21:34
(077) 610-22-33

Ərəstun Oruclu: “Güman ki, şairlərin həbsi əvvəlcədən planlaşdırılıb”

  • >
665 3 Avqust 2012 12:34 | Siyasət

Zahid Oruc:"İran öz üzərinə gələn təhlükəni qabaqlamaq üçün Azərbaycanı təxribata çəkməyə çalışır"

Azərbaycanın qonşu dövlətlərlə balanslı siyasət münasibət qurduğunu bəyan edən rəsmi Bakı bir çox hallarda sürprizlərdən yan qaça bilmir. Əslində bu sürprizləri gözlənilməz saymaq da düzgün olmazdı. O mənada ki, Azərbaycanla bağlı İranın və Rusiyanın planları bəllidir. Hər iki dövlət bu planları həyata keçirmək üçün mümkün vasitələri zamanında işə salmağa, ələ düşən imkanları vaxtında "dəyərləndirməyə" fürsət axtarırlar. Hətta imkan və şərait yaranmasa belə, onlar bunu yarada bilirlər. Bu mənada iki azərbaycanlı gənc yazarın qonşu İranda həbs olunması da bunu bir daha sübut etdi. Şübhəsiz siyasi maraqların nəyi zəruri edib etmədiyini az-çox ondan xərərdar olanlar bilir. Amma sadə vətəndaş: "Axı dövlət rəsmiləri qonşu ölkələrlə normal münasibətləirimizin olduğunu bildirirlər. Belədirsə, onda baş verənləri necə başa düşək"-sualına cavab axtarır. Bu suala siyasi ekspertlərin cavabı da birmənalı deyil.
Politoloq Ərəstun Oruclu AzNews.az-a bu məsələ ilə bağli deyib ki, azərbaycanlı gənc yazarların İranda həbs olunmaları və həbsin belə bir formada təqdim olunması diqqət çəkən məqamlardır: "Hətta gənclərin həbsinin gizlin saxlanması, Bakının sorğularının cavabsız buraxılması, sonradan bunun aktuallaşdırılması və rəsmi məlumatın üzə çıxması kimi məqamların hər biri hesablanmış mesajlar idi.
Görünür, rəsmi Tehran bununla Azərbaycan hökumətinə hansısa xəbərdarlığı etmək, nəyisə çatdırmaq istəyir. Məhz bu səbəbdən də onu belə bir formada həyata keçirir. Yəni "mənim demək istədiyim nədir başa düşürsünüz" mesajı çatdırılır. Çünki Azərbaycanda da İrana qarşı bəzi addımlar atıldı və İranda terrorda dəstəklənən adamların Azərbaycanda həbs olunması, onların İranın xeyrinə cəsusluq etmələri faktlarının açıqlanması rəsmi Tehranı da hərəkətə keçirdi. Görünür, həmin şəxslər arasında İran üçün çox önəmli kimlərsə var. Ona görə də İran bu cür qarşılıqlı addımlar atır, ya mübadilə təklif edir, ya da başqa bir təklif çatdırır. Hər halda bu davranışlarda mesaj görünür".
Ekspertin qənaətincə, azərbaycanlı yazarlar bu ölkəyə rəsmi dəvətli olsaydılar, İran belə bir addım atmaqdan çəkinərdi: "Bu dəvət bu dəvət dövlət xətti ilə həyata keçirilsəydi, təbii ki, bunu etməzdilər. Əgər məqsədləri bunu etmək idisə, onda yəqin ki, bəri başdan hansısa qeyri-dövlət qurumunun dəvəti planlaşdırılıb. Yəni bu formada həbslər həyata keçirilir ki, sonradan hansısa danışıqları aparmaq munkün olsun. Azərbaycanda həsb olunan iranlılar rəsmi Bakının öz təşəbbüsü, yoxsa orda beynəlxalq iştirak olub, bəlli deyil. Bu amillərdən çox şey asılıdır. Çünki terrora qarşı mübarizədə beynəlxalq əməkdaşlıq forması mövcuddur. Bu mənada Azərbaycanda həyata keçirilən bu tədbirlərdə ola bilsin, başqa dövlətlərin də marağı olub. Amma güman edirəm ki, bu həbslər daha çox Azərbaycan-İran münasibətlərinə aiddir. Təkcə bu il ərzində 80 nəfərin İranın xeyrinə cəsusuluqla bağlı həbs olunması dövlətlərarası münasibətlərin hansı səviyyədə olmasının göstəricisidir".

