli Şuranın yaranması danışıqlarında iştirak edən üzvlərindən, həm də başqa şəxsi münasibətlər vasitəsilə məlumatım var. Yəni, Milli Şuraya fərdi qaydada dəvət edilmək kimi bir problemim yoxdur.

"TƏCRÜBƏSİZ SİYASƏTÇİLƏRİN HEYSİYYATIYLA OYNAYIB, BU CÜR SUALLAR VERİRSİNİZ"

- Pənah bəy, siz bu günə qədər Azərbaycanda yaranan müxalif birliklərin öndə olan simalarından olmusunuz, hazırda İP-in rəhbərliyində təmsil olunursunuz. Milli Şuranın təsisatında iştirak etməməniz, bu prosesə birbaşa daxil edilməməniz sizə necə təsir edir?
- Müəyyən təcrübəsiz siyasətçilərin heysiyyatıyla oynayıb, bu cür suallar verirsiniz və bəziləri də buna cavab verir. Mən təkrar-təkrar vurğuladım ki, bu məsələni aparan əsas şəxslərdən ikisi İP KŞ-nin üzvləridir. Onlardan biri isə AXP-nin prezident seçkilərində namizədliyini dəstəklədiyi Müsavat başqanı İsa Qəmbərdir. Başqa əlaqələr də var. Bu baxımdan, əgər o prosesdə İsa Qəmbər, Əli Kərimli iştirak edirsə, İP KŞ-nin hər hansısa bir üzvünün, o cümlədən Pənah Hüseynin üzvünün bu məsələdə özünü kənarda qalmış hesab edərək, diskomfort hiss eləməsi mümkün deyil. Onsuz da müxalifətin əhəmiyyətli bir hissəsi İP-də təmsil olunur. Milli Şura ideyası isə Azərbaycanda spesifik bir situasiyada yaranır. Bu baxımdan, burada təkcə siyasətçilər deyil, siyasi olmayan şəxslərin də təmsil olunması istənilir. Bu, təşkilatların, qrupların yox, fərdlərin birliyi olacaq. Normal cəmiyyətdə yaşasaydıq, belə qurumlar yaranmazdı.

"MİLLİ ŞURA İDEYASININ PROSESƏ MƏNFİ TƏSİRLƏRİ OLA BİLƏR"

- İP-də yarananda deyilirdi ki, bu, partiyaların deyil, fərdlərin qurumudur, burada üzvlük də fərdi qaydada aparılacaq və s. Eyni söhbətlər Milli Şura ətrafında da gedir. Sizcə, İP-in eyni formatını başqa adla yaratmağa nə ehtiyac vardı?
- Milli Şuranın hansı formatda yaranacağı hələ tam aydın deyil. Ancaq mənə təxminən aydındır ki, Milli Şuranın təsisində İP-in yaranması prosesindənki mexanizmdən istifadə olunacaq. Ancaq düşünmürəm ki, Milli Şura İP-in təkrarı kimi meydana çıxacaq. Biz İP-i yaradarkən qarşıya qoyduğumuz məqsədə nail olsaydıq, indi Milli Şura yaranmazdı. Təəssüf ki, bu baş tutmadı. Məsələ burdadır ki, İP yarandıqdan sonra Azərbaycan siyasətində xeyli dəyişikliklər baş verdi. Bu baxımdan, Milli Şuranı İP-in daha genişləndirilmiş forması hesab etmək düzgün deyil. Bu, artıq yeni situasiyanın qurumudur. Açığı bizi narahat edən əsas məqam MŞ-in İP-ə bənzərliyi deyil, onun təsisinin gecikdirilməsidir. Mən hesab edirəm ki, MŞ-in yaradılması üçün ən ideal dövr fevral ayı idi. Yaxın bir-iki həftə bu ideyanın reallaşması üçün çox kritik zamandır. MŞ-in təsisatının ləngiməsi eyni zamanda, İP-in fəaliyyətinə də mane olur. İP faktiki olaraq fəaliyyətinin yeni mərhələsinə başlayır. İP KŞ-yə yeni seçkilər keçirilməlidir. Bu, may ayında olmalı idi. Biz bunu Milli Şuranın təsis məsələsinə mane olmamaq üçün təxirə saldıq. Eyni zamanda, İP-in 2013-cü il seçkilərində vahid namizədi müəyyən etməklə bağlı məsələni müzakirə etməliyik. Bu baxımdan, Milli Şura ideyası xeyirli olsa da, prosesə mənfi təsirləri də ola bilər.

- Pənah bəy, Milli Şura yaradılacağı halda, İP-in mövcudluğu sual altında qalmayacaq ki?
- Əksinə, Milli Şuranın yaranması İP-in fəaliyyətini zəruri edir. Bilirsiniz ki, İP-in rayonlarda yaradılmış özəkləri var və Milli Şura da bölgələrdə öz işini bu özəklərin vasitəsilə qura bilər. Bu baxımdan, MŞ yaranacağı halda, İP-in nəinki əhəmiyyəti azalacaq, əksinə daha da əhəmiyyət qazanacaq.

- Yəni, İP-in dağılacağı ilə bağlı xəbərlərin əsasının olmadığını deyirsiniz?
- Bu barədə İP KŞ-nin son sessiyasında da sədr səviyyəsində rəsmi açıqlama verildi ki, İP-in buraxılacağı ilə bağlı məlumatların heç bir əsası yoxdur. Ancaq mən İP buraxılmayacaq deyə bir hökm də verə bilmərəm. Amma Milli Şura yaranacağı halda İP-in buraxılması ehtimalı aradan qalxacaq.

- Belə çıxır ki, Milli Şuranın fəaliyyəti bir növ İP-dən asılıdır?
- Yox, mənim elə bir iddiam yoxdur. Mən hesab edirəm ki, İP Milli Şuranın məqsədlərinə yalnız fayda verə bilər. O baxımdan da İP-in daha da gücləndirilməsini arzulamaq olar.

"OLA BİLSİN Kİ, KİMLƏRSƏ BU İDEYADAN BƏHRƏLƏNMƏK İSTƏSİN"

- Milli Şura ilə bağlı "Rusiyanın ideyasıdır" iddiaları var. Bu barədə siz nə düşünürsünüz?
- Bu cür şayiələr mətbuatda müxtəlif adamlar tərəfindən səsləndirilir. Bilirsiz, bunun Qərbdən və ya Rusiyadan dəstəklənməsi əhəmiyyətsiz bir şeydir. Əgər bu qurum yaranacaqsa və ictimai təsirə sahib olacaqsa, o zaman beynəlxalq aləm də bununla maraqlanacaq. Ola bilsin də ki, kimlərsə bu ideyadan bəhrələnmək istəsin. Əsas məqam odur ki, bu qurumda kimlər iştirak edir. Milli Şuranın yaranması üçün çalışan şəxslərin kimliyinə baxanda belə demək olar ki, burada Azərbaycanın maraqlarına uyğun olmayan heç bir fəaliyyət mümkün deyil.

Anar Gəraylı
AzNews.az