14:45
(077) 610-22-33

Bahar Muradova: “Özlərini yormasınlar“ - Müsahibə

  • >
281 11 İyun 2013 17:25 | Siyasət

"Maksim Musayev, Əli Əlirzayeivin şəxsi problemlərinin partiyanın fəaliyyəti ilə əlaqəsi yoxdur"

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, vitse-spiker Bahar Muradovanın Gün.Az-a müsahibəsi:

- Bahar xanım, Yeni Azərbaycan Partiyasının (YAP) 5-ci qurultayından bir neçə gün keçsə də, onun ətrafında söz-söhbətlər bitmir. Kimlərsə yenə öz narazılqlarını bildirir, yəni, qurultaya nümayəndə seçilə bilməməlirindən və yaxud, partiyanın rəhbər orqanlarından uzaqlaşdırılmalarından şikayətlənirlər və sair. Bəs, siz bunlar haqda nə deyərdiniz?

- Əvvəla, mən YAP-ın son qurultayı ilə bağlı hansısa narazılıqların olması, baş verməsi qənaətində deyiləm. Kimlərsə, Yeni Azərbaycan Partiyasının üzvü olaraq, onun seçkili orqanlarında fəaliyyət göstərmək istəyini ifadə edirsə, bunu ciddi narazılıq kimi qəbul etmək lazım deyil.

Çünki bu, 600 yüz minlik partiyadır, ümumxalq partiyasıdır. Azərbaycanı uğurdan-uğura aparan bir partiyadır, möhtəşəm bir qurumdur.

YAP-ın hər bir sıravi üzvü, hər bir nəfəri partiyanın işində daha yaxından iştirak etmək, seçkili orqanlarında təmsil olunmaq istəyir. Təbii, bu, normal bir istəkdir.

Bu istəyi narazılıq kimi qələmə vermək düzgün deyil. Amma kiminsə o istəyində də gizli narazılıq notları hiss olunursa, bu, onun necə deyərlər, şəxsi maraqları ilə bağlı ola bilər. Ona görə burada hansısa elə bir ciddi narazılıq dalğası axtarmağa ehtiyac yoxdur.

Eyni zamanda, partiyanın qurultayı yüksək səviyyədə keçdi, qərarlarını qəbul etdi.

Artıq bu qərarlar hər bir partiya üzvü üçün yerinə yetirilməsi vacib olan sənədlərdir və biz hamımız ilk növbədə bu yöndə üzərimizə düşən işimizlə məşğul olacağıq.

Partiya daxilində hər şey açıq, şəffaf, ictimaiyyətin gözü qarşısındadır. Qurultayımızı bütün ictimaiyyət izlədi. Yəni, burada hansısa kənar məqamların olub-olmayacağı ilə bağlı proqnozlar özünü doğrultmadı və normal bir mühitdə, ab-havada qurultay öz işini başa vurdu.

Dediyim kimi, vacib qərarlarını qəbul etdi. Hər kəs də bu qərarların yerinə yetirilməsi ilə məşğuldur.

- Amma çox maraqlıdır ki, qurultaydan və ya YAP-da baş verənlərdən narazı qalanlar nədənsə daha çox partiyanın icra katibi və sədr müavini Əli Əhmədovu hədəf seçirlər. Məsələn, sabiq millət vəkilləri Maksim Musayevlə Əli Əlirzayev məhz Ə.Əhmədova qarşı bir sıra ittihamlar səsləndirməkdədirlər...
- Mən bilmirəm onların nə problemi var. Yəni, onların probleminin partiyanın ümumi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, şəxsi nə isə ola bilər və onu - şəxsi problemi də gətirib partiya işi ilə əlaqələndirmək və partiyanın yeritdiyi siyasətlə bağlamaq düzgün deyil.

Mən düşünürəm ki, bu insanların özündən çox, elə mətbuatın özü də bu məsələni çox şişirdir.

Qəbul olunan qərarları hər kəs qəbul etməli, onunla razılaşmalı və öz işini də buna uyğun qurmalıdır.

- Yeri gəlmişkən, partiya rəhbərliyinə yeni 3 müavinin gətirilməsi, yəni, partiya sədrinin yeni müavinlərinin seçilməsi ilə YAP-a nəzarətin bir qrupdan digər qrupa keçməsi iddiaları da ortaya atılmaqdadır...
- Bunlar da çox absurd iddialar, ittihamlardır. Mən bilmirəm, nəyə görə belə absurd ittihamlar, iddialar irəliyə sürülür...

Bu insanların hamısı-müavin seçilən şəxslərin hər biri partiyanın üzvləri idi. Belə olan halda, partiyanın sədr müavinləri haradan seçilməliydi? Təbii ki, partiya üzvləri sırasından seçilməlidir.

Əgər bu insanların fəaliyyəti - həm öz sahələrinə, həm peşələrinə dair çox genişdirsə, çox uğurludursa, nəticə müsbətdirsə, nəyə görə onlar seçilməsinlər?

Nəyə görə bunu hansısa qaranlıq məqamlara aparıb bağlamaq istəyənlər var?

Partiyanın bir siyasəti var- Azərbaycanın inkişafına xidmət etmək. Heydər Əliyev tərəfindən müəyyənləşmiş ideoloji istiqaməti var. Bu gün bu ideoloji xətti, bu yolu davam etdirən partiyanın lideri - ölkə Prezidenti var.

Qəbul olunan qərarlar da partiyanın hər bir üzvü üçün yerinə yetirilməsi vacib olan sənədlərdir. Hər kəs də bunu belə qəbul edir. Hansısa başqa tərəflərə partiyanın nə işini, nə fəaliyyətini, nə gələcəyini yozmağa ehtiyac yoxdur.

- Bəziləri də belə iddia edir ki, digər tanınmış YAP-çılarla müqayisədə akademik Akif Əlizadə ilə baş nazirin müavini Əli Həsənovun sədr müavini seçilmələri bir qədər gözlənilməz oldu...
- Bilirsiniz, partiya öz mövqeyini ortaya qoyur. Həmçinin, qurultay öz mövqeyini ortaya qoyur. Kim bunu necə dəyərləndirir, indi özü bilər. Kim burada öz məqsədi üçün maraqlı bir məqam axtarır, yenə özü bilər və bunu da tapa bilməyəcək. Sadəcə, özlərini yormasınlar...
Bağla X