İranda həbs olunan azərbaycanlı şairlərin İsraillə əməkdaşlıqda ittiham olunmalarını absurd sayan digər siyasi şərhçi Elşən Manaflı da AzNews.az-a bildirib ki, ötən həftə İranın xarici siyasət idarəsi rəsmisinin Azərbaycana planlaşdırılan səfərini təxirə salınması təsadüfi deyil: "Hər halda bu səfərin təxirə salınmasının arxasında rəsmi Bakının rəsmi Tehranla bağlı münasibətlərinin xarakter və mahiyyəti dururdu. Etiraf olunmalıdır ki, hər iki dövlət arasındakı münasibətlər son bir neçə ay ərzində yetərincə fərqli və gərgin bir fazaya keçib. Bunun da səbəbi bu günlərdə Vaşinqtonda Azərbaycayla ABŞ arasında 1997-ci ildən keçirilən ənənəvi toplantının baş tutması və həmin tədbirdə Cənubi Qafqazda regional təhlükəsizlik, eyni zamanda Xəzər dənizində təhlükəsizlik məsələləri, Azərbaycanla Qərb dövlətləri arasında enerji sahəsində əməkdaşlıq və digər məqamların müzakirə olunmasıdır. Heç şübhəsiz Qərb Azərbaycanın İranla bağlı məsələdə növbəti dəfə mövqeyini açıqlamasını istəyib".
Azərbaycan-İran münasibətlərinin bugünkü durumuna gəlincə, siyasi ekspert hesab edir ki, İran Azərbaycanın İsraillə hərbi əməkdaşlığından, enerji təhlükəsizliyindən narahatdır: "Eyni zamanda da yeri gələndə Azərbaycan İranın Ermənistanla gündən-günə artan iqtisadi-ticari münasibətlərinin dövriyyəsindən narahatdır. Bu arada İranda rəsmi Tehranla bu və ya digər mənada bağlı olan ayətullalar tərəfindən Azərbaycan iqtidarına, dövlət başçısının ünvanına təhqiramiz ifadələr işlədildi. Bunun ardınca Azərbaycanda İranın ali dini liderinin təhqir olunması ilə müşahidə olunan kütləvi aksiyalar keçirildi. Bunlar da iki dövlət arasındakı münasibətlərdə gərginlik yaratdı. Bu günlərdə İranın təhsil naziri Azərbaycanda səfərdə oldu.
Səfər çərçivəsində qarşılıqlı əməkdaşlıq sahəsində mühüm məsələlər müzakirə olundu. Amma buna baxmayaraq, sonradan məlum oldu ki, İran prezidenti, Azərbaycan prezidentinə xususi məktub göndərərək, onu avqustda bloklara qoşulmayan dövlətlərin bu ölkədə keçiriləcək toplantısına dəvət edib. Bu, İran tərəfindən verilmiş xüsusi bir mesaj idi. Əminəm ki, bu mesaj Azərbaycan iqtidarı tərəfindən yetərincə qiymətləndiriləcək. Ümid edək ki, Azərbaycan prezidentinin bu ay İrana reallaşdıracağı səfər münasibətlərdəki gərginliyin aradan qaldırılmasına öz töhfəsini verəcək".
Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli AzNews.az-a deyib ki, şeir festifalında iştirak üçün İrana gedən və bu ölkədə həbs olunan şairlərin məsələsinə Azərbaycanda münasibət birmənalıdır: "Biz hesab edirik ki, onlar qanunsuz həbs olunublar. Hər iki gənc vətənpərvərdir. Ola bilsin ki, bu, Azərbaycandakı İran şəbəkəsinin ifşa olunmasına, həbslərə cavab ola bilər. Heç nə olmadan da bu baş verə bilər. Bu günə kimi onların həbsi ilə bağlı hər hansı tutarlı səbəb göstərilməyib. Ona görə də bu olay müəmmalı olaraq qalır. Belə olan halda biz də onların niyə həbs olunmaları barədə detallı nəsə deyə bilmirik. Yalnız biz iddia edirik ki, onların həbsi üçün heç bir əsas səbəb yoxdur. Ona görə də bizim tələbimiz şairlərin tezliklə azadlığa buraxılmasıdır".
Azərbaycanın dövlət rəsmilərinin danışıqlarında da bu tələbin qoyulduğunu deyən A.Səmədbəyli hesab edir ki, gənclərin həbsi üçün əllərində tutarlı səbəb olsaydı, onu çoxdan açıqlamışdılar: "Ona görə də biz hesab edirik ki, gənc şairlər tezliklə azadlığa buraxılacaqlar. Əgər buraxılmayacaqlarsa, biz oların azadlığa buraxılması üçün müdafiə kampaniyasını genişləndirib, beynəlxalq birlikləri, qurumları da bu kampaniyaya qoşub əlimizdən gələni edəcəyik".
