AXCP funksioneri İbrahimbəyovun müdafiəsinə qalxdı



"Azərbaycanın iki böyük ziyalısını qarşı-qarşıya qoymaq siyasətindən imtina etməliyik".
Bunu AzNews.az-a açıqlamasında AXCP-nin sədr müavini Nurəddin Məmmədli bildirib. O deyib ki, Milli Şurada həmsədrlik institutunun yaradılmasına üstünlük verir: "Bu məsələ ilə bağlı AXCP-nin qərarı yoxdur. Mən yalnız öz fikrimi açıqlaya bilərəm ki, bu da Rüstəm İbrahimbəyovun mövqeyi ilə üst-üstə düşür".

N. Məmmədlinin sözlərinə görə, müxalifət Azərbaycanın iki böyük ziyalısını üz-üzə qoymaq siyasətindən çəkinməlidir:

"Məncə hər iki ziyalının eyni statusla, qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətləri daha çox fayda verə bilər. Ümumiyyətlə, mən münaqişə yaratmaq taktikasının əleyhinəyəm. Əksinə birləşdirici ideyalara üstünlük verməliyik".

Xatırladaq ki, Müsavat Partiyasının funksionerləri mətbuata açıqlamalarında Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefa verməsini, onun yerinə isə professor Cəmil Həsənlinin təyin edilməsi təşəbbüsü ilə çıxış edir.

Bahar Rüstəmli
AzNews.az