06:01
(077) 610-22-33

Nalbandyan ilə görüşdə konkret məsələlər müzakirə olunub

  • >
273 5 Dekabr 2013 20:30 | Siyasət


Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü yanvarın sonuna planlaşdırılıb

Kiyev. Viktoriya Dementyeva-APA. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti görüşü gələn ilin yanvarın sonuna planlaşdırılıb. APA-nın məlumatına görə, bu barədə bu gün jurnalistlərə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bildirib.

Nazir erməni həmkarı Edvard Nalbandyan ilə Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində baş tutan görüşünü də şərh edib: "Azərbaycan və Ermənistan prezidentləri Vyanada baş tutan görüşlərindən sonra XİN rəhbərlərinə orada razılaşdırılmış bir neçə məqamlar əsasında danışıqları davam etdirilməsinə dair tapşırıqlar veriblər. Nalbandyan ilə görüş əvvəlcə təkbətək formatda, daha sonra isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə geniş tərkibdə keçirilib. Biz bu məqamların müzakirəsini onlarla da davam etdirdik. Və razılığa gəldik ki, Ermənistan XİN rəhbəri ölkəsinin prezidentini görüşün nəticələri və bizim mövqe barədə məlumatlandırsın. Mən də, öz növbəmdə, görüşün nəticələri və Ermənistanın mövqeyi barədə prezidenti məlumatlandıracam.

Dekabrın 16-dan sonra həmsədrlərin bölgəyə növbəti səfəri zamanı biz onlara cavabımızı bildirəcəyik. Ehtimal ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü yanvarın sonunda baş tutacaq", deyə E. Məmmədyarov.

Onun sözlərinə görə, bu görüşü əvvəlkilərdən fərqləndirən cəhət ondan ibarət olub ki, bu dəfə konkret məsələlər müzakirə olunub: "Biz hələ dünən keçirilən danışıqlarda konkret məsələlərə toxunaraq onları müzakirə etdik. Deyə bilərəm ki, Kazanda keçirilmiş görüşdən sonra konkret məsələlər müzakirə olunmamışdı. Dünənki görüşdə isə biz konkret məsələlərə toxunduq. Onları mən hələlik açıqlaya bilmərəm".

Nazir qeyd edib ki, onun erməni həmkarı Edvard Nalbandyan ilə görüşü 4 saatdan çox davam edib. "Hər hansı bir razılığa gəldiyimizi deyə bilmərəm. Çünki Azərbaycan və Ermənistanın mövqeləri fərqlidir. Lakin biz müzakirələri davam etdirəcəyik", deyə Elmar Məmmədyarov əlavə edib.


AzNews.az
Bağla X