Asəf Quliyevdən Milli Şuraya sərt İTTİHAMLAR

"Artıq son günlər baş verən siyasi proseslər göstərdi ki, hakimiyyətə qarşı mübarizədə Milli Şura formatında birləşmək özünü aldatmaqdan başqa bir şey deyil".

AzNews.az-ın məlumatına görə, bunu "Xalq arzusu" hərəkatının təsisçisi, AXCP sədrinin sabiq müavini Asəf Quliyev "facebook"dakı səhifəsində yazıb.

Milli Şuradan və AXCP-dən istefa verdikdən sonra haqqında çoxlu söz-söhbət yayıldığını deyən A.Quliyev bildirib ki, kimlərinsə içində hələ də müəyyən suallar qalmaqdadır: "Mən o insanları başa düşürəm və zamanla öz əməlimlə sizin içinizdəki o mənfi fikirlərin yanlış olduğunu sübut edəcəyəm. Artıq istefamdan iki ay keçir. Çox məsələlərə aydınlıq gəldi, hadisələr duruldu. Milli Şuranın aparıcısı şəxsi də, digər üzvləri də istefa verdi. Bunu öncədən bir çoxları bilirdi, eləcə də mən. Düsünürəm ki, zaman hər şeyin qiymətini verəcək".

O, ittihamların tərəfdarı olmadığını da qeyd edib: "Qarşımızdakı məqsəd kimisə ittiham etmək yox, millətə, dövlətə sahib çıxacaq yeni bir gücün ortaya çıxarılmasıdır. Millət şəxsiyyətə dayanaqlı yox, ideologiyaya dayanaqlı bir gücün olmasına möhtacdır. Düşünürəm bu kimliyimizdən, mövqeyimizdən asılı olmayaraq hər birimizin milli və vətəndaşlıq borcumuzdur. Allah öz ədalətini millətimizdən əskik etməsin!".

AzNews.az