İbrahimbəyovdan Müsavatın Milli Şuradan çıxmasına münasibət

"Rüstəm İbrahimbəyov hesab edir ki, Müsavat Partiyasının gedişi Milli Şurada hələ hər şeyin itirilməsi demək deyil".


Bunu AzNews.az-a açıqlamasında "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.



O bildirib ki, Müsavat Partiyasının Milli Şuradan çıxması qərarı açıqlandıqdan sonra Rüstəm İbrahimbəyovla aralarında telefon danışığı olub və söhbətdə Milli Şuradakı vəziyyət müzakirə olunub.

E. Quliyev qeyd edib ki, R. İbrahimbəyov Milli Şuranın müəllifi və arxitekturudur. Bu baxımdan da Milli Şura onun bu qurumda qalmasını tələb etməlidir: "Milli Şura bundan sonra da mübarizəsini davam etdirəcək. Təbii ki, bu mübarizə sağlam qüvvələrlə aparılacaq. Düşünürəm ki, təcili olaraq, sessiya çağırılmalıdır. Çünki vəziyyət çox qəliz və mürəkkəbdir".

"Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən istefa verməsi ilə bağlı yazdığı məktubdan sonra onu mövqeyindən daşındırmaq mümkündürmü?" sualını cavablandıran E. Quliyev bildirib ki, R. İbrahimbəyovun məktubu bəzi dairələr tərəfindən düzgün dəyərləndirilməyib:

"O, Milli Şuraya məktub göndərdi. Rüstəm bəy təzyiqləri nəzərə alıb fəxri sədrlikdən getməklə bağlı xahiş edib. O yazıb ki, əgər həqiqətən mənim fəxri sədrliyim Milli Şuranın fəlaiyyətinə mane olursa, gedə bilərəm. Amma onun məktubu sessiyada müzakirə olunmayıb. Yəni, bu o deməkdir ki, Rüstəm bəy hələ də Milli Şuranın fəxri sədridir. Biz qərar qəbul edib, onunla danışıb və fəaliyyətini davam etdirməsinə dair razılığını almalıyıq".

Ali Məclis sədri onu da vurğulayıb ki, Milli Şura fəaliyyət proqramı da təqdim etməlidir.

Bahar Rüstəmli
AzNews.az