“Rüstəm İbrahimbəyovu ifşa edəcəm”

"Maqsud İbrahimbəyov qeyri-legitim hesab edilən parlamentdə əyləşdiyi zaman Rüstəm susanda biz həmin parlamentə qarşı mübarizə aparırdıq. Onlar hakimiyyətin pulu hesabına festival keçirib, xalqa məxsus vəsaiti "yuyanda" ölkədəki antidemokratik şərait yadlarına düşmürdü".

Bu sözləri AzNews.az-a açıqlamasında Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Partiya sədri qeyd edib ki, Rüstəm İbrahimbəyovun kim olmasını, maskasının yırtılmasını şəxsən özü həyata keçirəcək.

"Azərbaycan cəmiyyətinə onun nəyin mübarizəsini apardığını göstərəcəyəm. İfadələrinə fikir versin, əndazəsini bilsin. Özündə cürət tapıb, Azərbaycana gəlsin, siyasi mübarizə ilə məşğul olsun. Kremlin divarları arxasında gizlənmək kişiyə yaraşan hərəkət deyil" - deyə Əli Əliyev bildirib.

"Rüstəm İbrahimbəyovun bu gün danışmağa heç bir haqqı yoxdur. O, rahat yer axtaran adamdır. İndi yenidən biznesini genişləndirmək üçün Kremlin paçası arasında dayanıb, Azərbaycanın dövlət müstəqilliyini təhdid edir. Hökumətə işləyən onun kimi adamlar olub. Bu azmış kimi başqalarına da böhtan atmağa çəkinmirlər".

Ə.Əliyev deyib ki, nədənsə İbrahimbəyov indiki hakimiyyətin onlar üçün yaratdığı siyasi və iqtisadi şərait münasib olan vaxtlarda azadlıq, demokratiya kimi şüarlar qaldırmır, ölkədəki şərait barədə susur, hakimiyyət haqqında tərif yağdırırdılar.

Qeyd edək ki, Milli Şuranın ideya müəllifi Rüstəm İbrahimbəyov "Azadlıq" qəzetinə müsahibəsində Milli Şuraya qarşı çıxan müxalifətin digər partiyalarını iqtidara işləməkdə ittiham edib. Bildirib ki, əgər bəzi partiyalar Milli Şuranın əleyhinədirsə, deməli, onları demokratik qüvvə saymaq olmaz və onlar iqtidara işləyirlər.

Anar
AzNews.az