Milli Şuranın prezidentliyə namizədi kim olacaq? Milli Şuranın prezidentliyə namizədi kim olacaq?

İndi seçim anıdır: İsa Qəmbər, yoxsa Rüstəm İbrahimbəyov… - ANALİZ

Milli Şuranın prezidentliyə namizədi kim olacaq?



Azərbaycanın əsas müxalifət partiyalarını bir araya gətirən Milli Şura mayın 28-də elan olundu. Milli Şurada müxalifət cinahının çox fərqli isimləri yer alıb. Dünənə qədər bir-birlərini qəbul etməyən və bir-birləri haqqında kəskin fikirlər söyləyən liderlər Milli Şura sıralarına qatılmaq məcburiyyətində qalıblar.

Bu məcburiyyət ondan irəli gəlir ki, hazırki prezident İlham Əliyevlə oktyabr ayında keçiriləcək seçkidə başa-baş mübarizə aparmaq üçün müxalifətin vahid blokuna ehtiyac var. Vahid blok, vahid komanda və vahid namizəd olmadan müxalifət liderlərinin ayrı-ayrılıqda hazırkı dövlətlə başçısı və onun komandası ilə mübarizə aparmaq şansı yoxdur.

Milli Şuranın təsisatı beynəlxalq aləmin də işini asanlaşdırır. Çünki, xarici ölkə səfirləri və beynəlxalq təşkilatların nümayəndələri seçki öncəsi və sonrası müxtəlif müxalifət qütblərinin təmsilçləriylə təmaq qurub, onlarla fikir mübadiləsi aparmaqdansa, hakimiyyətə real alternativ kimi daha çox Milli Şura üzvləri ilə görüşəcək, onların rəylərini dinləyəcəklər. Bu beynəlxalq aləmdə özünü tanıtdırmaq baxımından Milli Şuranın da xeyrinədir.

Milli Şuranın qarşısında iki çətin vəzifə var: Birinci vəzifə seçkinin ədalətli və şəffaflığına nail olmaqdır. Bu sıraya seçki məcəlləsinin dəyişdirilməsi və seçki komissiyalarının hakimiyyətin total nəzarətindən çıxarılması aiddir. İkinci vəzifə isə vahid namizədi müəyyənləşdirməkdir.

Prezident seçkisinə 4 aydan bir az artıq vaxt qaldığını nəzərə alaraq Milli Şuranın qarşısındakı hər iki vəzifənin paralel olaraq yerinə yetirməsi mürəkkəbdir. Hakimiyyət seçki məcəlləsinin dəyişdirilməsinə və seçki komissiyaları üzərində 20 il həyata keçirdiyi nəzarətin əldən verilməsinə heç bir halda razılaşmayacaq. Hakimiyyəti buna nə daxili, nə də xarici təzyiq məcbur edə bilər. İqtidarın beynəlxalq təşkilatların illər uzunu seçki məcəllləsinin dəyişdirilməsinə yönəlik təzyiqlərini neytrallaşdırması təcrübəsi də bundan xəbər verir. Ona görə də, Milli Şuranın yaxın 4 ayda bütün imkanlarını seçki məcələssinin dəyişdirilməsinə səfərbər edəcəyini gözləmək yersiz olardı. Milli Şura vaxtını və enerjisini qənaətlə xərcləmək məcburiyyətindədir.

Buna görə də Milli Şura diqqəti daha çox ikinci – vahid namizədin müəyyənləşdirilməsi vəzifəsinin yerinə yetirilməsi ətrafında fokuslaşdırıacaq. Milli Şura vahid namizədi iki yolla müəyyənləşdirə bilər. Birinci yol konsensus yoludur. Yəni Milli Şura üzvləri İlham Əliyevlə real mübarizə apara biləcək, daxildə və xaricdə kifayət qədər nüfuza sahib olan namizədi müzakirələr yoluyla müəyyənləşdirəcək. Bu alınmadıqda isə ikinci yola üstünlük veriləcək.

Yəni, vahid namizəd Milli Şura üzvlərinin sadə səs çoxluğu ilə müəyyənləşdiriləcək. Hər iki prosedurun ağrılı olacağı bəri başdan bəllidir. Çünki, hazırkı müxalifətin 20 illik fəaliyyəti ərzindəki müxtəlif ittifaqları məhz ona görə dağılıb ki, onlar seçkilərdə vahid namizədi müəyyənləşdirə bilməyiblər. Milli Şurada isə prezidentliyə iddialı olan kifayət qədər isim var: İsa Qəmbər, Rəsul Quliyev, Eldar Namazov, Rüstəm İbrahimbəyov, Lalə Şövkət Hacıyeva (Əli Kərimli ən şanslı namizədə dəstək verəcəyini bəri başdan açıqlayıb).

