12:26
(077) 610-22-33

Sərdar Cəlaloğlu: “AXCP və Müsavatın birliyi qeyri-səmimidir“

  • >
1 392 15 Avqust 2012 13:16 | Siyasət

AXCP və Müsavat partiyaları arasında gərginlik olduğu partiya yetkililəri tərəfindən qəbul edilməsə də, müşahidələr bunun əksini göstərir. AXCP və Müsavat üzvləri arasında kəskin fikir ayrılıqları, mübahisələr, qarşılıqlı ittihamlar sosial şəbəkələrdəki müzakirələrdə xüsusən nəzərə çarpır. Bu mübahisələr bəzi hallarda təhqir səviyyəsinə çatır. Lakin Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu hesab edir ki, AXCP və Müsavat Partiyası arasında vəziyyəti gərginləşdirmək istəyənlərin fəaliyyəti "facebook"dan kənara çıxmır.

T. Yaqublu APA-ya bildirib ki, partiyalar arasında ideoloji fərqlər yoxdur. Yaranan mübahisələr isə daha çox fərdi keyfiyyətlərlə bağlıdır: "Bir qrup insan var ki, özünü daha çox haqlı və mübariz sayır. Lakin bu insanların sayı AXCP-Müsavat münasibətlərini müəyyənləşdirəcək dərəcədə deyil. Bu şəxslərin bir fəaliyyət meydanı var, o da sosial şəbəkələrdir". T. Yaqublu qeyd edib ki, reallıqda bu iki partiya bir yerdə fəaliyyət göstərir: "Partiyaların rəhbərliyində də hər hansı düşmənçilikdən və qərəzdən söhbət gedə bilməz. Eyni hədəfi götürmüş insanların seçdikləri taktiki yollarda fərqliliklər yaşanır. Münasibəti gərginləşdirmək istəyən, özünü də daha üstün bilən şəxslər isə çoxluqda deyillər".

AXCP sədrinin müavini Gözəl Bayramlı isə APA-ya açıqlamasında partiya üzvləri arasında yaşanan mübahisəni səngitmək üçün bir müddət əvvəl "facebook"da həmin şəxslərə müraciət ünvanladığını deyib: "Tərəflər arasında olan narazılıqları qarşıdurma kimi dəyərləndirmirəm. Bu daha çox polemika səviyyəsində olur. Ciddi dərin qarşıdurmanın olduğu qənaətində də deyiləm. Sosial şəbəkələrdə yazılan fikirlər insanların müdaxiləsi, səmimi münasibəti və ya bəzən partiyaların rəhbərlərinin müdaxiləsi nəticəsində həll olunur. AXCP-nin mövqeyi belədir ki, müttəfiqlərlə normal münasibətləri saxlamaq və inkişaf etdirmək lazımdır". Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə AXCP və Müsavat arasında gərginliyi qrup və fərdi maraqların önə çəkilməsi ilə izah edir.

O, APA-ya açıqlamasında deyib ki, belə olan halda ziddiyyətlər qaçılmaz olur. S. Cəlaloğlu iki partiya, eləcə də onların təmsil olunduqları İctimai Palata daxilində gərginliyin müxalifət düşərgəsində çoxlarına bəlli olduğunu da qeyd edib: "AXCP və Müsavatın İctimai Palatadakı münasibətini "mehriban düşmən" kimi obrazlı xarakterizə etməsək də, bu birliyin qeyri-səmimi olduğu göz qabağındadır. Bu, cəmiyyətə də bəllidir. Müxalifətin bu qurumda birləşməməsinin səbəbi də həmin gərginlikdir. Əgər prezident seçkiləri ilə bağlı müxalifətin geniş birliyi yaranarsa və AXCP ilə Müsavat da burada təmsil olunarsa, İctimai Palatanın ömrü uzun olacaq. Yox, İctimai Palata seçkilərdə təkbaşına iştiraka iddialı olarsa, qurum dağılacaq".

AzNews.az
Bağla X