18:08
(077) 610-22-33

AXCP: “Cəmil Həsənlinin namizədliyini müdafiə etməyə hazırıq“

  • >
587 13 Noyabr 2013 13:31 | Siyasət

"AXCP İdarə Heyətinin bu həftə keçirilən toplantısında partiyanın Milli Şurada həmsədrlik institutunun və məşvərət qurumunun yaradılması ilə bağlı mövqeyi konkretləşib".

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında deyib ki, AXCP Milli Şurada həmsədrlik institutunun yaradılmasını reallığa uyğun sayır, bu, qurumun fəaliyyətinin daha uğurlu tənzimlənməsinə gətirib çıxara bilər.

Fuad Qəhrəmanlı xatırladıb ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Bakıda yoxdur və bu baxımdan qurumun cari fəaliyyətinə praktik rəhbərlik etmək imkanları məhduddur, elə bu zərurəti nəzərə alaraq R. İbrahimbəyov özü də təklif edib ki, Bakıda Milli Şuranın fəaliyyətinə birbaşa rəhbərlik etmək imkanına malik ikinci həmsədr olsun: "AXCP hesab edir ki, bu təklifin həyata keçməsi məqsədəuyğun ola bilər. Təbii ki, AXCP Cəmil Həsənlinin namizədliyini müdafiə etməyə hazırdır. Ancaq həmsədrlik təyinatlı vəzifə deyil, həmsədr seçki yolu ilə seçilməlidir".

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və partiyanın rəhbərliyindəki digər şəxslərin həmsədrlik institutuna ehtiyac olmadığı yönündə bəyanatlarına gəlincə, F. Qəhrəmanlı bildirib ki, Milli Şuranın prezidentliyə vahid namizədi məsələsi gündəmə gələndə bununla bağlı da beş partiya AXCP-nin iştirakı olmadan razılaşmışdılar ki, prezident seçkilərinə bir neçə namizədlə iştirak məqsədəuyğundur. Ancaq sonradan müzakirələr zamanı AXCP Milli Şuradakı müttəfiqlərini inandıra bilib ki, Milli Şuranın prezidentliyə vahid namizədi ideyası daha uğurludur: "İndi də qərara qədər müxtəlif fikirlər ola bilər. Ancaq yəqin ki, biz ortaq məxrəcə gələ biləcəyik. Çünki Müsavat Partiyasının funksionerləri həm də partiyada bununla bağlı müzakirələrin davam etdiyini bildiriblər. Bu müzakirələr davam etməlidir. Yəqin ki, biz Milli Şura formatında bu məsələni müzakirə edib, ümumi maraqlara uyğun bir qərar qəbul edəcəyik".

AXCP sədrinin müavini MŞ-nin taleyinin şübhə altına düşüb-düşmədiyinə də münasibət bildirib: "Milli Şura elə bir qurum deyil ki, bir nəfərin ağzından çıxan söz əmr formasında bütün üzvlər tərəfindən müzakirəsiz qəbul olunsun. Milli Şuraya fərqli siyasi görüşləri, yanaşmaları olan partiyalar, vətəndaş cəmiyyəti institutları daxildir. Onların hər biri qərarların qəbul olunduğu dövrdə öz fikirlərini ifadə edirlər. Milli Şura üzvləri qərarları hər hansı göstəriş əsasında qəbul etmirlər, müzakirə əsasında qəbul edirlər".


AzNews.az
Bağla X