“İbrahimbəyovun istefası gərginliyə son qoyacaq” – Milli Şura üzvü

"Rüstəm İbrahimbəyovun istefasının əsas səbəbi təşkilatdakı fikir müxtəlifliyinin gərginliyə çevrilməsinin qarşısını almaq olub".


Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı deyib. O bildirib ki, Milli Şuranın rəhbər strukturunun formalaşdırılması ilə bağlı qurumda fikir ayrılıqlarının olması siyasi arenaya bəllidir:

"Rüstəm İbrahimbəyov isə böyüklük və ziyalılaq nümayiş etdirərək, istefa verib. Bu hərəkəti ilə o, təşkilatdakı fikir ayrılığının qarşısını almaq istəyib. Mən bunu vaxtında atılmış addım kimi dəyərləndirirəm".

R. Manaflı Rüstəm İbrahimbəyovun istefasından sonra Milli Şuradakı gərginliyin dayanacağına ümid etdiyini də qeyd edib: "Əsas məqam sədrlik, yaxud da həmsədrlik məsələsidir ki, bu da öz həllini tapdı. Digərləri isə mübahisə ediləcək məsələlər deyil".

O, sədrlik məsələsi ilə bağlı mövqeyini də açıqlayıb: "İlk gündən həmsədrlik institutunun tərəfdarı olmamışam. Lakin Cəmil Həsənli və Rüstəm İbrahimbəyov həmsədrlik institutunun yaradılmasında israr etsəydilər, onların mövqeyi ilə də razılaşacaqdım".

Məhəmməd
AzNews.az