Rüstəm İbrahimbəyov səlahiyyətlərini kimə verəcək?

"Rüstəm İbrahimbəyov öz səlahiyyətlərini istədiyi adama verə bilər. Milli Şuranın icra aparatının üzvləri də bu qurumda birləşən siyasi partiya nümayəndələri arasından formalaşacaq".

Bu sözləri AzNews.az-a açıqlamasında "El" Hərəkatını Milli Şurada təmsil edən Köçəri Nağıbəyli deyib. O, Milli Şuranın Aparatında kimlərin təmsil olunacağı ilə bağlı məsələyə münasibət bildirib.

"El" Hərəkatının sədri Eldar Namazovun Milli Şura Aparatına rəhbər təyin edilməsinə də toxunan K.Nağıbəyli deyib ki, Aparatın üzvlərinin kimlər olacağı isə MŞ-in sədri Rüstəm bəydən asılıdır: "O, kimi istəsə, həmin adama da MŞ-in aparatında vəzifə verər".
K.Nağıbəylinin sözlərinə görə, Milli Şuranın İcra Aparatında Müsavat Partiyası başqanının müavinlərindən də bəzi şəxslər ola bilər. Siyasətçi bildirib ki, Müsavat başqanı İsa Qəmbərə Milli Şuranın Aparatında hər hansı vəzifə veriləcəyini düşünmür: "İsa Qəmbər böyük liderlərdəndi və bu səbəbdən də onun MŞ-nin Aparatında hansısa vəzifə tutacağını düşünmürəm. Ancaq onun müavinlərindən kimsə aparatda təmsil oluna bilər".

Bahar Rüstəmli
AzNews.az