“Obama təbrik etməməliydi ki?” - Hesabat

Mirşahin bu dəfə Hesabatda ABŞ prezidenti Barak Obamanın prezident İlham Əliyevə göndərdiyi təbrik məktubundan danışıb.


Dövlət başçısı seçilən şəxsə həmkarlarının təbrik məktubu göndərməsi bir protokol jesti olmaqla adi bir haldır. Bu baxımdan ABŞ prezidenti Barak Obamanın Azərbaycanın prezidenti İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik etməsinə də dövlətlərarası nəzakət faktı kimi yanaşmaq olardı. Amma bu təbriki maraqlı edən bir neçə məqam var ki, onlar üzərində dayanmaq istərdim. İş elə gətirib ki, ABŞ öz obrazını beynəlxalq münasibətlər sisteminə az qala ümumdünya münsiflər şurasının sədri kimi təqdim edə bilib. Onun rəyi bir sıra dövlətlərin mövcudluğu üçün bəzən həlledici amil rolu oynayır. Görünür elə bu səbəbdəndir ki, Amerika prezidentinin təbriki Azərbaycanın müxtəlif dairələrində özünəməxsus eyforiya yaradır. Məsələn, bəzi iqtidar təmsilçiləri bu hadisədən doğan daxili təntənələrini gizlədə bilmir, müxalifətdəki bir sıra qüvvələr isə az qala Obamadan şəxsən küsdüklərini biruzə verirlər.

Əslində isə adi bir hadisə baş verib, Azərbaycanda prezident seçkiləri keçirilib, bir dövlət başçıları kimi Obama da öz həmkarını təbrik edib. Məncə, müstəqil dövlət kimi Azərbaycan da öz orta vətəndaş düşüncə tərzini belə hadisələrə soyuqqanlı yanaşmağa öyrəşdirməlidir. Yoxsa kənardan bir az qəribə çıxır. Obama təbrik etməməliydi ki? Və ya tutaq ki, Obama təbrik etməsəydi nə olacaqdı? Yeni seçki keçirədəkdik? Əlbəttə yox. Ona görə də sakitləşək və müstəqilliyimizə sevinək. Eyni zamanda müstəqilliyin nə qədər ağır bir iş olduğuna açıq gözlə baxaq.

Məsələn, Rusiyada millətçiliyin ifrat həddindən əziyyət çəkən birisinin döydüyü əlil soydaşımızın gözü ilə. Bu göz demək olar ki, görmə qabiliyyətini tam itirib. Bu gözü rəmzi olaraq Rusiyanın miqrantlara baxan gözü də hesab etmək olar. Bu göz artıq görmür. Millətçiliyin, neofaşizmin kor bucağı altında baş verənlər Azərbaycanda Obamanın məktubundan daha ciddi şəkildə müzakirə olunmalıdır. Azərbaycan öz qonaqpərvərliyini növbəti dəfə nümayiş etdirdi. Əlil soydaşımızı xəstə millətçinin əlindən, yumruq və təpiyindən alan rus qadına dövlətimiz adından minnətdarlığını bildirdi. Amma burda da bir eyforiya sezilir. Təşəkkür öz yerində.

Amma bu təşəkkürün effekti əlil azərbaycanlını kor etmiş millətçiyə Rusiya qanunlarının nə edəcəyini gözləyən milyonlarla gözü bağlamamalıdır. Və Azərbaycan öz alicənablığını göstərdiyi kimi Rusiya da müqəssiri dövlət səviyyəsində tanımaq, onu Daxili İşlər Nazirinin kabinetində olmasa da münasib bir yerdə vəhşiliyin qurbanına, Rusiyanın öz qanunlarına baş əydirməyi bacarmaqla öz böyüklüyünü göstərməlidir. Rusiya Azərbaycanla ona layiq olduğu tərzdə davranmağı öyrənməlidir. Bura Ermənistan deyil.

Sabitliyi bir anın içində iğtişaşla əvəzlənə bilən Ermənistanı bu həftə diqqət mərkəzinə çəkən müxalifətin maska aksiyası oldu. Müxalifət bu addımı atmaqla Sarqsyan rejiminin maskasını yırtmağa bel bağlayırdı və buna deyəsən nail oldu. Qərbin diqqətindən dumanlı səbəblərdən yayınan bu zorakılıq faktı bizim gözümüzdən qaçmadı. Atəş səsləri bütün hallarda diqqət çəkir.

Naxçıvan-İran sərhəddində baş vermiş hadisə kimi. İlkin məlumat belədir ki, noyabrın 5-də saat 18:15 radələrində Naxçıvanın Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Sürücü atəşdən yayınsa da iki ölkənin sərhəd münasibətləri zədələnib. Culfa və Biləsuvar sərhəd məntəqələri bağlanıb. Bu gözlənilməz atəşin arxasında kimin və nəyin durduğunu araşdırmaq indi hər iki ölkənin sərhəd xidmətlərinin əsas vəzifəsidir.

Çünki son zamanlar nəzərəçarpacaq dərəcədə istiləşən Azərbaycan-İran münasibətləri üçün bu qəfil pristup heç gözlənilən deyildi. Atəşin İran tərəfindən açılması barədə yayılan xəbər məsələnin araşdırılması baxımından Tehrana müəyyən üstünlük verir. Ən azı potensial müqəssirlərin İran ərazisində olması ehtimalı baxımından. Kim idi atəş açanlar və hədəfdə nə idi? Bəlkə bir traktordan daha artıq? Bəlkə bütünlükdə İran-Azərbaycan qardaşlığı?(anspress)