Azay Quliyev Yaponiya səfirliyinin nümayəndəsi ilə görüşdü

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci müşaviri, iqtisadiyyat departamentinin rəhbəri Takao İmanisi və səfirliyin "Ot kökü" proqramının əlaqələndiricisi Fumiye Suqiyama ilə görüş keçirilib.

Görüşdə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması, fəaliyyəti, milli və xarici QHT-lər üçün maliyyə müsabiqəsi haqqında qonaqlara ətraflı məlumat verib.

Şura sədri Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf yoluna diqqəti çəkərək Yaponiyanın analoji qurumları ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb.

Azay Quliyev Yaponiya ilə Azərbaycan arasında sosial məsələlərlə bağlı birgə qrant müsabiqələrinin təşkili, Azərbaycanda beynəlxalq QHT-tədris məktəbinin təsisi, regionlarda QHT-lərin inkişafına dəstək məqsədi ilə yeni resurs və təlim mərkəzlərinin yaradılması ilə əlaqədar təkliflərini səsləndirib.

Şura sədri Yaponiyanın ölkəmizdə təmənnasız olaraq həyata keçirdiyi iqtisadi, humanitar layihələrə görə də qonağa minnatdarlığını bildirdib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Takao İmanisi Yaponiyanın QHT sektoru və onların gördükləri işlər haqqında Şura sədrinə məlumat verib. Departament rəhbəri Yaponiyanın Beynəlxalq İnkişaf Agentliyinin QHT-lərlə iş təcrübəsinə malik olduğunu bildirərək, Şura sədrinin irəli sürdüyü təklifləri onlarla müzakirə edəcəklərini qeyd edib.

Görüşdə millət vəkili, "Lider Qadınlar" İctimai Birliyinin sədri Məlahət İbrahimqızı da iştirak edib.


AzNews.az