Milli Şuradan “gizli siyahı” ilə bağlı açıqlama


Demokratik Qüvvələrin Milli Şurasının Sədr Aparatının iclası keçirilib.


Milli Şuranın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qurumun rəhbəri Cəmil Həsənlinin sədrliyi ilə keçirilən toplanıtda Milli Şuranın 2014- cü il üçün qəbul olunmuş fəaliyyət istiqamətində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

İclasda prezident seçkilərinə dair ATƏT-in yekun rəyi ilə bağlı ictimai müzakirələrin keçirilməsi barədə iş bölgüsü aparılıb.

Toplantıda həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı toplantının keçirilməsinə hazırlıq məsələləri, siyasi motivlərlə həbs olunan şəxslərin müdafiəsi, eləcə də "Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanuna edilən dəyişikliklərin aradan qaldırılması istiqamətində vətəndaş cəmiyyəti institutlarına dəstək verilməsi ilə bağlı müzakirələr aparılıb.

Məlumatda o da qeyd olunub ki, son günlər bəzi mətbuat orqanlarında Milli Şuranın idarəetəmə qurumunun formalaşması və qurumun tərkibi ilə bağlı gizli siyahının mövcudluğuna dair məlumatlar dərc olunur. Bununla əlaqədar olaraq Milli Şuranın Mətbuat Xidməti aşağıdakıları qeyd etməyi zəruri sayır:

"Sessiyalar arası dövrdə Milli Şuranın işlərini koordinasiya edəcək qurumun tərkibi ilə bağlı hər hansı gizli siyahı yoxdur. Bu istiqamətdə bəzi KİV-lərdə gedən məlumatlar reallığı əks etdirmir.

Hələ Milli Şura yeni formalaşan mərhələdə Rüstəm İbrahimbəyovun iştirakı ilə keçirilən Tiflis görüşündə razılıq əldə olunmuşdu ki, fəaliyyəti koordinasiya etmək üçün Sədrin yanında Məşvərət Şurası və ya Koordinasiya Şurası yaradılsın və bu quruma Milli Şuraya daxil olan partiya sədrləri və komissiya rəhbərləri daxil edilsin.

O zaman bu istiqamətdə ümumi razılıq olsa da razılığı reallaşdırmaq mümkün olmadı. Hazırda Milli Şuranın fəaliyyətinin güclənməsi istiqamətində müəyyən müzakirələr aparılır. Müzakirələrin predimetlərindən biri də qurumun idarəetməsi ilə bağlıdır. İdarəetmə qurumunun formalaşması ilə bağlı variantlardan biri də yuxarıda qeyd olunan variantdır.

Başqa variantlar da mümkündür. Amma idarəetmə qurumunun adı, tərkibi, sayı və s.-lə bağlı hər hansı gizli siyahı yoxdur və ola da bilməz. Milli Şura demokratik bir qurumdur və demokratik qaydada idarə olunur. Bütün məsələlər isə Milli Şuranın qarşıdan gələn sessiyalarında müzakirə olunub qurum üzvlərinin iradəsi ilə həll olunacaq".

AzNews.az