22:15
(077) 610-22-33

YAP funksioneri: “Milli Şurada Müsavatı aldatdılar”

  • >
280 6 Dekabr 2013 13:14 | Siyasət

"Rüstəm İbrahimbəyovun salamlarını çatdırmaq üçün Müsavatın funksionerləri növbəyə durardı. İndi onun üzünə dururlar. Hətta deyirlər ki, 2003-cü ildə ziyalılar müxalifətdə daha çox idi". Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, Milli Şuranın bünövrəsinin düzgün özüllər üzərində qurulmadığını dəfələrlə bəyan edib: "Baş verən son hadisələr bunu deməyə əsas verir ki, Milli Şuraya toplaşanların əsas məqsədi maddi maraq olub. Bu ideya Rüstəm İbrahimbəyova müəyyən ölkələrin bəzi dairələri tərəfindən verilmişdi. Həmçinin müxtəlif vədlər də verilmişdi. Hətta Milli Şuraya üzv olanlar da sədr seçən zaman bilirdilər ki, Rüstəm İbrahimbəyovun xarici vətəndaşlığı və öhdəliyi var. Qanunvericilik də onun namizəd olmasına imkan vermir. Bu məsələ dəfələrlə onların diqqətinə çatdırılsa da, Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürüldü".

S. Novruzov Milli Şura üzvlərini riyakarlıqda da ittiham edib: "Gürcüstana - Rüstəm İbrahimbəyovun yanına görüşə getmək, Tiflisdə onunla görüşmək, onun yanında oturmaqdan ötrü dava düşmüşdü. Bu proseslərin hamısının şahidi olduq. İndidə gördülər ki, hərə bir tərəfə dağılıb gedir, başladılar Rüstəm İbrahimbəyova qarşı ittihamlar irəli sürməyə. Bəs, necə olurdu ki, mitinqdə Rüstəm İbrahimbəyovun şəkilini qaldırırdınız?"

S. Novruzov deyib ki, Milli Şuraya toplaşanların yalnız bir məqsədi olub: "Məqsəd varlanmaq və maddiyat əldə etmək idi. Rüstəm İbrahimbəyov da yaxşı ssenaristdir. Bu uğursuz şəxsləri aktyor kimi yazdığı ssenaridə bir yerdə oynatdı. Sonda isə hamısı ilə xudahafizləşdi və fəaliyyətinin davamı ilə məşğul olmağa başladı. Bu ssenaridə Eldar Namazov və AXCP nə isə əldə edə bildi. Ancaq prosesdən Müsavat Partiyası kənarda qaldı. Burada ən çox aldadılan Müsavat Partiyası oldu. Bu işə rəhbərlik edənlər - "El" hərəkatının rəhbərləri isə ən çox maddiyat əldə etdilər. Məncə, Müsavat Partiyasının rəhbərliyində təmsil olunanların bir qrupuna bu puldan çatıb. Bəzilərinə isə çatmayıb. Müsavatdan olanların mediaya verdiyi açıqlamalara diqqət yetirdikdə, bunu ayırd etmək olar. Bu puldan çatmayanlar isə Milli Şuradan çıxmaq niyyətləri ilə bağlı sərt bəyanatlar verirlər".

YAP funksioneri müxalifət partiyalarını özlərinə hörmət qoymağa da çağırıb: "Hər bir siyasi partiya özünə hörmət qoyub gücünü gücünü bilməlidir. Əgər hansısa partiya bloka üzv olub, uğur qazanmaq istəyirsə, deməli, o təşkilat çox zəifdir. Məsələn, əvvəlcə elə təbliğat apardılar ki, guya, Milli Şura Azərbaycan müxalifətini birləşdirir. Sonra məlum oldu ki, buradakı 120 nəfərin 80-i AXCP ilə Müsavatın üzvüdür. Öz partiyan varsa və bu qurumu güclü hesab edirsinizsə, onda niyə bloka qoşulurdunuz?"

Məhəmməd
AzNews.az

Bağla X