Deputat Zahid Oruc isə AzNews.az-a deyib ki, bu həbs İrana qarşı beynəlxalq təzyiqlərin artması fonunda Azərbaycanda qərbin güclənməsinə qarşı bir tədbir sayıla bilər. Onun sözlərinə görə, İran Azərbaycanda qərbin dayaqlarını, İsrailin mövqelərini və ya agentura mərkəzlərini axtarır: "Azərbaycana təzyiq üçün də istənilən şəxsin girov götürülməsi onların qənaətincə, çox əlverişkli addım sayıla bilər. Ancaq mən o gəncləri əsir və girov adlandırıram. Bizim ölkəmizə təzyiq üçün dövlətimizin siyasətini dəyişmək anlamında bu bir siqnal da sayıla bilər. İran onunla göstərmək istəyirdi ki, daha çox insanları girov götürüb, onları Azərbaycanın əleyhinə çevirə bilər. İsrail səfirliyinzə qarşı terror planının ifşa olunması, digər tərəfdən Azərbacana qarşı terror təxribatlarının qarşısının alınması fonunda antiiran ovqatının artması müşahidə olunurdu. Belə bir məqamda İran da cavab reaksiyasını həyata keçirdi. Notalardan qurtarıb real əməli addımlar atdı və gənclərimizi həbs elədi. Azərbaycanın bu həbslə bağlı indiyə kimi notalarının nəticə verməməsinin başlıca səbəbi İranın bizdən isdəyini ala bilməməsidir. Ehtimal ki, Azərbaycanda İsrail əlehinə kampaniyaya qoşulmaq, qərbin maraqlarını burada xeyli azaltmaq, Xəzər akvatoriyasında ABŞ-ın, Avropa ölkələrinin iqtisadi cəhətdən iştirak imkanlarını zəiflətmək əsas məqsəddir".
Bütün bunların bağlı qapılar arxasında Azərbaycana deyildiyini istisna etməyən Z. Oruc bildirib ki, ona görə də İran belə bir şəraiti saxlamaqda davam edir: "Azərbaycan buna görə İranla müharibə edə bilməz. Amma bu müddətdə bizim tədbirlərimiz də azalmayıb. Ölkə rəhbərliyi həmin şəxslərin qorunması üçün müvafiq diplomatik addımlarını atmaqdadır. Düşünmürəm ki, biz də bunun əvəzi olaraq İran mənşəli adamları girov götürməliyik. Bu dövlətlərarası münasibətlərə bundan sonrakı mərhələdə daha ağır təsir göstərərdi. Amma İran bunu istəyir və hər hansı bir hadisə fonunda münasibətləri sıfır həddinə çatdırmaqda da maraqlıdır. İran öz üzərinə gələn təhlükəni qabaqlamaq üçün Azərbaycanı hansısa fofmada təxribata cəlb etməyə çalışır. Dünyanın işi İranladır. İran isə üzünü bizə çevirib. Çünki maraqlarımızın güclənməsi heç bir halda İranın siyasi və dövlətçilik maraqlarına uyğun deyil. İran müəyyən gərginlik nöqtələri yaradaraq onların həlli adı altında Azərbaycanla öz münasibətlərini qurmaq istəyir. İndi gənclərin həbsi, sonra müəyyən dini addımlarla İranın ölkəmizdəki siyasətinin əsas xəttini təşkil etməkdədir. Biz isə bu gənclərin azadlığı uğrunda mübarizəmizi davam etdirəcəyik".
ADP sədri Sərdad Cəlaloğlu məsələylə bağlı tam fərqli fikirdədir. O, AzNews.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bu və ya digər formada İranla bağlı islamçılara qarşı ciddi repressiya faktları və Azərbaycanda terror planları qarşı tərəfdən adekvat reaksiya doğurub: "Çünki dünyada belə proseslər zamanı qarşı tərəf də analoji addımlar atır. Azərbaycan İran vətəndaşlarının casusluq etmələri barəda faklar ortaya qoyur. Onlar da Azərbaycan vətəndaşlarının İsrailin xeyrinə casusluq etmələri barədə faktlar ortalığa qoymalıydılar. Bu dövrdə gənc şairlərin İrana getmələri onlar üçün göydəndüşmə oldu və İran bu fürsəti düzgün qiymətləndirdi. Amma sonradan Azərbaycan və İran hakimiyyatləri çox yaxşı başa düşdülər ki, dəvlətlərarasındakı gərginlik hər iki ölkənin mənafeyinə ziddir. Ona görə də sonrakı proseslər münasibətlərin yumşaldılmasına doğru getdi. Qarşılıqlı səfərlərlə bağlı yayılan məlumatlar hər iki tərəfin münasibətləri normallaşdırmağa çalışdıqlarını göstərir. Artıq Azərbaycanın İranı ittiham edən bəyanatlarının da sayı azalıb. Daha əvvəlki kimi televiziyalarda məlumatlar verilmir. Həbs olunan gənclərlə görüşlərin təşkili isə onu göstərir ki, yaxın günlərdə onlar azadlığa buraxılacaq".
Gültən
AzNews.az

Bağla X