12:34
(077) 610-22-33

Aqil Abbas: “İbrahimbəyov xalqı söyəndə susdular, amma iqtidara bir söz deyən kimi xalq düşməni elan etdilər”

  • >
3 148 13 Avqust 2012 15:58 | Siyasət

Rəşad Məcid: “Siyasətə qoşulan ziyalılar hər şeyi göz önünə almalı idilər”


"Ziyalılar Forumu"nda bir araya gələn ziyalılarla hakim partiya təmsilçiləri və onlara yaxınlığı ilə seçilən siyasilərin ittihamedici polemikası xeyli müddətdir davam edir. Görunən odur ki, tərəflər hələ ortaq mövqe tapa bilmir.

Millət vəkili, tanınmış yazıçı Aqil Abbas AzNews.az-ın əməkdaşı ilə söhbətində münasibətlərin belə bir səviyyədə olmasını arzulamadığını deyib: "Əvvəla ziyalıların bir-birinə qarşı münasibətlərinin bu formada olmasını istəməzdim. İkinci bir tərəfdən də bu, təkcə bizdə müşahidə olunmur. Dünyanın hər yerində-Rusiyada, Gürcüstanda, digər ölkələrdə də belədir. Demokratiyadır, sən də öz sözünü de, mən də öz sözümü deyim. Amma mən onların bir-birini təhqir etmələrini istəməzdim".

Həmçinin, bu insanların dünənə kimi iqtidardan bütün titulları aldıqlarını, deputat seçildiklərini, ordenlə təltif edildiklərini vurğulayan A.Abbas qeyd edib ki, elə adamlar var ki, iqtidarın hər cür qayğısını görüb, amma öz mənafeyinə toxunan məsələ olanda hər şeyi unudur: "Bax, o zaman yaxacırma başlayıb və keçib olurlar başqa cəbhənin adamları. Yaxud da dünənə kimi qatı Elçibəyçi olub, "Elçibəy yolunda ölümə gedərəm" deyib, amma sonradan Elçibəyi yıxan bir adamın partiyasına sədr getməsini də mən qəbul etmirəm, bunun əleyhinəyəm. Ziyalı bir qədər böyük anlayışdır. Hər universiteti bitirən, hər elmlər doktoru da ziyalı sayıla bilməz. Bir neçə il bundan əvvəl Rüstəm İbrahimbəyov xalqı təhqir etdi, yurd-yuvasından məcburi köçkün düşənlər, rayon, kənd camaatı haqqında agzına gələni dedi. Hamı susdu, heç kim, heç nə demədi. Nə iqtidardan, nə də müxalifətdən kimsə "ay qardaş, niyə belə deyirsən?"-deyən tapıldı. Bir-iki jurnalist cavab verdi. İndi necə olur ki, iqtidarın əleyhinə bir söz deyən kimi, hamı qalxıb, düşüb ortalığa? Belə çıxır ki, xalqı təhqir etmək olar, amma iqtidara bir söz deyən kimi xalq düşməni olursan? Bu vəziyyətin yaranmasının səbəbi də ondadır ki, dünənə kimi Azərbaycanda heç kimin tanımadığı adi bir alimi iqtidarın xırda bir səhvi üzündən milli qəhrəmana çevirirlər. Kimisə bu dərəcədə şişirtmək olmaz. Azərbaycanda heç kəs oturub güzgüyə baxıb qüsurlarını tapmır, çünki bu ölkənin güzgüləri çoxdan qırılıb. Güzgü mətbuatdır. Onlar da bölünüb, yarısı birinə, dıgər yarısı da bir başqasına xidmət edir".


"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə AzNews.az-a bu proseslərə təbii hal kimi yanaşdığını deyib: "Hesab edirəm hökumətin hansısa fəaliyyətinə qarşı çıxılırsa, iddiasını ortaya qoyursa, bu, artıq siyasətə qatılmadır, siyasi addım atmaqdır. Siyasi proseslərə qoşulduqdan sonra artıq qarşılıqlı ittihamların müşahidəsi də təbiidir. Ziyalı ona qarşı hər hansı ittihamdan sığortalanmayıb. Siyasətdə elə metodlar var ki, onlar adi münasibətlərdən daha fərqlidir, daha amansız, daha qəddardır. Bu mənada siyasətə qoşulan ziyalılar bunları göz önünə almalıdır. Bilməlidirlər ki, siyasətin çox fərqli metodları olduğundan qadağan olunmuş qəfil zərbələrdən də dada bilərlər. Ona görə də siyasi proseslərdə belə şeylərin baş verməsi onun ziyalı, yaxud da qeyri-ziyalı olmasına baxmır. Əgər siyasətə qatılırsa, deməli, onun ağrı-acılarına da dözməlidir".


Gültən

AzNews.az


Bağla X