Mübariz Əhmədoğlu: "Ermənistan sülh sazişi imzalayandan daha çox vəziyyəti gərginləşdirənə bənzəyir" Mübariz Əhmədoğlu: "Ermənistan sülh sazişi imzalayandan daha çox vəziyyəti gərginləşdirənə bənzəyir"

“Ermənistan vəziyyəti gərginləşdirir“

Mübariz Əhmədoğlu: "Ermənistan sülh sazişi imzalayandan daha çox vəziyyəti gərginləşdirənə bənzəyir"



"Dağlıq Qarabağ tənzimlənməsində ilk baxışdan qeyri-müəyyən görünən vəziyyət yaranıb. Guya Ermənistan "6 prinsip"i imzalamağa hazır olduğunu bildirsə də, Azərbaycan Ermənistanın bu təklifinə cavab vermir".

Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Edvard Nalbandyanın "6 prinsip" əvəzinə "yenilənmiş Madrid prinsipləri" deməsinə heç nə maneə olmur: "Həmsədr ölkə prezidentlərinin 2009-cu ilin iyulunda qəbul etdikləri yenilənmiş Madrid prinsiplərini ABŞ prezidentinin rəsmi saytı yaydı. İndiki zamanda rəsmi Yerevanın özünü tənzimləməyə hazır kimi göstərməsi hədsiz vacibdir. Ermənistanın iqtisadi durumu ağırdır; dövlət və qeyri-dövlət borcu 7,5 milyard dollardır".
Əhmədoğlunun sözlərinə görə, 2012-ci ildən başlayaraq Ermənistanın iqtisadi inkişafının artım sürəti xarici borca qulluq etməyə imkan vermir: "Avropa İttifaqının donor konfransı keçirməsi Ermənistan üçün həyati əhəmiyyətə malikdir, çünki verdiyi krediti təyinatı üzrə xərcləməyən Ermənistana Rusiya yenidən borc vermək fikrində deyil. Aİ-nin Ermənistana pul verməsinin əsas şərtlərindən biri Ermənistanın yenilənmiş Madrid prinsiplərini imzalamasıdır".
Politoloq qeyd edib ki, rəsmi Yerevan tənzimləmənin xeyrinə cəmi bir fikir bildirdiyi halda, ardınca bu fikri neytrallaşdırmaq üçün addımlar atdı: "Rəsmi Yerevanın Dağlıq Qarabağa verdiyi dəstəkdə heç bir dəyişiklik yoxdur. Hər gün Ermənistanın hökumət nümayəndələrindən kimsə Dağlıq Qarabağa gedir".
Əhmədoğlu qeyd edib ki, şefinin əksinə olaraq, Ermənistan xarici işlər nazirinin müavini Şavaş Koçaryan yenilənmiş Madrid prinsiplərini Dağlıq Qarabağa müstəqillik verən sənəd kimi təqdim edir: "Yenilənmiş Madrid prinsiplərində "DQR", "Dağlıq Qarabağ xalqı", "Dağlıq Qarabağ ermənisi" kimi heç bir ifadə yoxdur".
Politoloqun sözlərinə görə, Ermənistan məşhur ispaniyalı müğənni Monserrat Kabalyenin Dağlıq Qarabağda konsertini təşkil etmək niyyətindədir: "Ermənistan prezidenti Avropa Mülki Aviasiya Konfransının prezidenti Katalin Radunu Ermənistandan Dağlıq Qarabağa aviareysin açılmasının zəruriliyinə inandırmağa çalışır".
Əhmədoğlu qeyd edib ki, hər gün Ermənistan Xarici İşlər Nazirliyi dünyanın müxtəlif ölkələrindən hadisələrin mahiyyətinə bələd olmayan siyasətçiləri və parlamentariləri Dağlıq Qarabağa dəvət etməklə məşğuldur. Bəziləri aldanır və səfər edir: "Ölkənin ağır sosial-iqtisadi vəziyyəti, borc içində batması rəsmi Yerevanın hərbi xərclərini zərrə qədər azaltmayıb. Ermənistan mətbuatının kontent-analizindən silahlanmaya, hərbi texnikanın modernləşməsinə ayrılan pulun bütün qalan sahələrə ayrılan puldan çox olduğunu başa düşmək olur".
Politoloq deyib ki, tənzimləmənin xeyrinə deyilən cəmi bir fikrin qarşısına vəziyyəti gərginləşdirən 5-6 addım atılıb: "Əslində Ermənistan hər an yenilənmiş Madrid prinsipləri əsasında Böyük Sülh Müqaviləsinin hazırlanmasına razılığını verə bilər. Bu müqavilənin işlənib hazırlanması üçün elə də çox vaxt tələb olunmur: "Ermənistan istənilən anda qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmağa başlaya bilər. Bunu Rusiya və ondan da bir qədər əvvəl ABŞ tələb edib. Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəyən Ermənistanın addımları bu istiqamətdə olmalıdır".


AzNews.az