Nazirlər 2014-cü ilin əvvəlində yenidən görüşəcək

ATƏT-in Nazirlər Şurasının iclasında Minsk qrupu üzvü olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa işləri naziri Terri Repentin, ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland, eyni zamanda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qərara gəliblər ki, indiyə qədər əldə olunmuş nailiyyətlər fonunda Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həlli istiqamətində birgə iş davam etdirilsin.

AzNews.az-ın xüsusi müxbiri Kiyevdən xəbər verir ki, nümayəndə heyətlərinin rəhbərləri yaxın günlərdə keçirilən Azərbaycan-Ermənistan prezidentlərinin görüşünü alqışlayıb.

Ümid etdiklərini bildiriblər ki, bu, sülh danışıqlarının inkişafına təkan verəcək. Azərbaycan və Ermənistan xarici işlər nazirləri 2014-cü ilin əvvəlində yenidən göruşmək barədə razılıq əldə ediblər.

Nazirlər qeyd ediblər ki, region əhalisi münaqişənin həllini gözləyir və buna ümid edirlər.

Aynur
AzNews.az