15:58
(077) 610-22-33

Sabah İranda azərbaycanlı şairlərin məhkəməsi başlayır

  • >
471 6 Avqust 2012 14:44 | Siyasət

Məhkəmə prosesini soydaşlarımızın ən yaxın ailə üzvləri və diplomatlarımız izləyə biləcək


Sabah İranda üç ay əvvəl həbs olunmuş azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəməsi başlayır. APA-nın məlumatına görə, məhkəmə prosesində soydaşlarımızın hüquqlarını yerli, yaxud xarici vəkilin qoruyacağı məlum deyil. Prosesi izləyənlər arasında Azərbaycanın Təbrizdəki konsulluğunun nümayəndələri də olacaq. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İran tərəfi ilə əldə olunan ilkin razılaşmaya əsasən, məhkəmə prosesinə ittiham olunan şəxslərin birinci dərəcəli ailə üzvləri və konsulluğumuzun əməkdaşları qatıla bilərlər. Qeyd edək ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə şeir festivalında iştirak üçün getdikləri İranda həbs olunublar. İran tərəfi uzun müddət azərbaycanlı şairlərin saxlanması xəbərini təsdiqləməyib. Daha sonra hər iki azərbaycanlının həbsxanada saxlandığı məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəyə aydınlıq gətirilməsi tələbi ilə İrana bir neçə dəfə rəsmi nota verib. Lakin İran tərəfi bu notaları cavablandırmayıb. Tehranın kütləvi informasiya vasitələri soydaşlarımızın İran əleyhinə casusluq fəaliyyətində günahlandırıldığını iddia etsələr də, sonradan bu məlumat təsdiqlənməyib. İran tərəfi ilə əldə olunan razılaşmaya əsasən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin əməkdaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşməyə müvəffəq olublar. Görüş zaman hər iki şəxs onların İran ərazisinə qanunsuz şəkildə daxil olmaqda ittiham edildiklərini deyiblər. İran xarici işlər nazirinin müavini Arakçının Azərbaycana səfəri zamanı həbs olunan şairlərlə bağlı məsələnin müzakirə olunacağı gözlənilsə də, səfər iki dəfə təxirə salınıb. İran xarici işlər nazirinin digər müavini Hüseyn Əmir Abdullaxiyan ötən həftə Moskvada keçirdiyi mətbuat konfransında APA-nın Moskva müxbirinin həbsdə olan azərbaycanlı şairlərlə bağlı sualını cavablandırmaqdan boyun qaçırıb: "İranda azərbaycanlı şairlərin həbsindən xəbərim yoxdur. Məsələnin detalları barədə heç nə bilmirəm". Qeyd edək ki, hər iki soydaşımız Təbrizdə keçirilən şeir festivalında iştirak etmək üçün qonşu ölkəyə gedib və mayın 2-də həbs olunublar.


AzNews.az

Bağla X