Bəzi QHT-lər xarici kəşfiyyata işləyir- İDDİA

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hüququ şəxlərin dövlət qeydiyyatı və dövlət reyestri", "Qeyri-hökumət təşkilatları haqqında" qanunlara dəyişikliklər edilməsi haqqında layihələrinin müzakirəsi zamanı bəzi QHT-lərin ünvanına sərt ittihamlar səslənib.

AzNews.az-ın məlumatına görə, deputat Zahid Oruc deyib ki, bəzi QHT-lər və onların rəhbərləri xarici kəşfiyyata işləyir və bununla da Azərbaycanın beynəlxalq imicinə zərbə vururlar. Z. Oruc xüsusi ilə Leyla Yunusun fəaliyyətinə münasibət bidirərək, onun Azərbaycanın mənafeyinə ciddi zərbə vurduğunu qeyd edib.

O, eyni zamanda ATƏT-in insan Haqları və Demokratik Təssisatlarının Varşa Bürosunu casusluq yuvası saydığını da deyib.
Deputat Fazil Mustafa qeydiyyatla bağlı məsələnin bu qədər sərtləşdirlməsinin yaxşı olmadığını bildirib.

Millət vəkili Elmira Axundova isə Ukraynada baş verən aksiyaların toxunaraq deyib ki, Ukraynada keçirilən aksiyaların dəstəklənməsi üçün xarici dövlətlərdən adıçəkilən ölkənin QHT-lərinə 15 milyon dollar pul verilib:

"Bu baxımdan hesab edirəm ki, bu qanunlara Azərbaycanda edilən dəyişikliklər vaxtında atılan addımlardır".

Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov hər iki qanuna edilən dəyişikliklərin hər hansı başqa bir niyətə xidmət etmədiyini deyib: "Burda məqsəd şəffaflıq, şəffaflıq, yenə də şəffaflıqdır".

Deputat Siyavuş Novruzov da bu məsələyə etirazların anlaşılan olmadığını deyib: "Sizin fəaliyyətiniz şəffafdırsa onda, nədən qorxursuz? Ömrü boyu şəffaflıqdan danışır, amma şəffaflıq məsələsi gələndə hay-küy salınır ki, QHT-lər sıxışdırılır. Burda məqsəd xarici mənbələrdən pul alıb ölkə əleyhinə fəaliyyət göstərən QHT-lərin qarşısını almaqdır".

AzNews.az