“Milli Şura Rüstəm bəyə məxsusdur, hansısa partiyaya yox”- QALMAQAL

"Arzu Səmədbəyli həmişə obyektiv mövqe nümayiş etdirən siyasətçidir. Amma nədənsə o, budəfəki açıqlamasında subyektiv məqamlar nümayiş etdirib".


Bu barədə AzNews.az-a məlumat verən "El" hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevin sözlərinə görə, Milli Şuranın ideya müəllifi Rüstəm İbrahimbəyovdur.

Onun fikrincə, A.Səmədbəylinin R.İbrahimbəyova bu cür yanaşması həm də zərərlidir:

"Siyasətlə məşğul olmamaq o demək deyil ki, onun vətəndaş mövqeyi ortada deyil. Milli Şura Rüstəm bəyə məxsusdur. O, fəaliyyətini davam etdirəcəyi ilə bağlı Milli Şuraya məktubla müraciət edib. Mənə elə gəlir ki, bu məsələni Cəmil Həsənlinin Amerika səfərindən qayıdana kimi müzakirə mövzusu etmək düzgün deyil. Çünki ortada həm də Cəmil Həsənlinin mövqeyi var. Cəmil Həsənli birmənalı olaraq dedi ki, Həmsədrlik İnstitutu lazımdır. Ona görə ki, Milli Şuranın sədri var.

Daha sonra Rüstəm İbrahimbəyov ondan xahiş elədi ki, hələ ki mən ora gələ bilmirəm. Mən beynəlxalq məsələlərlə məşğulam. Siz də daxili məsələlərlə məşğul olarsan. Siz Həmsədrlik İnstitutunun yaranmasına razılıq ver. Bax, bu gün biz həmin mərhələdəyik. Bildiyimə görə, Rüstəm İbrahimbəyovun müraciətindən sonra Cəmil Həsənli də yola gəlib. Belə olduğu halda başqa təkliflərlə çıxış etmək, pozuculuq salmaq siyasi etikadan kənardır".

E.Quliyev qeyd edib ki, bu kimi məsələləri nə Arzu Səmədbəyli, nə Arif Hacılı, nə də Rüstəm İbrahimbəyov həll edir: "Sessiya olmalı və bu məsələ müzakirəyə çıxarılmalıdır. Təbi ki bütün bunların başında isə Həmsədrlik İnstitutunun yaranması dayanır.

Müsavat öz funksionerləri vasitəsilə digər fikirlər sərgiləyir. Buna da hörmətlə yanaşırıq. Amma bunu da unutmayaq ki, hər hansı fikrə hörmətlə yanaşanda o fikri səmimiyyət dərəcəsi ilə ölçmək lazımdır. Yəni, bunlar fikirlərində nə qədər səmimidirlər. Mən Arzu, Arif bəyin açıqlamalarını oxuyuram. İstərdim ki, bu bəylərin açıqlamalarında səmimiyyət payı çox olsun. Eyni zamanda bir az da səbr etsinlər. Bunu nə Arzu Səmədbəyli, nə Arif Hacılı, nə də Rüstəm İbrahimbəyiv həll edir. Əsasnamədə göstərildiyi kimi bu cür məsələlər Milli Şuranın sessiyasında həll olunur. Milli Şura siyasi partiyaların şurası deyil. Milli Şura millətin şurası anlamındadır. Ziyalıların ön planda olması siyasi partiyalara divident gətirəcək".

Ali Məclis sədri onu da bildirdi ki, Cəmil Həsənlinin Amerika səfəri ərəfəsində Milli Şura sədri Rüstəm İbrahimbəyovla görüşü nəzərdə tutulmayıb.

Xatırladaq ki, Müsavat Partiyasının Ali Məclis sədri Arzu Səmədbəyli mətbuata açıqlamasında Milli Şura sədri ziyalı və ağsaqqal kimi yenə də öz statusunda qalaraq, vəzifəsindən istefa verib, Cəmil Həsənlinin Milli Şuranın sədri olmasını irəli sürərsə, bu, Rüstəm İbrahimbəyova çox hörmət qazandırar. O, eyni zamanda bu addım indiki şəraitdə Milli Şuranın işini yenidən qurması məsələsində bir başlanğıc və təkan olar.

Bahar Rüstəmli
AzNews.az