Milli Şurada prezidentliyə namizədlik uğrunda mübarizə iki qrup arasında gedə bilər. Birinci qrup İsa Qəmbəri, ikinci qrup isə Rüstəm İbrahimbəyovu müdafiə edə bilər. Bu ikisi arasında Milli Şura ideyasını irəli sürən və onun reallaşdırılmasına nail olan Rüstəm İbrahimbəyov nisbətən şanslı görünür. Çünki, İsa Qəmbər 2003-cü ildə prezidentliyə namizəd olmaqla şansını bir dəfə sınayıb, obyektiv və subyektiv səbəbdən alınmayıb. Bu mənada Rüstəm İbrahimbəyovun bir neçə üstünlüyü var:

İbrahimbəyovun birinci üstünlüyü ondadır ki, onun xaricdə, o cümlədən Rusiya, Fransa və ABŞ-da kifayət qədər nüfuzu var. Və indiki hakimiyyətin ona qarşı qara piar kampaniyası və ya seçkidən sonra ona qarşı sərt mübarizəsi beynəlxalq aləmdə mənfi qarşılanacaq.

İbrahimbəyovun ikinci üstünlüyü onun maliyyə imkanlarındadır. Hazırkı kasıb müxalifətdən fərqli olaraq Rüstəm İbrahimbəyov seçki kampaniyasına kifayət qədər maliyyə xərcləyə bilər. İbrahimbəyov eyni zamanda Milli Şuranın fəaliyyətinə və strukturlaşmasına da gərəkli miqdarda maliyyə xərcləmək iqtidarındadır ki, bu da indiki situasiyada az əhəmiyyətli deyil.

İbrahimbəyovun üçüncü üstünlüyü və müxalifət içində cəlbediciliyi onun müvəqqəti prezidentliyə razılaşmasıdır. Məşhur ssenarist yalnız 2 illiyinə - keçid dövrü üçün prezident olacağına razılaşır, bu müddətdə gərəkli seçki islahatları apararaq növbəti prezident seçkisinin demokratikliyini təmin edir. Belə bir şərtə, yəni müvəqqəti prezidentliklə İsa Qəmbərin razılaşması çətin olardı. Digər tərəfdən bu formul İsa Qəmbərin gələcək prezidentliyi üçün yolu açır.

Rüstəm İbrahimbəyovun yeganə minusu onun siyasi fəaliyyət və seçki mitinqlərində çıxış təcrübəsinin olmaması, xarizmasının azlığı sayıla bilər. Ancaq Milli Şuranın vahid komanda şəklində fəaliyyət göstərəcəyi və bütün enerjisini İbrahimbəyovun seçilməsinə yönəldəcəyi halda neqativ pozitivə də çevrilə bilər.

Milli Şuranı seçkidən sonra da çiddi sınaq gösləyir. Milli Şura İlham Əliyevin xeyrinə olan seçki nəticələrini qəbul etməyərək, ölkədə kütləvi etiraz təşkil etməyə çalışacaq. Bu isə ölkədə qarşıdurmanı artıracaq, indiki nisbi sabitliyin məcrasından çıxmasına şərait yaradacaq. Ən təhlükəli olanı isə belə bir vəziyyətdən Azərbaycanda fərqli maraqları olan ölkələrin – ABŞ, Rusiya və İranın situasiyaya təsir etmək istəklərinin yaranmasıdır.

Bunun baş verməməsi üçün yeganə yol hakimiyyətlə müxalifətin seçki öncəsi oyun qaydalarını müəyyənləşdirmələridir ki, ölkədə sabitlik pozulmasın və xarici qüvvələr bundan istifadə etməsinlər. Hakimiyyət seçkinin demokratikliyinə, Milli Şura isə seçkinin nəticələrini tanıyaraq qarşıdurmaya getməyəcəyinə dair təminat verməlidir.

Ancaq hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Çünki, hazırki hakimiyyətlə müxalifət arasında 20 illlik mübarizə tarixində konsensus olmayıb.

"Atlas" Araşdırmalar Mərkəzi