06:17
(077) 610-22-33

Cəmil Həsənlidən İsa Qəmbərin dediklərinə REAKSİYA

  • >
275 6 Dekabr 2013 16:52 | Siyasət

"Mən İsa Qəmbərin "Azadlıq" radiosundakı çıxışına baxmamışam. Ola bilsin ki, onun fikirləri təhrif edilsin. Prezident seçkilərində 200 min civarında səs almağımla bağlı deyilənlər həqiqətə uyğun deyil. Mən seçkilərdə iştirak edən 20 faiz seçicinin 65 faizinin səsini almışam".

Bunu açıqlamasında Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli Şuranın üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbərin səsləndirdiyi "Cəmil Həsənli seçkilərdə 200 minə yaxın səs toplayıb" fikrinə münasibət olaraq bildirib.

İ.Qəmbər "Azadlıq" radiosundakı çıxşında bildirib ki, onlar üçün ən uğursuz seçkilərdən biri 2010-cu ildə olub:

"Amma 2010-cu ildə cəmisi iyirmi nəfər müsavatçını AXCP-Müsavat blokunun tərkibində seçkiyə buraxmışdılar, iyirmiyə qədər də cəbhəçini seçkiyə buraxmışdılar.

Həmin o iyirmi müsavatçı öz dairələrində hərəsi orta hesabla iki min nəfərdən səs almışdı.Yəni ki, həmin hesabla 125 dairədən söhbət gedəndə, həmin səsləri hesablasaq, 250 minə qədər səsdir. Bu il də prezident seçkilərində bütün demokratik düşərgə bir araya gələrək və Cəmil Həsənli kimi uğurlu, cəsarətli, intellektual bir şəxsiyyəti kəşf etdik əslində bir siyasi xadim kimi bu il- vahid namizəd kimi müəyyənləşdirərək seçkiyə getdik və yenə də 200 min civarında səs aldıq.

(MSK-nın rəsmi nəticələrinə görə, Cəmil Həsənli 204 642 səs alıb-R.X) Yəni bu, acı bir həqiqətdir, ancaq həqiqətdir, hər kəsin qəbul etməsi lazımdır ki, demokratik düşərgənin birləşməsi qələbəni təmin etmir. Demokratik düşərgənin vahid namizədlə seçkidə iştirakı qələbəni təmin etmir. Qələbənin təminatı digər şərtlərdədir". İ.Qəmbər hesab edir ki, MSK-nın C.Həsənlinin adına yazdığı rəqəmlər kifayət qədər həqiqətə yaxındır.

C.Həsənli isə İ.Qəmbərin dediklərilə razılaşmır. Onun sözlərinə görə, başqan müxalifətə verilən real səsləri azaldıb. Amma prezidentliyə keçmiş namizəd bu barədə ətraflı danışmaq istəmədi.

Araşdırmaya görə C.Həsənli İ.Qəmbərin ona verilən səsləri 3 dəfə azaltdığına işarə vurub. Diqqət yetirək.

C.Həsənli deyir: "Mən seçkilərdə iştirak edən 20 faiz seçicinin 65 faizinin səsini almışam".

Prezident seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 4 milyon 986 min 296 nəfərdir. Onun 20 faizi 1 milyon nəfər edir. C.Həsənliyə görə, seçkilərdə 1 milyon insan iştirak edib ki, onun da 65 faizi - 650 min nəfəri ona səs verib. Sabiq namizədin bu hesablamanı necə apardığını və həqiqətə nə dərəcədə yaxın olduğunu söyləyə bilmərik.

Fakt odur ki, İ.Qəmbər C.Həsənliyə 200 minə yaxın şəxsin səs verdiyini düşünür. Eyni düşərgədə təmsil olunan şəxslərin bu cür ziddiyyətli açıqlamalarının arxasında hansı məqamların durması düşündürücüdür. (teleqraf.com)

Bağla X