14:18
(077) 610-22-33

Müsavat Məclisinin sədri İbrahimbəyovu istefaya çağırdı

  • >
431 14 Noyabr 2013 12:10 | Siyasət

"Rüstəm İbrahimbəyov hər zaman söyləyir ki, ziyalıdır və siyasətə qarışmır. Düşünürəm ki, ziyalı və ağsaqqal kimi yenə də öz statusunda qalaraq, vəzifəsindən istefa verib, Cəmil Həsənlinin Milli Şuranın sədri olmasını irəli sürərsə, bu, Rüstəm İbrahimbəyova çox hörmət qazandırar. Eyni zamanda bu addım indiki şəraitdə Milli Şuranın işini yenidən qurması məsələsində bir başlanğıc və təkan olar".

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri, Milli Şuranın üzvü Arzu Səmədbəyli deyib.

Onun sözlərinə görə, indiki halda Milli Şurada Həmsədrlik İnstitutunun olmasını diktə edən heç bir şərt yoxdur. A. Səmədbəyli deyib ki, Həmsədrlik İnstitutunun yaradılması Milli Şuranın güclənməsinə təkan verəcək variant deyil: "Biz bu ideyanı uğurlu variant saymırıq. Bu gün Milli Şuranın strukturları təkmilləşdirilməli, qurum öz strukturlarında yeniliklər etməlidir. Ümumiyyətlə, bu təklif Rüstəm İbrahimbəyovun fikri kimi səslənib. Bundan əvvəl də Müsavat funksionerləri Həmsədrlik İnstitutunun olmasını və burada təkcə ziyalıların deyil, İsa Qəmbər və Əli Kərimlinin də təmsil olunmasını təklif etmişdilər. Lakin o zaman Rüstəm İbrahimbəyov qəti şəkildə bunun əleyhinə çıxmışdı".

A. Səmədbəyli qeyd edib ki, Milli Şurada həmsədrliklə bağlı partiya funksionerləri öz mövqeyini bildirib: "Konkret olaraq, Müsavatın bu məsələ ilə əlaqədar mövqeyi yoxdur. Yəni, bu təklif partiyalarda müzakirə olunsun deyə, bir çağırış yoxdur".

Müsavat funksioneri hesab edir ki, bu gün Rüstəm İbrahimbəyovun istefa verərək Milli Şuradan getməsi Həmsədrlik İnstitutu ideyasından daha uğurlu variant olardı: "Rüstəm İbrahimbəyov qəbul etsə, mənə elə gəlir ki, bu daha uğurlu variant olar, nəinki həmsədrlik institutu. Mən bunu bir təklif kimi irəli sürürəm və subyektiv fikrimdir. Rüstəm İbrahimbəyov bu və ya digər formada Milli Şura ilə əlaqə saxlayır. Amma nəzərə alaq ki, o ölkədən xeyli kənardadır və Milli Şura üçün uyğun olmayan bir şəraitdə fəaliyyət göstərir. Rüstəm İbrahimbəyovun Milli Şuranın formalaşmasında kifayət qədər rolu var. Lakin Milli Şura qalacaqsa, daimi bir orqana çevriləcəksə, strukturları formalaşacaqsa, qurum sədrinin Bakıda olması və proseslərə nəzarət etməsi vacibdir".

AzNews.az
Bağla X