“Ay xalq alovlandı, xalq qalxdı, xalq sıçradı” kimi ifadələr lirik söhbətlərdir” “Ay xalq alovlandı, xalq qalxdı, xalq sıçradı” kimi ifadələr lirik söhbətlərdir”

Zərdüşt Əlizadə: “Zor işlətmək mənlik deyil”

“Ay xalq alovlandı, xalq qalxdı, xalq sıçradı” kimi ifadələr lirik söhbətlərdir”


Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinə cəmi 1 il 3 ay qalır. Artıq indidən iqtidarlı-müxalifətli siyasi düşərgədə seçki ambissiyaları qızışmaqdadır. Proseslərin gedişi onu deməyə əsas verir ki, 2013-cü il seçkiləri kifayət qədər gərgin keçəcək. Müstəqillik dönəminin ilk illərində iki dəfə prezident seçkilərində namizəd olaraq iştirak edən Zərdüşt Əlizadə AZ.NEWS.az-a verdiyi qısa müsahibədə maraqlı məqamlara toxunub.

-Zərdüşt bəy, Azərbaycanın siyasi palitrasında nə baş verir?

-Əsilndə heç bir şey baş vermir. Həmişəki vəziyyət davam edir.

- Amma müxalifətin radikal qanadı hesab olunan düşərgəsində indidən qarşılıqlı ittihamlar da geniş vüsət almaqdadır…

-Nə olsun ki? Bizdə yəqin ki, nazirlər də bir birinə qarşı hansısa iddiada olur. Onlardan da mətbuatda olmasa da prezidentin yanında keçirilən müşavirədə kimsə, kimisə ittiham edir. Kimsə kiminsə bostanına girir, kimsə kiminsə baxçasından bir ərik dərir. Buna görə də kimsə kimi ittiham etməsi adi bir şeydir. Bunu faciə hesab etmək lazımdeyil.

-Qəribədir ki, qarşılıqlı ittiham fonunda həm də vahid namizəd məsələsi müzakirə olunmaqdadır. Belə olan halda vahid namizəd məsələsində razılıq əldə olunacaqmı?

-Hər şey seçkinin necə keçirilməsindən asılıdır. Namizədin vahid və yaxud qeyri-vahid olmasının əhəmiyyəti yoxdur.

-Tutaq ki, müxalifət düşərgəsi seçkiyə vahid namizədlə getməyə müvəffəq oldu. O zaman nəsə dəyişəcək.

-İndiyə kimi keçirilən seçkilərdə müxalıf liderlər vahid məxrəcə gəlməyiblər. SİDSUH rəhbərləri seçkini boykot etdilər. Amma onların elektoratı 1998-ci ildə keçirilən prezident seçkilərində Etibar Məmmədova səs vermişdilər. 2003-cü ildə keçirilən seçkilərdə isə İsa Qəmbərlə yanaşı, fərz edək ki, Etibar bəy də iştirak edirdi. Xalq Cəbhəsi də onu dəstəkləyirdi. Amma AXCP və AMİP ikisi birlikdə təkcə İlyas İsmayılovun topladığı səs qədər səs topladılar. Yenə də müxalifətin radikal kəsimi sayılan hissəsində vahid namizəd uğrunda liderlərin istəyindən asılı olmayaraq, 2003-cü ildə İsa Qəmbər çıxış etdi. O da 40 faizdən yuxarı səs yığa bilmədi. Bu da qüvvələr nisbətini aydın şəkildə nümayiş etdirir.

-Hesab edirsiniz ki, illər bir- birini əvəz etsə də, siyasi situasiyada hansısa dəyişiklik bas vermir?

-Azərbaycan siyasilərinin hamısından və vətəndaşların əksəriyyətindən fərqli olaraq, 1989-cu ildən bəri ölkədə keçirilən bütün seçkilərdə ya namizəd, ya namizədin vəkili, ya da müşahidəçi kimi iştirak etmişəm. Son seçkidə də MSK-da qeydiyyatdan keçib yaşadığım ərazidə müşahidəçi kimi bütün prosesi əvvəldən axıracan izləmişəm. Ona görə də seçkilərin necə keçirildiyini bilirəm. "Ay xalq alovlandı, xalq qalxdı, xalq sıçradı" kimi ifadələr lirik söhbətlərdir. Bu lirik ricətin də gerçək siyasətə dəxli yoxdur.

-Siyasətdən anlayışı olduğunu iddia edənlər hazırkı dövlət başçısına alternativ görmürlər. Doğrudanmı, 2013-cü ildə keçiriləcək prezident seçkisində İlham Əliyevə real alternativ namizəd yoxdur?

-Şübhəsiz var real alternativ namizədlər. Hətta mən real liderləri də görürəm. Amma məsələ onda da deyil. Məsələnin tamamilə fərqli məqamları var və belə məqamlarda həqiqətən də İlham Əliyevə real alternativ namizəd yoxdur.

-Real namizədin olduğunu və onu gördüyünüzü dediniz. Növbəti seçkidə özünüzü real namizəd görürsümüzmü? Konkret olaraq namizəd kimi seçkilərə qoşulacaqsınızmı?

-Belə bir fikrim və niyyətim yoxdur. Ümumiyyətlə, mən vəzifə aşiqi olmamışam. Gəncliyimdəm həmişə mənə gözəl imkanlar, Moskvada iş təklif ediblər. Amma gözəl maddi imkan, gözəl şərait təklif olunsa da, mən onların heç birini istəməmişəm. Heydər Əliyev də mənə iş təklif etmişdi, amma mən yenə heç nə istəməmişəm. Mən siyasətçi deyiləm, mən siyasətşünasam. O mənada ki, mən müəlliməm, mən məsləhət verirəm, tərbiyə edirəm, yol göstərirəm. Amma dövlət vəzifəsini tutmaq istəməmişəm. Dövlət vəzifəsini tutan mütləq gərək zor işlətməlidir. Mənim isə zor işlətməklə aram yoxdur.

-Axı siz müstəqilliyimizin bərpasından sonra ilk 2 seçkidə prezidentliyə namizəd kimi seçki yarışına qoşulmusunuz…

-Mən ilk olaraq partiyamız tərəfindən Ayaz Mütəllimova alternativ namizəd irəli sürülmüşəm. Amma seçkilərə on gün qalmış namizədliyimi geri götürmüşəm və seçkidə iştirak etməmişəm. Çünki bilirdim ki, Ayaz müəllim yaxşı insan olsa da, məxsus olduğu sinfin, zümrənin adətlərinə uyğun olaraq seçkiləri saxtalaşdıracaq. Mən də saxta seçkilərdə "quru-quru" iştirak etmək istəmədim.

Gültəkin Qəhrəmanlı
AzNews.az