“O, Müsavat rəhbərliyinin adını çəkərək, özünə saxta piar düzəldir” “O, Müsavat rəhbərliyinin adını çəkərək, özünə saxta piar düzəldir”

“Bəxtiyar Hacıyev Harvardı da hörmətdən salır”

“O, Müsavat rəhbərliyinin adını çəkərək, özünə saxta piar düzəldir”


"Bəxtiyar Hacıyevin özüylə bağlı maniyası var. Mən İsa Qəmbərə dedim, mən filankəsə dedim, mən, mən... Belə adamlar dünyanı özünə düşmən görür. O, ictimai sektora da bir Harvard diplomu ilə girib. Diplomundan başqa heç nəyi yoxdur, nə cəsarəti, nə dünya görüşü. İndi də diplomu ilə gündəmə gəlmək istəyir. Arada Harvard Universitetini də hörmətdən salır".

Bu sözləri AzNews.az-a açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı deyib. O, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin Müsavat Partiyası və onun bəzi funksionerləri haqqında dediyi sözlərə münasibət bildirib.

B.Hacıyev "Gündəlik Teleqraf" qəzetinə müsahibəsində bildirib ki, Müsavat Gənclər Təşkilatı onunla bağlı qaralama kampaniyası keçirir və partiya başqanı İsa Qəmbər də bütün bunlardan məlumatlı olduğu halda, bu kampaniyanı dayandırmır: "Müsavat Partiyasının Gənclər Təşkilatının üzvləri mənə qarşı kampaniya başladıblar. Kampaniyaya səbəb isə mənim müsahibələrimdən birində dediyim "müxalifət liderləri tərəfindən təhsilli gənclərə maraq hiss etmirəm" fikrim olub. Demişəm ki, gərək çevrələrində elə gənclər toplasınlar ki, onların adı kölgə kabinetləri siyahısında çıxanda insanlar tərəddüd etməsinlər. Diplomatik görüşlərdən birində şəxsən İsa Qəmbərə bu barədə bildirdim. O isə bildirdi ki, araşdırıb qərar verəcək. Amma heç bir nəticə olmadı, kampaniya daha da genişləndi.

İsa Qəmbər seçkilərə hazırlaşır, o öz çevrəsindəki gənclərə başa sala bilərdi ki, bizim dost, tərəfdaş qazanmalı vaxtımızdır, insanlara qarşı aşağı səviyyədə kampaniya başlatmaq vaxtımız deyil. Əgər İsa Qəmbər bunu etmədisə, deməli, kampaniyanın davam etməsini seçdi. İsa Qəmbərin bu kampaniyanı zamanı susqunluqla müşahidə etməsi, onun kadr siyasəti, gənclər siyasəti barədə çox şey dedi. Seçkilərdə ona uğurlar arzulayıram. Bu komanda ilə, bu təfəkkürdə müşavirlərlə onu yalnız və yalnız "qələbə" gözləyə bilər."
T.Abbaslı bildirib ki, Müsavat GT-nin Bəxtiyar adlı problemi yoxdur. Partiyanın bütün üzvlərinin hamısı sərbəst, müstəqil adamlardır və heç kimdən sifariş almırlar.

Partiya funksioneri bildirib ki, B.Hacıyev bu yolla özünü gündəmə gətirməyə çalışır: "Nə Müsavat kiməsə qarşı kampaniya aparır, nə də ki, İsa Qəmbər bizə kampaniya aparmaq tapşırığı verib. Müsavatın yeganə rəqibi hakimiyyətdir. Bəxtiyar Müsavat Partiyası və onun rəhbərliyinin adını çəkərək, özünə saxta piar düzəldir".

Anar
AzNews.az