Milli Şura iki qrupa bölündü – Qurumda rəhbərlik davası qızışır

"Həmsədrlik institutunun yaranmaması Gülağa Aslanının deyil, təmsil olunduğu Müsavat Partiyasının fikridir. Bunun reallaşmağı isə qeyri-mümkündür".

Bunu AzNews.az- a "El" hərəkatının Ali Məclis sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. E.Quliyev bildirib ki, həmsədrlik institutunun yaranması ideyası Milli Şura sədri Rüstəm İbrahimbəyov tərəfindən irəli sürülüb: "Müsavat Partiyasının mövqeyi onsuz da bəlli idi. Əvvəlcədən də bəllidir ki, həmsədrlik institutunun ideya müəllifi Rüstəm İbrahimbəyovdur. Quruma daxil olan partiya sədrləri də bununla hesablaşır. Çünki bu, qurum üçün ən optimal yoldur".

O, bütün bu məsələlərin qurumun sessiyasında həll ediləcəyini də söyləyib: "Demokratik qurumlarda ziddiyyətlər müzakirələr yolu ilə həll olunmalıdır, bəyanatlarla deyil. Milli Şura da təkcə müsavatdan ibarət deyil ki, onların bəyanatları ilə nəsə həll olunsun".

Xatırladaq ki, G.Aslanlı mətbuata açıqlamasında deyib ki, Milli Şurada vahid sədrin olması daha düzgündür və bu baxımdan Milli Şurada həmsədrlik institutunun yaradılmasına ehtiyac yoxdur. "Bu vaxta qədər Milli Şuranın hazırkı sədri Rüstəm İbrahimbəyova gördüyü işlərə görə təşəkkür etmək lazımdır. Ancaq artıq faktiki olaraq onun Azərbaycana gəlməsi və bu işlərə rəhbərlik etməsi mümkün olmadığı üçün bir sədrin olması daha düzgündür. Cəmil Həsənlinin Milli Şuranın sədri olmasına isə etirazım yoxdur".

O qeyd edib ki, qurumda həmsədrlik institutunun yaradılması ideyası Milli Şura yaranmazdan əvvəl təklif edilib: "Həmsədrlik ideyası hələ Milli Şura yaranmazdan əvvəl ortaya atılan təklif idi və indi onun lehinə olanlar, o vaxt bu ideyanın əleyhinə fikir bildirirdilər. O vaxt təklif olunurdu ki, ziyalılarla yanaşı, siyasi partiyaların da rəhbərləri həmsədr olsun. Lakin söhbət vahid namizəddən gedirdi və bu konsepsiyaya görə vahid namizəd yalnız ziyalılardan biri olmalı idi. Buna görə də o zaman həmsədrliyə etiraz olundu. İndi isə siyasətçilərin və siyasi partiyaların da olduğu bir təşkilatda siyasətdə olmayan iki ziyalının həmsədr olmasını o qədər də məqsədəuyğun saymıram".

AzNews.az
Bahar Rüstəmli